Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bir gün deyə bilərlər ki, qadınlara evdən çıxmaq da qadağandır". Əfqanıstanda qadınlara parka getməyi qadağan ediblər


Kabilin mərkəzindəki əyləncə parkında "Şeytan çarxı"na, toqquşan maşınlara və sürətli qatara minmiş uşaqlar şən-şaqraq səslə qışqırışırlar.





Ataları ya onların yanında oturur, ya da kənarda dayanıb şəkillərini çəkirlər.





Bu, pis xəbərlərin çox olduğu Əfqanıstanda nadirən rast gəlinən xoşbəxtlik mənzərəsidir.





Ancaq indi analar uşaqlarının sevincini bölüşə bilmirlər, çünki "Taliban" qadınların Kabildə parklara getməsini qadağan edib.





Parkdakı attraksionlarda əylənənlər arasında onlarla talib də var.





Biz də daxil olmaqla, bütün qadınların gedə biləcəyi ən yaxın yer parkın kənarındakı restorandır.





Bir müddət əvvəl qadınların paytaxtdakı hovuzlara və idman zallarına da girişini qadağan ediblər.





Yeni məhdudiyyətlərin bütün ölkəyə şamil ediləcəyi gözlənilir.










tALİBAN Əfqanıstan Əfqaznıstanda həyat Kabil





Kişilər əvvəlki kimi attraksionlara minə bilərlər



"Taliban" yeni qadağalar tətbiq etdikcə, əfqan qadınlar və qızlar qarşıda onları nə gözlədiyini düşünüb narahat olurlar.





Bəziləri deyir ki, bu qaydalar əhalinin əksəriyyətinə təsir etmir, çünki axşam gəzintiləri indi çox adam üçün əlçatmaz lüksə çevrilib.





Ancaq bir çox əfqan qızını qorxudan məhdudiyyətlərin miqyası yox, simvolizmidir - baş verənlər 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirmiş "Taliban"ın əsas niyyətini ortaya qoyur.





"Biz, Əfqanıstanda yaşayan qızlar hər gün yeni məhdudiyyətlərlə üzləşirik. Sanki oturub onları gözləməklə məşğuluq", - tələbə qızlardan biri belə deyir (Təhlükəsizliyə görə adını yazmırıq).





"Bəxtim gətirib ki, mən orta məktəbi taliblər gələnə qədər bitirmişəm. Qorxuram ki, indi universitetlərə getməyi də qadağan edələr, arzularım ürəyimdə qala".





Bir müddət əvvəl, o, universitetə daxil olmaq üçün imtahan verib və görüb ki, seçmək istədiyi jurnalistika ixtisası artıq qadınlar üçün əlçatmazdır.





"Bunun necə ağır olduğunu təsvir edə bilmirəm. Bəzən bərkdən qışqırmaq istəyirəm. Ümidsizlik hiss edirəm", - gənc qız belə deyir.











Taliban Əfqanıstan Əfqanıstanda həyat Kabil





Yazda qadınlar hələ Kabil parklarına gedə bilirdilər




Əfqanıstanda qadınların işləyə biləcəyi sahələr get-gedə azalır, ona görə də bəziləri "Taliban"ın məhdudiyyətlərinə qarşı mübarizə üsulları tapmağa çalışırlar.





Fəal Leyla Basim qadınlar üçün yaradılmış kitabxananın qurucularından biridir. Burada müxtəlif mövzulara aid minlərlə kitab var.





"Biz taliblərə göstərmək istəyirik ki, əfqan qadınlar susmayacaqlar. İkinci məqsədimizsə qadınlara, xüsusən də təhsildən məhrum edilmiş qızlara kitab oxumaq mədəniyyəti aşılamaqdır", - Leyla belə deyir.





O, qadınlara tətbiq edilən məhdudiyyətlərin təşviş və kədər doğurduğunu deyir:





"Biz ölümdən qorxmuruq. Elə taliblərin ailələrimizi hədələyəcəyindən də. Biz cəmiyyətdən təcrid olunmaqdan qorxuruq. İtirdiyimiz azadlıqlarımızı düşünəndə çox kədərlənirəm. Başqa ölkələrdə Marsı tədqiq edirlər, amma biz burda təməl haqlarımız uğrunda mübarizə aparırıq".










Taliban Əfqanıstan Əfqanıstanda həyat Kabil





Təhdidlərə baxmayaraq Leyla Basim taliblərə qarşı mübarizə aparmaq əzmindədir



Qadın haqlarını müdafiə edən fəal Zərifə Yaqubi və daha üç nəfər bir neçə həftə əvvəl saxlanılıb. Taliblər BMT-nin və digər təşkilatların bu şəxsləri azad etməklə bağlı çoxsaylı çağırışlarına heç bir reaksiya verməyib.





Ötən həftə taliblər stadionda - minlərlə insanın gözü qarşısında üçü qadın olmaqla, 12 nəfəri qamçılayıblar.





İndiki vəziyyət "Taliban"ın 90-cı illərdə qurduğu rejimi getdikcə daha çox xatırladır.





"Taliblərin indiki siyasəti 20 il əvvəlki ilə eynidir. Biz onlara çatdırmaq istəyirik ki, 21-ci əsrdə bu, qəbuledilməzdir", - Leyla belə deyir.





Kitabxanadan maşınla bir neçə dəqiqəlik məsafədə əxlaq polisinin "əxlaqsızlığın profilaktikası və fəzilətin təşviqi" nazirliyinin ofisi yerləşir - əfqan qadınlar bura da girə bilməzlər.





Qurumun nümayəndəsi Məhəmməd Akif Mühacir deyir ki, "Qapının yanına bir qutu qoymuşuq, qadınlar şikayət məktublarını onun içinə ata bilərlər. Direktorumuz qadınlara hörmət etdiyi üçün qapıya çıxıb onlarla görüşür".





Mühacir əfqan qadınların parklara girişinin qadağan edilməsini doğru qərar hesab edir; deyir ki, orada islam qanunlarına və şəriət normalarına əməl edilmirdi:





"Biz 15 ay öz bacılarımıza parklara gedib əylənmək imkanı verdik. Onlara dedik ki, hicab taxsınlar, amma bəziləri buna əməl etmədilər. Bizdə qadınların və kişilərin parka fərqli günlərdə getməsi qaydası da vardı, amma buna da əməl etmədilər".





Biz Mühacirdən qadın hüquqlarını müdafiə edənlərin nə üçün təqib olunduğunu soruşduq, cavab verdi ki, "Hökumətin qərarlarına etiraz edənləri bütün ölkələrdə həbs edirlər. Bəzi ölkələrdə hətta öldürürlər. Biz bunu etməmişik. Amma kimsə milli maraqlara qarşı çıxarsa, təbii ki, onu susmağa məcbur edərlər".










Taliban Əfqanıstan Əfqanıstanda həyat Kabil





"Taliban"ın Əxlaq və Fəzilət Nazirliyinin nümayəndəsi insanların şəriət qanunlarına əməl etmədiyini əsas gətirərək məhdudiyyətlərə haqq qazandırır.



Taliblərin sözləri və hərəkətləri qadınlara, eləcə də siyasətlərini tənqid edən hər kəsə qarşı münasibətlərinin sərtləşdiyini sübut edir. Bu, "Taliban"ın keçən il hakimiyyəti ələ keçirdikdən sonra yaratmaq istədiyi mötədillik imicinə ziddir.





"Bir gün bizə deyə bilərlər ki, qadınlara artıq evdən çıxmaq da qadağandır. Əfqanıstanda hər şey mümkündür", - tələbə qız belə deyir.





Əfqan qadınlar beynəlxalq ictimaiyyətdən də ümidlərini kəsiblər.





Leyla Basim dünyanın onlardan üz çevirdiyini söyləyir:





"Bütün dünyada nüfuzlu adamlar İran qadınlarını dəstəkləyir, amma Əfqanıstan qadınlarını yox. Heç qəzetlər də burada bizim başımıza gələnləri birinci səhifələrində yazmırlar. Biz özümüzü yorğun və unudulmuş hiss edirik".