Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir milyon dollarlıq qoyun: Qırğızıstanda səs-küy salan yeni cins

Qırğızıstanda yetişdirilən qoyun cinsinin damazlıq qoçları qeyri-adi dərəcədə baha qiymətə alınıb-satılır.

Araşan cinsi 2021-ci ilin aprelində Qırğızıstanda rəsmi qeydiyyata alınıb. O vaxtdan nəhəng qoçların görüntüləri sosial mediada yayılıb və qiyməti kəskin artıb.

2023-cü ildə bir damazlıq Araşan qoçu 150 min dollara satılıb. Cinsin sonradan daha da bahalandığı bildirilir. Apreldə qoyun sərgisində toğlunun qiyməti 500 min dollara çatıb. Sentyabrın 19-da Bişkek yaxınlığındakı bir tədbirin ardınca Araşan quzusunun qazaxıstanlı fermerə rekord qiymətə - 1 milyon dollara satıldığı xəbərləri yayılıb.

"Bir milyon dollara satılan həmin quzunun adı Antibiotikdir", – alqı-satqı iştirakçılarını tanıdığını deyən qırğızıstanlı fermer Ulan Atabayev AzadlıqRadiosuna deyib.

Qazaxıstandakı alıcı isə AzadlıqRadiosunun suallarını vəkilinə yönləndirib. Vəkil isə bunu deyib: "Antibiotik adlı quzu damazlıq qoyunçuluqla məşğul olan Kuanış Mıktıbayevə böyük məbləğə satılıb".

Qırğızıstan Qoyunçular İctimai Birliyinin sədri Mirlan Satıbekov AzadlıqRadiosuna deyib ki, Araşan qoyunlarının bu qədər dəyərli olması onların iri gövdəsi, sürətlə böyüməsi, eləcə də Qırğızıstanın sərt iqliminə, relyefinə dözümlülüyü ilə bağlıdır: "Üstəlik, zahirən də çox gözəl qoyunlardır".

İki qoçu 275 min dollara satdığını deyirdi

Araşan qoyunları qiymətli cins hesab olunur, onlar qabarıq, "Roma burnu" adlanan burun quruluşu, uzun qulaqları və sallanan iri, piyli quyruqları ilə seçilir. Bu cins əsasən ətlik üçün yetişdirilir. Quzu və qoyun əti Mərkəzi Asiyada əsas qida məhsullarından biridir.

Satıbekovun sözlərinə görə, nəhəng damazlıq Araşan qoçlarından sürülərdəki növbəti nəslin çəkisini, ölçüsünü və bazar dəyərini artırmaq üçün istifadə olunur. Fermerlər öz qoyunlarını mayalandırmaqdan ötrü məşhur Araşan qoçlarının sahiblərinə böyük məbləğdə pullar ödəyirlər. Tanınmış qoçların balaları da digər qoyunçulara baha qiymətə satılır. Bu ilin əvvəlində qazaxıstanlı qoyunçu Mıktıbayev paylaşdığı videoda iki Araşan qoçunu bir özbəkistanlı həmkarına ümumilikdə 275 min dollara satdığını iddia edib.

AzadlıqRadiosunun jurnalisti Amos Çapl yazır ki, bəzi qırğızıstanlı şərhçilər Araşan qoyunları ətrafındakı bu bumu maliyyə piramidaları ilə müqayisə edirlər. İnternetdə damazlıq qoç almaq xatirinə riskli kreditlər götürən, hətta avtomobilini və ya evini satan şəxslər barədə xəbərlər dolaşır.

Damazlıq heyvanlardan fərqli olaraq, sıravi Araşan qoyununun real dəyəri ətin bazar qiyməti ilə ölçülür. Kəsilmiş bir Araşan qoyunundan təxminən 50-60 kiloqram təmiz ət əldə olunur. Hazırkı bazar qiymətləri ilə bu, bir neçə yüz dollar edir.

48 min Araşan

Araşan qoyunları 1970-ci illərdə Qırğızıstanın Kant şəhərində aparılan damazlıq-seleksiya təcrübələri nəticəsində ortaya çıxıb.

Hazırda Qırğızıstandakı ümumi qoyun sayının (təxminən 5.6 milyon baş) 48 minə yaxınını məhz Araşan qoyunları təşkil edir.

Bu cins üzrə çəki rekordu 2026-cı ilin iyununda qeydə alınıb - 236 kiloqram. Dünyada ev qoyunları arasında ən böyük çəki rekordu isə 1991-ci ildə Amerikada qeydə alınıb. Həmin vaxt Suffolk cinsindən olan nəhəng bir qoç tam 247.2 kiloqram gəlmişdi.

Qırğızıstanda ətin bahalanmasının qarşısını almaq üçün qoyun ixracına qadağa qoyulsa da bu yay Araşan cinsinə istisna tətbiq edilib.

Satıbekov deyir ki, son iki ayda təkcə Özbəkistana bu cinsdən 215 baş qoyun ixrac olunub. Rusiyadan, Moldovadan və Gürcüstandan fermerlər də sözügedən cinsə maraq göstərirlər.