Azərbaycana gələnlər də azalmaqdadır, gedənlər də
26 Sentyabr 2026
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 586 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 25-də yaydığı məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz azdır.
Gələnlərdən ən çox- 27.9 faizini Rusiya, 19.4 faizini Türkiyə, 7.8 faizini İran, 4.8 faizini isə Gürcüstan vətəndaşları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6.6 faiz artaraq 77.8 min, MDB ölkələrindən gələnlərin sayı isə 3.1 faiz artaraq 619.5 min nəfərə çatıb. Bunun əksinə olaraq, Körfəz ölkələrindən gələnlərin sayı 33.3 faiz azalaraq 192 min nəfərə düşüb.
Bu ilin səkkiz ayında ötən ilin analoji dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.4 faiz azalaraq 1 milyon 384.5 min nəfər olub. Onların 43.9 faizi Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 2.2 faiz çox), 14.8 faizi Rusiya Federasiyasına (2.2 faiz az), 12.8 faizi Gürcüstana (13.6 faiz çox), 5.3 faizi isə İrana (41.2 faiz az) gedib.
Rəsmi statistika son illər həm Azərbaycana gələnlərin, həm də ölkədən xaricə gedənlərin sayında davamlı azalma meylinin olduğunu göstərir.
Xatırlatma
Ekspertlərin fikrincə, ölkəyə gələn xaricilərin sayının azalmasına iki əsas amil təsir edir: quru sərhədlərinin hələ də bağlı qalması və Azərbaycanda istirahətin qonşu ölkələrə nisbətən baha olması. Quru sərhədləri 2020-ci ildə koronavirus səbəbindən bağlansa da, hökumət təhlükəsizlik amillərini əsas gətirərək bu məhdudiyyəti hələ də qüvvədə saxlayır.
Körfəz ölkələrindən gələnlərin sayındakı azalma isə bu il Yaxın Şərqdə artan hərbi gərginliklə izah olunur.
Azərbaycan vətəndaşlarının xaricə səfərlərindəki geriləməni isə mütəxəssislər əhalinin maddi vəziyyəti ilə əlaqələndirirlər.