Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda problemli kreditlər aybaay artır

Azərbaycanda vaxtı keçmiş kreditlər artmaqda davam edir.

Mərkəzi Bankın bu gün, avqustun 26-da açıqladığı hesabata görə, bu il avqustun 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manata çatıb.

Qurumun açıqlamasına görə, bu məbləğ iyulun 1-i ilə müqayisədə təqribən 4 milyona, iyunun 1-nə nisbətən isə 88 milyon manata yaxın çoxdur.

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 30 faizə yaxın, bir il əvvələ nisbətdə isə 36 faizdən çox artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını, hələlik, şərh etməyiblər. Müstəqil ekspertlər isə prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödədi. Bu addımdan sonra problemli kreditlər azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu, koronavirus pandemiyası ilə əlaqələndirildi.

2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı.

Amma son bir ildə, əsasən, əks proses müşahidə edilir.