Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ-Azərbaycan əlaqələri: enerji əməkdaşlığı insan haqları ilə bağlı vəziyyətə kölgə salırmı?


Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.





Görüşdən dərhal sonra açıqlama verən avropalı rəsmi bildirib ki, müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.





Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artması, ictimai fəallar və siyasi partiya nümayəndələri arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, enerji resurslarına ehtiyacının artdığı bir ərəfədə, Avropa İttifaqı Azərbaycanda insan haqlarının mövcud vəziyyətini “gözardı etməməlidir”.





Hüquqşünas Anar Məmmədli hesab edir ki, enerji sahəsində imzalanan sənədlər ölkədə insan haqları ilə bağlı məsələlərə “kölgə salır”.





Müsavat partiyasının başqanı Arif Hacılının fikrincə, Avropa İttifaqı enerji siyasətində uzun illərdir Rusiyada insan haqlarının pozulmasını "görməzdən gələrək atdığı yalnış addımları" Azərbaycanla münasibətdə təkrarlamamlıdır.





Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə hökumətin Avropa İttifaqı ilə apardığı enerji siyasətinin "insan haqlarını kölgədə qoyması" fikri ilə razılaşmır.




“İnsan haqları arxa plana keçir”








Azərbaycan, Aİ, qaz, enerji








Hüquq müdafiəçisi Anar Məmmədli BBC-yə bildirib ki, enerji təhlükəsizliyi ilə yanaşı Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti də Avropa İttifaqı üçün prioritet olmalıdır.





“Biz çox istərdik ki, Avropa İttifaqı Azərbaycanda insan hüquq və azadlıqlarının, qanunun aliliyinin qorunması və bununla bağlı institusional islahatların həyata keçirilməsində yardımçı olsun. Lakin təəssüf ki, enerji məsələləri bu mövzuları nisbətən arxa plana çəkir. Xüsusilə də Ukrayna müharibəsindən sonra bu tendensiyanı daha çox müşahidə etməkdəyik”, - o bildirib.





Hüquq müdafiəçisinin sözlərinə görə, bir neçə ay əvvək ictimai fəal Bəxtiyar Hacıyevin "qaçırılarkən" Avropa İttifaqından buna heç bir reaksiya olmadı. O əlavə edib ki, jurnalist Aytən Məmmədovanın hədələnməsi və ya “Tərtər İşi” ilə bağlı bloqer Abid Qafarovun həbs edilməsinə də Avropa İttifaqı münasibət bildirməyib.





“Bütün bunlar ifadə azadlığından tutmuş sərbəst toplaşma azadlığına kimi digər fundamental insan hüquqlarının pozulması deməkdir. Lakin Gürcüstanda və ya Ermənistanda bir hadisə baş verdikdə Avropa İttifaqı buna dərhal reaksiya verir”, - Anar Məmmədli deyib.





O əlavə edib ki, Gürcüstan və Ermənistanda olduğu kimi Avropa İttifaqı Azərbaycanda da bir “oyunçuya çevrilməlidir”.





Avropa İttifaqının dünyanın bir çox ölkəsində siyasi islahatları dəstəklədiyini diqqətə çatdıran hüquq müdafiəçisi Azərbaycanda qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vətəndaş cəmiyyətinin və medianın sərbəst işləməsi üçün münbit imkanın olmadığını qeyd edib.





O, qurumun insan haqlarının qorunması və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilməli olduğunu düşünür. Anar Məmmədlinin fikrincə, “əgər belə olmasa, o zaman Avropa İttifaqı fundamental dəyərlər uğrunda deyil, yalnız öz siyasi-iqtisadi maraqları üçün çalışan bir qurum kimi görünməyə başlayacaq”.





Avropa Komissiyasının Prezidenti bu gün verdiyi açıqlamada Prezident İlham Əliyevlə Azərbaycanda vətəndaş cəmiyyəti və medianın vəziyyəti barədə də müzakirə apardığını deyib.





Ursula von der Leyen əlavə edib ki, Avropa və Azərbaycan xalqının bir-birinə yaxınlaşması, eləcə də ölkənin investisiya etimadını artırmaq üçün vətəndaş cəmiyyətinin və media azadlığının yüksəldilməsi mühüm amildir.









Arif Hacılı, siyasət






Müsavat partiyasının başqanı Arif Hacılı deyir ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın güclənməsi əslində ölkədə insan haqlarının inkişafına da müsbət təsir göstərməlidir.





Onun fikrincə, əgər demokratiya və insan haqları Avropa ölkələrinin siyasətində prioritet kimi göstərilirsə, bu, Avropa İttifaqının Azərbaycanda demokratiya və insan haqları məsələsinə diqqətin artırılması ilə müşayiət olunmalıdır.





“Bu yaxınlarda Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən beynəlxalq toplantıda qərb ölkələrinin diqqətinə çatdırdım ki, Avropa İttifaqı enerji siyasətində Rusiya ilə bağlı tutduğu mövqeyi Azərbaycanla münasibətdə təkrarlamamalıdır. Yəni enerji təhlükəsizliyini önə çəkərək Rusiyada insan haqları ilə bağlı problemlərə göz yumulması onunla nəticələndi ki, axırda Avropa çox böyük enerji təhlükəsi ilə üzləşməli oldu”.





Onun fikrincə, bu “səhvin Azərbaycanda təkrarlanmaması” və Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün Avropa İttifaqı fəaliyyətini bir qədər də artırmalıdır.”





Lakin narahatlıq doğuran əsas məqam odur ki, Azərbaycanda “proseslər neqativ istiqamətdə” davam edir, Müsavat başqanı deyib:





“Yəni demokratiya Azərbaycanda ildən-ilə daha çox boğulur, insan hüquq və azadlıqları daha çox məhdudlaşdırılır, hər yeddi ildən bir keçirilən referendumda konstitusiya daha da mürtəceləşdirilir”.









səməd seyidov, milli məclis, deputat








Millət vəkili Səməd Seyidov isə hökumətin ünvanına səslənən bu iddialarla razılaşmır. Onun fikrincə, Azərbaycan Avropa İttifaqı ilə yalnız enerji sahəsində yox, digər bütün sahələrdə kompleks əməkdaşlıq etməkdə maraqlıdır.





“Sabah Avropa Parlamentinin Beynəlxalq Əlaqələr komitəsinin sədri David McAllister də öz heyəti ilə Azərbaycana gələcək. Bu onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yalnız enerji məsələsi ilə məhdudlaşmır, əksinə, bu münasibətlər geniş spektri əhatə edir. Əlbəttə, mövcud vəziyyətdə Azərbaycanın enerji ehtiyatları çox yüksək əhəmiyyət kəsb edir. Lakin bu o demək deyil ki, digər məsələlər, o cümlədən insan haqları burada ikinci plana keçir. Əsla belə deyil”, - Səməd Seyidov bildirib.





Onun sözlərinə görə, Azərbaycan istər sosial, istərsə də korrupsiya ilə mübarizə və insan haqlarının müdafiəsi sahəsində ciddi işlər görür.





Parlament təmsilçisi əlavə edib ki, Azərbaycan Avropa İttifaqının demokratiya, insan haqları və qanunun aliliyi çərçivəsində apardığı siyasəti bölüşür və bu dəyərləri öz milli maraqları çərçivəsində dünyaya təqdim edir.





"Onun bir hissəsi Azərbaycanın enerji potensialının inkişafıdır. Onun başqa bir hissəsi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, demokratiyanın inkişafıdır", - deputat əlavə edib.





Yeni razılaşmanın Azərbaycan-Rusiya əlaqələrinə təsiri








İlham Əliyev, Ursula von der Leyen, Aİ, enerji








Avropa İttifaqı və Azərbaycan arasında son aylarda güclənən əlaqələrlə bağlı, Ukrayna müharibəsindəki mövqeyinə görə Avropaya verdiyi qazı kəsən Rusiyadan hələ ki, reaksiya gəlməyib.





Siyasi şərhçi Leyla Əliyeva hesab edir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan müqavilə rəsmi Moskva və Bakı arasında gərginliyə səbəb olmayacaq.





Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan hökuməti Avropa ilə enerji əlaqələrini inkişaf etdirməyi “artıq Rusiya ilə razılaşdırıb”.





Müsavat partiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı artırması Rusiyanın maraqlarına uyğun deyil: "Çünki enerji məsələsində Azərbaycan Rusiyanın rəqiblərindən biridir. Bu baxımdan Kreml daim Azərbaycana təzyiqləri artırmaq xəttini əsas götürür".





Bununla belə o, hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Kremlin Azərbaycana təsir imkanları bir qədər məhdudlaşıb.





“Bundan əlavə, Azərbaycanla Türkiyə arasında hərbi müqavilə bağlandıqdan sonra Rusiyanın Azərbaycana təzyiq rıçaqları xeyli zəifləyib. Ona görə də hesab edirəm, Azərbaycan, eləcə də Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatlarının Azərbaycan üzərindən Avropaya daşınması üçün daha əlverişli şərait yaranıb”, - Arif Hacılı qeyd edib.





Onun sözlərinə görə, mövcud vəziyyətdə Rusiyanın Azərbaycanla, dolayısı ilə Türkiyə ilə münasibətlərini gərginləşdirməsi Moskvanın maraqlarına ziddir: "Ona görə də Rusiyanın düşdüyü hazırki durum Moskvanı Azərbaycana təzyiq göstərməkdən çəkindirir".





Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının Rusiyada "qısqanclıq yaradacağına" inanmır.





“Çünki Azərbaycanın xarici siyasətinin bir xüsusiyyəti var ki, biz heç kimə qarşı siyasət aparmırıq. Biz milli maraqlarımızı müdafiə edən bir siyasət aparırıq. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycanın neft və qaz potensialı Rusiyanın enerji potensialı ilə müqayisə edilə bilməz. Bu isə o deməkdir ki, biz sadəcə öz imkanlarımızı genişləndiririk. Sadəcə Avropa ilə deyil, Mərkəzi Asiya ilə də enerji əlaqələrimizi şaxələndiririk,” - parlament üzvü əlavə edib.









Aİ, enerji, qaz








Anlaşma Memorandumunda nələr var?




Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri çərçivəsində imzalanan yeni razılaşma Azərbaycandan Avropaya idxal edilən qazın illik həcminin növbəti 5 il ərzində - 2027-ci ilədək 2 dəfəyədək artırılmasını nəzərdə tutur.





Ursula von der Leyen çıxışında Azərbaycanı enerji sahəsində “etibarlı tərəfdaş” adlandırıb.





Rusiyanın Ukraynaya “qəddar müdaxiləsindən” sonra Rusiya artıq Avropa İttifaqının etibarlı qaz təchizatçısı deyil, o deyib.





Buna görə də, Avropa İttifaqı Rusiyanın qaz təminatından kənara çıxaraq, “daha etibarlı tərəfdaşlar tapmağa başlayıb və Azərbaycanı həmin etibarlı tərəfdaş ölkələr arasında görməyə şadam”, Ursula von der Leyen deyib.





O, mətbuat üçün verdiyi bəyanatda memorandumun 3 əsas istiqaməti barədə də danışıb.





Bildirib ki, müqavilədə göstərilən əsas məsələlərdən biri Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya daşınan mavi yanacağın illik həcminın 20 milyard kub metrə çatdırılmasıdır.





“Hazırda Azərbaycandan idxal edilən illik qaz həcmi 8 milyard kub metrdir. Yeni müqaviləyə əsasən, gələn il “qaz nəqli 12 milyard kub metrə” çatdırılacaq. Növbəti illərdə isə “bu rəqəm 20 milyard kub metrədək” artırılacaq.





Razılaşmada əks olunan ikinci məqam “bərpa edilə bilən enerji” ilə bağlıdır. Prezident Ursula bildirib ki, Azərbaycanın “bərpaedilən enerji imkanları olduqca yüksəkdir” və Avropa İttifaqı bu sahədə də Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Bura Azərbaycanın günəş və külək enerjisi istehsalı potensialı daxildir.





Memorandumun sonuncu əsas istiqamətində isə enerji əməkdaşlığının ətraf mühitin mühafizəsi fonunda qurulmalı olduğu bildirilib.





Azərbaycan-Aİ əlaqələri








Aİ, qaz, enerji






Ötən yay Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Bakıda işgüzar səfərdə olub.





O, Prezident Əliyevlə görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində qarşılıqlı etimadın yüksəlməsi məqsədi ilə regiona səfər etmişdi.





Həmin tarixdən etibarən regionda sülhün təmin olunmasında öz çəkisini artırmağa çalışan Avropa İttifaqı həm Azərbaycan, həm də Ermənistan hökuməti ilə intensiv təmaslar qurub.





Ursula von der Leyenin səfəri zamanı enerji sektorundakı əlaqələrlə yanaşı Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan-Avropa İttifaqı münasibətləri də müzakirə edilib.





Sabah Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Bu barədə məlumat verən Avropa Komissiyasının Prezidenti görüş çərçivəsində ikitərəfli münasibətlərin inkişafının müzakirə ediləcəyini diqqətə çatdırıb.





Yetərincə qaz varmı?








qaz, TAP, enerji








Prezident Əliyev fevralın 4-də Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının sayca 8-ci toplantısında bildirib ki, Azərbaycanın “təsdiqlənmiş təbii qaz ehtiyatı 2.6 trilyon kub metr” təşkil edir və bu həcm “daha da arta bilər”.





Bu isə illik qaz ehtiyacı 450-500 milyard kub metr təşkil edən Avropa üçün mühüm enerji mənbəyi olsa da, qaz nəqli ilə bağlı infrastrukturun olmaması ixracı ləngidir.





Millət vəkili Səməd Seyidovun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi ona Mərkəzi Asiya ilə Avropa arasında tranzit rolu oynamağa imkan verir. Bu isə Türkmənistan və Qazaxıstan qazının da gələcəkdə Avropaya nəql olunmasında mühüm rol oyanaya bilər. (BBC)