Bayramov və Mirzoyan arasında isti münasibət – Nazirlər nəyə gülürlər?
24 Sentyabr 2026
Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Nyu-Yorkda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) həsr olunmuş görüş keçirilib.
“Reuters” agentliyi xəbər verir ki, “InterContinental New York Barclay” otelində keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan da iştirak ediblər.
Görüş zamanı xarici işlər nazirləri yanaşı oturublar. Agentlik Ceyhun Bayramovun gülümsəyərək Ararat Mirzoyanın qulağına nəsə pıçıldadığını qeydə alıb. Öz növbəsində Mirzoyan da Bayramovun ona dediyi sözlərdən məmnun görünür.
Maraqlıdır ki, nazirlər arasında isti münasibət Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşünün tərəflər arasında narazılıq səbəbindən təxirə salındığı vaxta təsadüf edir.