Azərbaycan-Gürcüstan sərhədində növbə və sıxlıqdan şikayətlər var
19 Avqust 2026
Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində son günlər yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə olunması ilə bağlı şiakyətlər yayılıb.
Azərbaycanın yerli saytlarının məlumatına görə, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.
Qeyd edilənlərə görə, yük maşınlarından ibarət növbə bir neçə kilometrə qədər uzanır.
Sərhəddəki vəziyyətin xüsusilə beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərin işinə təsir etdiyi deyilir.Belə sürücülərin ayrı-ayrı media orqanlarında yayılan fikrlərinə görə, sərhəddə gözləmək daşınan mallarla bağlı əlavə risk və özləri üçün əlavə xərclərə səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) avqustun 18-də saat 16-45 radələrində bildirilib ki, iki ölkənin dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Gürcüstan gömrük xidmətinin rəhbərliyi ilə müzakirələr aparıblar.
“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, -deyə qeyd edilib.
Amma rəsmi məlumatda sıxlığın səbəbi açıqlanmayıb. Mövcud vəziyyət və Azərbaycan tərəfində deyilənlərə isə, hələlik, Gürcüstanın müvafiq rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə saat 17:30 radələrində açıqlama yayıb ki, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1030 yük nəqliyyat vasitəsi çıxışda gözləyir.
Bundan əvvəlki illərdə də tez-tez Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində avtomobillərin uzun növbəsi müşahidə edilib.Amma onda bu halı vətəndaşlar daha çox Azərbaycan tərəfdə süründürməçiliklə izah edirdilər.