Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Keçmiş SSRİ-dəki sığınacaqlar bu gün gecə klublarıdır"

Son zamanlar bəzi dövlətlər dünyanı nüvə silahı ilə təhdid etməkdədir. 2022-ci ildə Ukraynaya açıq təcavüz edən Rusiya rəsmiləri də son aylar Qərb ölkələrini Ukraynaya verdikləri silahlarından onların ərazilərini vurmağa icazə verəcəkləri təqdirdə açıqca nüvə silahından istifadə edə biləcəkləri ilə hədələyirlər.

Bütün bunlar isə istər-istəməz dünyada mülkü müdafiə məsələlərini aktuallaşdırır.

Hələ sovet dövründə Azərbaycanda yeraltı sığınacaqlar salınmışdı. Hazırkı dövrdə isə Azərbaycanda sığınacaqların uçotunu və mülki müdafiə tədbirlərini Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirir. Bir müddət əvvəl FH-dən mediaya bildirilmişdi ki, ölkədə belə sığınacaqlar var və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə birgə əhalinin məlumatlandırılması üçün müxtəlif proqramlar işlənib hazırlanıb. Amma son vəziyyətlə bağlı nazirliklə danışmaq mümkün olmayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Turana bildirib ki, sovet dövründə bu, çox aktual məsələ idi: “Bu sığınacaqlar, mülki müdafiə qərargahları təkcə Bakıda yox, Azərbaycanın demək olar ki, hər yerdə mövcud idi. Hətta kənd yerlərində sığınacaqlarda diqqət ayrılırdı ki, hər hansı bir binaların, yaşayış evlərin zirzəmilərində də sığınacaqlar salınırdı”.

Deputat qeyd edib ki, indi dünya elə vəziyyətdədir ki, beynəlxalq hüquqla, qanunlarla haqq-ədalətlə yox, güclə idarə olunur: “Buna görə hər şeyi gözləmək olar. Rusiya-Ukrayna məsələsində də bütün Qərb Rusiyanın üzərinə düşüb. Rusiya da özünü müdafiə etmək üçün məcburiyyət qarşısında nüvə silahı variantına əl ata bilər. O bunu etsə, qarşılıq da olacaq. Yaxın Şərq məsələsində də təhlükə var. Ona görə də sığınacaqlar məsələsi vacibdir və aktualdır. Bu məsələyə diqqət yetirmək lazımdır”.

Əmlak məsələlər üzrə ekspert Ramil Osmanov Turana bildirib ki, hazırkı tikinti qaydalara görə, hər yeni tikilən binada yeraltı sığınacaq üçün yerin ayırması məcburi deyil: “Nəzərə alsaq ki, tikinti standartları ilə bağlı bu gün yeni qaydalar tətbiq olunur, yeni inzibati metodlar üzə çıxır. Əvvəlki tikinti qaydalarında məcburi olan bu standartlar artıq bir qədər aktuallığını itirib. Nəzərə alınır ki, Bakıda metro var, ona görə də hər binanın altında sığınacağın salınması məsələsi son dövrlər aktual mövzu deyil”.

Ekspertin sözlərinə görə, gələcəkdə hökümət bir istiqamət kimi ayrı-ayrı tikinti şirkətləri və yaxud bu sahədə nəzarət fəaliyyətini həyata keçirən dövlət qurumları qarşısında belə hüquq və vəzifələri müəyyənləşdirə bilər.

R.Osmanov hesab edir ki, hazırda yenitikilən binaların zirzəmilərində salınan avtodayanacaqlardan sığınacaq kimi qismən istifadə edilə bilər: “Amma tam şəkildə yox, çünki əvvəlki tikinti qaydalara uyğun qaraj sahibi qaraj sahəsinə mülkiyyət hüququnu əldə edir. Oradan istifadəsi üçün yalnız onun razılığı ilə mümkündür. Amma texniki parametrlər baxımından yeraltı qarajlardan istifadə etmək mümkündür”.

Hərbi ekspert Üzeyir Cəfərov isə Azadlıq Radiosuna deyib ki, Azərbaycanda yeraltı sığınacaqlarla bağlı vəziyyət bərbaddan da bərbaddır: "Biz dəfələrlə bu məsələni qaldırsaq da, aidiyyəti qurumlar bu məsələ ilə məşğul olmurlar. Keçmiş SSRİ vaxtı pis-yaxşı olan sığınacaqlar bu gün gecə klublarıdır, ticarət mərkəzləridir. Sabah həqiqətən təhlükə yaranarsa, bunu edənlər əldə etdikləri pullarlamı qorunacaqlar?".

Ekspert hesab edir ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı iclas keçirməlidir: "Məsələyə çox böyük məsuliyyətlə yanaşmaq lazımdır. Amma biz bunu bu gün görmürük. Qurumlar bu məsələyə çox məsuliyyətsiz yanaşırlar. Bu gün Azərbaycanın yarısı Bakıda yaşayır. Sabah təhlükə olacağı təqdirdə, bu insanların hamısı metrolara sığışacaqmı? Lap sığışarsa, onların sanitar, qida, su məsələsi necə həll olunacaq? Böyük məsuliyyətsizlik var".