Ermənistan vətəndaşlığı üçün müraciətlər kəskin artıb. 'Tələblər sərtləşdirilməlidir'
18 Avqust 2026
Yerevan ikili vətəndaşlıq almaq istəyən etnik erməni əcnəbilər üçün qanuni tələbləri sərtləşdirməlidir. Bunu Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan avqustun 14-də bildirib.
O, son bir neçə ildə vətəndaşlıq üçün müraciətlərin kəskin artdığını söyləyib.
“Onların sayı 2025-ci ildə 32 mini keçib ki, bu da Ermənistan tarixində rekord göstəricidir”, – nazir müavini vurğulayıb. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti Rusiyadan etnik ermənilərdir.
Qazaryan onu da əlavə edib ki, etnik ermənilər üçün Ermənistan vətəndaşlığı ilk növbədə səyahət sənədi deməkdir. Belə ki, Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Qərb ölkələri Rusiya vətəndaşlarına ciddi səyahət məhdudiyyətləri tətbiq edir.
Nazir müavini bu problemin həll edilməli olduğunu, tezliklə bu problemin həllindən ötrü qanunvericilik dəyişiklikləri layihəsi təqdim edəcəklərini vurğulayıb
Ermənistan qanunlarına görə, ölkədə ən azı üç il yaşayan, rəsmi dildə danışan, konstitusiya ilə tanış əcnəbilər Ermənistan vətəndaşı ola bilərlər. Bu tələblər diaspor ermənilərinə aid deyil.
Ermənistanda azı 60 gün qalarlarsa...
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) 2022-ci ilin iyulunda təklif etmişdi ki, diaspor erməniləri yalnız son iki ildə ölkədə azı 60 gün qalarlarsa, sürətli ikili vətəndaşlıq ala bilsinlər. MTX bildirib ki, bu amil dünyanın digər yerlərinə daha asan köç etmək istəyənlərin, "erməniliklə heç bir əlaqəsi olmayan" şəxslərin Ermənistan pasportu almaq üçün müraciətlərini minimuma salacaq.
Təhlükəsizlik xidməti Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən olan, ABŞ və Avropa İttifaqının ciddi viza qadağalarına məruz qalan etnik ermənilərin istisna təşkil etdiyini bildirib. Xidmətin hazırladığı qanun layihəsi Ermənistan parlamentinə təqdim olunmayıb.
Qazaryan deyib ki, Ukraynadakı müharibədən əvvəl vətəndaşlıq üçün illik müraciətlərin sayı orta hesabla 7 min – 8 min arası idisə, 2023-cü ildə bu rəqəm 20 mini keçib.
Bu ilin birinci yarısında 14 min 770 nəfər Ermənistan pasportu alıb. Onların əksəriyyəti Qarabağdan olan qaçqınlardır. Bunu jurnalistlərə Ermənistan Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Nelli Davtianın deyib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bundan sonra Qarabağdan erməni əhali köç edib.