Elnur Məmmədov: Ermənistanda TRIPP üzrə mühəndislik işlərinə başlanılıb
25 Sentyabr 2026
Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb.
Bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə birgə bəyannamə imzaladılar, iki ölkənin xarici işlər nazirləri isə sülh sazişinin ilkin razılaşdırılmış mətnini imzaladılar. Bu, Cənubi Qafqaz regionunu firavan gələcəyə doğru istiqamətləndirən yolun əsasını qoyub. Bundan sonra Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycandan Ermənistana 60 min tondan çox yük daşınıb. Azərbaycan, həmçinin Ermənistana 20 min tondan çox neft məhsulları tədarük edib. Hazırda iki ölkə ikitərəfli sülh istiqamətində fəaliyyətlərini davam etdirir. Həmçinin, iki ölkənin telekommunikasiya operatorları yaxın zamanda internetlə bağlı saziş imzalayıblar ki, bu da etibarlılığın artırılmasına və infrastrukturun inkişafına dəstək verəcək”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin inkişafında əhəmiyyətli irəliləyiş əldə edilib.
Elnur Məmmədov qeyd edib ki, magistral yolun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq tikilib: “Qalan işlərin gələn ilin üçüncü rübündə tamamlanması gözlənilir. Hazırda TRIPP İnkişaf Şirkəti yaradılır. Artıq Ermənistanda mühəndislik işlərinə başlanılıb. Marşrutun Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissəsinin tikintisinin gələn ilin əvvəlində başlanması planlaşdırılır. Bu layihə strateji bağlantı və regional iqtisadi platformaya çevrilmək potensialına malikdir. O, Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək, həmçinin onları Trans-Xəzər şəbəkəsi ilə daha sıx əlaqələndirəcək. Xəritədən də gördüyünüz kimi, bu marşrut yüklərin daşınma müddətinin hazırda üç həftədən 12–15 günə qədər azaldılmasında mühüm rol oynaya bilər. Bu, daha geniş enerji sisteminin əlavə komponentinə çevriləcək, enerji mənbələrinin şaxələndirilməsini artıracaq, dayanıqlılığı gücləndirəcək və Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq imkanları yaradacaq”.