Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstan əhalisi siyahıya alınacaq - 42 illik fasilədən sonra

"Taliban" Əfqanıstanda ölkə əhalisinin siyahıyaalınmasını keçirməyi planlaşdırır.

Bu barədə "Taliban"ın nümayəndəsi, Əfqanıstanın müvəqqəti Nazirlər Kabinetində informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, dünən Nazirlər Kabinetinin sədri Molla Məhəmməd Həsən Axundun sədrliyi ilə Əfqanıstan hökumətinin iclası keçirilib. İclasda iqtisadiyyat və müxtəlif infrastruktur layihələri müzakirə olunub. İclasın sonunda ölkənin demoqrafik xidmətinin işi ilə bağlı məsələlər və Əfqanıstan əhalisinin siyahıyaalınmasının keçirilməsi barədə qərar qəbul edilib.

Bundan əlavə, müvəqqəti kabinetdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirlər, dini liderlərin ixtisaslarının artırılması zərurəti, səhiyyə sahəsində vəziyyət və trans-əfqan qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Məlumat üçün bildirək ki, Əfqanıstanda sonuncu dəfə əhalinin siyahıya alınması 1979-cu ildə aparılıb və onun nəticələrinə görə, ölkədə 15,5 milyon insan yaşayırdı. 2013-cü ildən 2018-ci ilə qədər BMT-nin dəstəyi ilə peyk şəkilləri və məsafədən zondlama texnologiyalarından istifadə etməklə əhalinin sayılması proqramı həyata keçirilib, lakin onun nəticələri təsdiqlənməyib.

Əfqanıstanın Milli Statistika və İnformasiya Bürosunun 2020-ci ilin sonuna dərc edilmiş hesablamalarına görə, ölkədə 32,9 milyon insan yaşayır, onlardan 16,8 milyonu kişi, 16,1 milyonu qadındır. Şəhər əhalisi 8 milyon nəfərə yaxın, kənd əhalisi 23,4 milyon, köçərilər 1,5 milyon nəfərdir.(Report)