İran ABŞ-ın Yaxın Şərqdə bazasının qalmasına imkan verməyəcəyini iddia edir
17 Avqust 2026
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.
"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.
"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək",- agentlik Hatəmidən sitat gətirib.
Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb.
"Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur", - general-leytenant bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı razılaşmaları pozmaqda ittiham edərək İrana qarşı irimiqyaslı zərbələri bərpa edib.
Avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma əldə etmək üçün İrana qarşı planlaşdırılan zərbənin ləğv olunduğunu bildirib.
Avqustun 5-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun koordinatlarını razılaşdırıb. Bununla yanaşı, o qeyd edib ki, razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur və ABŞ-nin hərəkətlərindən asılıdır.