Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüz boğazı yaxınlığında üç tankerə hücum edilib

Çərşənbə axşamı Hörmüz boğazı yaxınlığında üç tankerin hücuma məruz qalması nəticəsində regionda dəniz təhlükəsi səviyyəsi "ciddi"yə qaldırılıb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) "X" sosial şəbəkəsində paylaşılan məlumatında deyilir.

Qeyd olunub ki, iyulun 7-də BƏƏ-nin Xor Fakkan şəhərindən 16 dəniz mili şərqdə tankerə hücum barədə məlumatlar daxil olub. Heyət Oman boğazından çıxarkən gəminin sol göyərtəsinə naməlum mərminin dəydiyini bildirib. Gəmi ən yaxın limana doğru hərəkətini davam etdirə bilib, zərərçəkənlər barədə məlumat verilməyib.

Daha bir gəmi Omanın Müsəndəm yarımadasından 6 dəniz mili şərqdə naməlum mərminin dəyməsi və cüzi struktur zədələnmələri barədə məlumat verib. Tələfat və ya ekoloji zərər barədə infromasiya yoxdur, gəmi ən yaxın limana doğru hərəkət edir.

Omanın Lima rayonundan 8 dəniz mili şərqdə, tanker Oman boğazı vasitəsilə cənub istiqamətində hərəkət edərkən sol göyərtəsindəki maşın şöbəsinə naməlum mərminin dəydiyini və bunun yanğına səbəb olduğunu bildirib.

"SEPAH tərəfindən radio çağırışları və marşrut üzrə göstərişlər şəklində təzyiqlər, xüsusən də avtomatik identifikasiya sistemi işə salınmış gəmilərə qarşı davam edir", - qurumdan əlavə edilib.

UKMTO-nun məlumatına görə, Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyi sabit olaraq qalıb, gəmilər həm Omanın cənub dəhlizi, həm də İranın nəzarətində olan şimal marşrutu ilə tranzit keçidini davam etdiriblər. ABŞ-nin dəstəyi ilə həyata keçirilən tranzit artan təhlükə səviyyəsinə baxmayaraq, fasiləsiz icra edilib.