Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanın keçmiş baş nazirinə 5 il həbs və cərimə kəsildi

Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlandığını açıqlayıb. Qurum bildirilir ki, ona cəza növü olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qaribaşvili xüsusilə külli miqdarda gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, əlavə cəza olaraq 1 milyon lari (təxminən 370 min ABŞ dolları) məbləğində cərimə ödəməlidir. Bundan başqa, "cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində axtarış zamanı götürülmüş" pul vəsaiti dövlətin xeyrinə müsadirə olunacaq.

Prokurorluq İ.Qaribaşvilinin törətdiyi cinayəti etiraf etdiyini, prosessual razılaşmanın şərtləri ilə razılaşdığını bildirir. Bu razılaşma bağlanmasaydı, Qaribaşvilini 9 ildən 12 ilədək həbs cəzası gözləyirdi.

Vəkili keçmiş baş nazirin artıq penitensiar müəssisəyə köçürüldüyünü açıqlayıb.

Daha öncə açıqlanan rəsmi bilgiyə görə, Qaribaşvili dövlət vəzifəsində olduğu dövrdə "gizli və ört-basdır edilmiş şəkildə" müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olub, qeyri-qanuni mənşəli xüsusilə külli miqdarda gəlirlər əldə edib, əmlak vəziyyəti barədə bəyannamələrdə düzgün olmayan məlumatlar göstərib.

2025-ci il oktyabrın 17-də Qaribaşvilinin mənzilində axtarış zamanı 6.5 milyon ABŞ dolları aşkarlanaraq götürülüb.

Oktyabrın 24-də məhkəmə onun barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib və girov daşınmaz əmlakla təmin olunub. Onun ölkədən çıxışına da qadağa qoyulub.

İ.Qaribaşvili Gürcüstan hökumətinə iki dəfə rəhbərlik edib, milyarder Bidzina İvanişvilinin ən yaxın silahdaşlarından biri olub. 2024-cü ilin aprelində ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasətdən tam getdiyini elan edib.