HƏMAS Qəzza zolağındakı hökumətini buraxdığını elan edib
08 İyul 2026
ABŞ, İsrail və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS Qəzza zolağındakı hökumətini buraxdığını və mülki idarəçiliyi texniki komitəyə təhvil verməyə hazırlaşdığını elan edib. "The Associated Press"in məlumatına görə, qruplaşma rəsmiləri bu qərarın ABŞ-nin vasitəçiliyi ilə İsraillə əldə olunmuş atəşkəs razılaşması çərçivəsində qəbul edildiyini bildiriblər.
HƏMAS rəsmisi İsmayıl ət-Təvabtənin sözlərinə görə, səlahiyyətlərin ötürülməsi başa çatana qədər dövlət xidmətlərinin fəaliyyətini qorumaq üçün yalnız texniki və inzibati heyət vəzifəsinin başında qalacaq.
Fələstin tərəfi mülki işlərin idarə olunmasını Əli Şaatın rəhbərlik etdiyi texnokratlardan ibarət milli komitənin üzərinə götürəcəyini açıqlayıb. Hakimiyyət keçidini təmin etmək üçün dövlət qurumları, Fələstin qruplaşmaları və müstəqil xadimlərin iştirakı ilə artıq işçi qrupun yaradıldığı iddia olunur.
Yaxın günlərdə Qahirədə HƏMAS, digər Fələstin qruplaşmaları və beynəlxalq vasitəçilər arasında atəşkəs sazişinin icrasına dair danışıqlar davam etdiriləcək. Hazırda əsas mübahisəli məqam HƏMAS-ın tərksilah olunmasıdır. Mərhələli yanaşmanın tərəfdarı olduğunu bildirən qruplaşma bu prosesin İsrail qoşunlarının Qəzzadan çıxarılması ilə paralel aparılmasını tələb edir.
İsrailin xarici işlər naziri Gideon Saar isə hökumətin buraxılmasının HƏMAS-ın hərbi nəzarətdən əl çəkməsi mənasına gəlmədiyini bəyan edib. Onun sözlərinə görə, hərəkat Qəzzada "Hizbullah modeli"ni tətbiq etmək istəyir; yəni mülki administrasiya gündəlik qayğılarla məşğul olduğu halda, silahlı qruplaşma təhlükəsizlik rıçaqlarını öz əlində saxlayır.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirmişdi ki, Qəzzanın bərpası yalnız HƏMAS-ın tam tərksilah olunmasından və bölgənin demilitarizasiyasından sonra mümkündür. Netanyahu bu şərtlər yerinə yetirilmədən İsrailin heç bir bərpa layihəsinə razılıq verməyəcəyini vurğulayıb.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir.