İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayıb
23 Avqust 2026
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
"Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
İlham Əliyev abidənin önünə əklil qoydu.
Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə "Yangi Uzbekiston" ("Yeni Özbəkistan") kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.