Britaniyada aviabaza yaxınlığında terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
28 Sentyabr 2026
Bu gün Britaniya polisi 5 nəfəri terrorçuluq və partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə şübhəli bilərək saxlayıb və ABŞ Hərbi Hava Qüvvələrinin İrana qarşı zərbələri həyata keçirməsinə dəstək məqsədilə istifadə etdiyi aviabazanın yaxınlığındakı evlərdən sakinləri təxliyə edib.
Bu barədə “NBC News”-a məlumat yayıb.
London şəhərindən təxminən 90 dəqiqəlik məsafədə, İngiltərənin qərbindəki Uelford kəndinin yaxınlığında yerləşən "RAF Fairford" aviabazasının ətrafında genişmiqyaslı fövqəladə xidmət qüvvələrinin cəlb olunduğu “böyük insident” elan edilib.
Qlosterşir polisi bildirib ki, bazar günü səhər saatlarında aviabazaya doğru hərəkət edən üç şübhəli nəqliyyat vasitəsi barədə məlumat daxil olduqdan sonra əraziyə əməkdaşlar göndərilib və beş nəfər “Partlayıcı maddələr haqqında qanun çərçivəsində cinayət törətməkdə şübhəli bilinərək” saxlanılıb. Daha sonra həmin şəxslər terror aktı hazırlamaqda şübhəli sayılıblar.
Polis rəisinin köməkçisi Riçard O’Konnor bildirib ki, 85 evdən sakinlər təxliyə edilib və orduya məxsus partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi qrupu nəqliyyat vasitələrini araşdırarkən 440 yard (təxminən 402 metr) uzunluğunda təhlükəsizlik kordonu yaradılıb.
“Sky News“un helikopterdən çəkdiyi görüntülərdə aviabazanın yaxınlığında yerləşən bir neçə ağ furqonun bomba zərərsizləşdirmə robotu tərəfindən yoxlanıldığı görünür.
30 ildir Uelfordda yaşayan Culian Tudsberi Britaniyanın Press Association agentliyinə bildirib ki, başqa bir sakin kənddə üç şübhəli furqon gördüyünü xəbər verib. Tudsberi digər sakinlərlə birlikdə daha sonra yaxınlıqdakı istirahət mərkəzinə təxliyə edilib.
Endi Börnhemdən öncə Baş nazir postunu tutan Kir Starmer bu ilin martında ABŞ-a öz bazalarından İrana qarşı “konkret və məhdud müdafiə xarakterli” əməliyyatlar üçün istifadə etməyə icazə verib. İyul ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu Britaniyaya xəbərdarlıq edib ki, “İran ərazisinə müdaxilə etmək üçün istifadə olunan istənilən baza bizim qanuni hədəfimizdir”. İranın yarırəsmi “Tasnim” xəbər agentliyi bununla bağlı Fairforddan bombardmançı təyyarələrin uçuşlarına istinadən məlumat yayıb.
***
saat 16.03
Böyük Britaniya polisi ABŞ-ın İrana zərbələr endirmək üçün istifadə etdiyi “RAF Fairford” aviabazasında partlayıcılarla bağlı araşdırma aparır.
Bu barədə “Reuters“ məlumat yayıb.
Britaniya polisi bazar günü ABŞ-ın İran hədəflərinə zərbələr endirmək üçün istifadə etdiyi aviabazanın yaxınlığında bir neçə nəfəri partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə şübhəli bilinərək saxlayıb. Orduya məxsus bomba zərərsizləşdirmə üzrə mütəxəssislər nəqliyyat vasitələrini araşdırıb və yaşayış evlərindən təxliyə həyata keçirilib.
Britaniya hökuməti Baş nazir Endi Börnhemin hadisə ilə bağlı məlumatlandırıldığını bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu iyul ayında xəbərdarlıq edib ki, zərbələrdə istifadə olunan istənilən baza qanuni hədəf olacaq.
Reuters-in hadisə yerində olan şahidinin sözlərinə görə, silahlı polis əməkdaşları aviabazanın əsas girişinə gedən yolu bağlayıb, giriş məntəqələrinin qarşısında isə texnika yerləşdirilib. Yaxınlıqdakı kəndin sakinləri səhər tezdən yuxudan oyadılıb və evlərini tərk etmələri tələb olunub.
Aviabazanın yaxınlığındakı Fairford kəndində polis avtomobilləri, təcili yardım maşınları və yanğınsöndürən avtomobillər də daxil olmaqla, təxminən 30 fövqəladə xidmət nəqliyyat vasitəsi saxlanılıb. Ərazinin üzərində isə helikopter uçub.
Polis insidentin artıq nəzarət altına alındığını açıqlayıb.
Britaniya hökumətindən araşdırmalar davam etdiyi müddətdə hadisə ilə bağlı şərh verməyin düzgün olmayacağı bildirilib.