Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Afaq Bəşirqızı ilə 1990-cı illərdən küsülü idilər, amma heç vaxt evdə arxasıyca danışmayıb”

“1990-cı illərdən küsülü idilər, Afaq xanımla atamın münasibəti olmasa da, heç vaxt evdə arxasıyca danışmayıb”

Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli Moderator.az-ın suallarını cavablandırıb.

-Bu günlərdə Ramiz müəllimin doğum günü idi. Onsuz qeyd etdiyiniz ikinci doğum günü idi. Necə qeyd etdiniz?

-Təbii ki, atamın yeri hər zaman bizim evdə görünür və görünəcək. Yaxın insanlarla birlikdə onsuz keçən 2-ci doğum gününü qeyd etdik.

-Sənət yoldaşlarından kimlərsə zəng etdi?

-Xeyr, doğum günü ilə bağlı heç bir sənət yoldaşı bizə zəng etməyib. Onun facebook səhifəsini mən işlədirəm, arada paylaşımlar edirəm. Doğum günü ilə bağlı da paylaşım etmişdim, baxanlar baş sağlığı vermişdilər. Amma heç kim şəxsən özümüzə zəng etməyib.

-Ramiz müəllim Zümrüd xanımı çox sevirdi. Yəqin ki, tək qalmaq ən çox ananıza əzab verir?

-Onlar arasında çox böyük sevgi var idi. Anam da xəstə olduğu üçün çalışırıq onun yanında atam haqda çox danışmayaq. Onu da qorumağa çalışırıq. Atamın böyük bir şəkili divardan asılıb. Bəzən görürəm ki, anam atamın şəkili ilə danışır, söhbət edir, məsləhətləşir. Kövrəldiyi anlar da olur. Çox ağır keçirir. İnsanın həyat yoldaşını, həyatdakı həmdəmini itirməsi çox əzabverici bir hissdir.

-Yəqin ki, sənətdəki boşluğu da hiss edirsiniz.

-Əlbəttə, həm ata kimi, həm də sənətkar kimi yoxluğunu hiss edirik. Filmləri efirdə göstəriləndə hamı bizə zəng edir. Atam sonuncu dəfə bir kommersiya filmində polis obrazında çəkilib, amma hələ də film ekranlara çıxmayıb. Həmin filmin ekranlara çıxmasını səbirsizliklə gözləyirik. Sənətkarların yerləri boş qalıb. Yeni aktyorlar, sənətçilər yetişir, amma sənət get-gedə cılızlaşır. Bunu sağlığında atam da deyirdi, indi mən də müşahidə edirəm.

-Ramiz müəllim dünyasını dəyişdiyi günə qədər xalq artistləri Rasim Balayev və Afaq Bəşirqızı ilə küsülü oldu. Həmin sənətkarlar daha sonra sizə baş sağlığı verdilər?

-Atamın heç bir vaxt heç kimlə qalmaqalı olmayıb. Təkcə Afaq xanımla 1990-cı illərdən danışmırdı. Bu da “Bəxt üzüyü” filmi ilə bağlı idi. Afaq xanım Elgizin verilişində dedi ki, “mən Ramizi bağışladım”. Biz hələ də başa düşə bilmirik ki, Afaq xanım nə demək istəyib, orada bağışlanmalı bir hal yox idi. Atam heç vaxt evdə Afaq xanım haqda danışmayıb. Atam xəstə idi, jurnalistlər onun xəstəliyindən istifadə edirdilər. Ona görə də atamı son günlər müsahibə verməyə qoymurdum.