Gələn həftədən çaylardan, göllərdən istifadə ödənişli olacaq - Məbləğlər
26 Avqust 2026
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.
Ölkə başçısı ötən ilin dekabrında “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalamışdı.
Həmin fərmanın icrası ilə də bağlı Baş nazir Əli Əsədov bu il aprelin 14-də qərar verib.
Qərar hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin texniki qurğu, avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
Su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.
Məsələn, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çaylardan, göllərdən (eyni həcimdə) 4, yeraltı sulardan (yenə eyni həcimdə) suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.
Çay və göllərdən suyun istifadəsinin pullu olması heç də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bunun fərdi təsərrüfatla məşğul olan bir sıra insanların fəaliyyətinə mənfi təsir göstərəcəyi güman edilir.
Amma rəsmilər də su ehtiyatlarından daha səmərəli istifadəni vacib sayırlar.
Bu ildən Azərbaycanda özəl sektor gəlir vergisinə cəlb edilib, bir sıra sahələr üzrə cərimə və rüsumlar da artıb. Ekspertlər ilin əvvəlində bunu ölkənin əsas gəlir mənbəsi olan neft istehsalının azalması ilə izah edirdilər. Hərçənd, bu il Yaxın Şərqdə gərginliyin artması neftin kəskin bahalaşmasına səbəb olub.