
Ermənistanın İstiqlal Bəyannaməsi ləğv olunub?!
Konstitusiya Məhkəməsi Azərbaycanın etiraz etdiyi sənədi hüquqdan kənar saydı, amma...
04 Oktyabr 2024
Bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarının mətni açıqlanıb. Əvvəlcə xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosedurunu razılaşdırıb. Daha sonra iki ölkə arasında qəbul edilmiş Əsasnamənin Konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb.
İlk addımı Ermənistan hökuməti atıb, Konstitusiya Məhkəməsi göndərilən sorğuya cavabını sentyabrın sonunda ictimaiyyətə açıqlayıb. Yekun qərar təkcə delimitasiya prosesi ilə bağlı deyil, həm də ümumi məsələlərə aiddir.
Xüsusilə Konstitusiyanın praembulasında yer alan İstiqlal Bəyannaməsinin hüquqi qüvvəsinin olub-olmadığına aydınlıq gətirilib. Sözügedən sənəddə Dağlıq Qarabağın Ermənistana aid olduğu qeyd olunub, Azərbaycan bu istinadı özünə qarşı ərazi iddiası hesab edir və iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Konstitusiya dəyişikliklərinin əsas şərt olduğunu bildirir.
Ermənistan Konstitusiya Məhkəməsi şərhində bildirib ki, İstiqlal Bəyannaməsi ermənilərin SSRİ-dən ayrılaraq öz dövlətlərini əldə etmələrinə kömək edib, lakin Konstitusiyanın qəbulundan sonra əhəmiyyətini itirib. Hakimlərin qənaətinə görə, Bəyannamənin Konstitusiyada açıq şəkildə əks olunmayan müddəalarının hüquqi qüvvəsi yoxdur.
Bəyannamədə və Konstitusiyada yer alan müstəqil, demokratik, sosial və hüquqi respublika quruculuğu haqqında tezislər qanuni sayılır. Amma bir çox məsələlər, o cümlədən “Qarabağa qovuşmaq” və Konstitusiyada birbaşa göstərilməyən 1915-ci il “erməni soyqırımının” tanınmasına nail olmaq istəyi hüquqi çərçivədən kənar hesab olunur.
Bununla belə, Konstitusiya Məhkəməsinin hakimləri Bəyannamənin preambulası məsələsinin əlavə araşdırma tələb etdiyini qeyd etməklə, hüquqi boşluq yaradıblar.
Məhkəmənin qərarından sonra rəsmi İrəvanın təmsilçiləri Azərbaycanın Ermənistan qanunvericiliyinə qarşı iddia irəli sürmək üçün daha əsasının olmadığını bildirirlər. Parlamentin spikeri Alen Simonyan Bakının narazılıq üçün yeni səbəb tapa biləcəyini etiraf etsə də, hazırda sülh müqaviləsi bağlamaq yolunun açıq olduğunu bildirib. O, həmçinin iddia edib ki, rəsmi İrəvan Konstitusiya Məhkəməsinə təzyiq göstərməyib.
Ermənistan Xarici işlər nazirinin müavini Vahan Konstanyan isə dünən bildirib ki, rəsmi Bakının səsləndirdiyi narahatlıqlara delimitasiya komissiyalarının əsasnaməsinin təsdiqi mərhələsində artıq cavab verilib. “Konstitusiya Məhkəməsi Bakının səsləndirdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - o, qeyd edib.
Müxalifət və bəzi ekspertlər isə Konstitusiya Məhkəməsinin faktiki olaraq ölkənin Müstəqillik Bəyannaməsini ləğv etdiyini iddia edir.
Hazırkı Konstitusiyanın müəlliflərindən olan Vardan Poqosyan bildirib ki, Məhkəmə Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəyə malik olmadığını tanıyıb.
Hüquqşünasın sözlərinə görə, Konstitusiya Məhkəməsi bununla bəyan edir ki, 1995-ci il iyulun 13-dən başlayaraq (Ermənistan Konstitusiyasının qəbulundan sonra – red.) Bəyannamədə qeyd olunan milli məqsəd və vəzifələrin heç bir mənası və qüvvəsi yoxdur.
“Biz hakim siyasi komandanın əlavəsinə çevrilmiş Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən qeyri-adi bir fenomenlə və siyasi sifarişlə üzləşirik”, - Poqosyan bildirib. Ekspertin fikrincə, bu qərar Ermənistan Konstitusiyasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı heç bir milli məqsədin nəzərdə tutulmaması deməkdir.
Konstitusiya Məhkəməsi belə deyir: Konstitusiyada olmayan, lakin Bəyannamədə olan hər şeyin hüquqi qüvvəsi yoxdur. Amma Konstitusiyanın preambulasında açıq şəkildə göstərilir ki, milli məqsədlər var və onlar İstiqlal Bəyannaməsində qeyd olunub. Eyni zamanda, preambulada qeyd olunur ki, Konstitusiya bu məqsədləri əsas götürür. Konstitusiya Məhkəməsi Azərbaycanın narahatlığı ilə bağlı Ermənistanın siyasi rəhbərliyinin mövqeyini qabaqcadan sığortalamaq istəyib.
Qeyd edək ki, Azərbaycan hökuməti hələlik sərhədlərin dədiqləşdirilməsi ilə bağlı razılaşdırılan Əsasnaməni Konstitusiya Məhkəməsinə göndərməyib.
Maraqlıdır, Ermənistan Konstitusiya Məhkəməsinin şərhi Bakıda necə qarşılanacaq? Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu İstiqlal Bəyannaməsinin hüquqi qüvvəsinin olmadığı barədə şərh sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilərmi?

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, Konstitusiya Məhkəməsinin qərarının mətnində Ermənistanın “Dağlıq Qarabağ” adlı inzibati vahidinin olması barədə məlumat yoxdur. Ekspert qeyd edir ki, Məhkəməyə Qarabağ ərazisinin Ermənistan ərazisi olub-olmaması ilə bağlı sual verilməyib, “Ermənistan ərazisi anlayışı nədir” sualı verilib və cavablandırılıb: “Belə ki, Ermənistanın Konstitusiya Məhkəməsi faktiki olaraq qərara gəlib ki, Bəyannamə Konstitusiya qüvvəsinə malik deyil və Qarabağ Ermənistan ərazisinin bir hissəsi deyil”.
Bu qərarı Bakı üçün qənaətbəxş hesab etmək olarmı?
Fərhad Məmmədov suala cavabında qeyd edib ki, Paşinyan hökuməti sadə yolla getmək, Konstitusiyaya dəyişiklik etməmək, yəni Bəyannamədən imtina etmək və Konstitusiya Məhkəməsinin konyunktur qərarı ilə sülh müqaviləsinin imzalanması üçün yol açmaq qərarına gəlib. “Yeri gəlmişkən, bu elə də ciddi qərar olmasa da, hər halda, ermənilər tərəfdən atılan bir addımdır. Onlar bu məsələni xüsusən Qərb platformalarında önə çıxaracaqlar”, - o deyib.
Ekspert hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanı qane etmir: “Gələcəkdə Konstitusiya Məhkəməsinin başqa bir heyətinin Məhkəmənin sözügedən qərarını ləğv etməyəcəyinə və Bəyannaməyə başqa cür şərh verməyəcəyinə zəmanətlər haradadır?! Bu, artıq bir dəfə Koçaryanın Ermənistan prezidenti seçilməsi zamanı baş vermişdi.
Paşinyanın 2020-2023-cü illərdə fəaliyyəti Ermənistanın Baş nazirinə etibar etməyə əsas vermir. Yada salaq ki, Paşinyan 2021-ci il parlament seçkilərində qalib gəlmişdi, onun partiya proqramında Qarabağın taleyi barədə “qurtuluş naminə ayrılma” vədi qeyd olunmuşdu. Ermənistan Ali Sovetinin 1992-ci ildə qəbul etdiyi qərarlarda deyilir ki, Ermənistan “DQR” ərazisinin Azərbaycan ərazisi hesab edildiyi müqavilələrə qoşula bilməz?! ATƏT-in Minsk Qrupunun buraxılmasından Ermənistanın imtina etməsini necə başa düşməliyik? Əgər Qarabağ Ermənistanın ərazisi deyilsə, niyə Ermənistan hökuməti ATƏT-in Minsk Qrupundan yapışıb?!
Kor-kor, gör-gör: Qarabağ Ermənistanın ərazisi deyilsə, Ermənistanın Konstitusiya Məhkəməsi bunu deyibsə və Ermənistanın Baş naziri də silahlı qüvvələrini Azərbaycanın üç rayonundan çıxarmaq öhdəliyi ilə üçtərəfli bəyanat imzalayıbsa, onda belə çıxır ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanın ərazilərinin işğalının tanınmasıdır”.
Politoloq Ermənistanın Konstitusiya Məhkəməsinin 25 il ərzində Ermənistanın işğalçılıq siyasətini sənədli-sübutlu etiraf etdiyini vurğulayıb.
Turqut