ABŞ Prezidenti: İran etirazçıları 'hətta etiraz etməyəndə də' öldürür
26 Avqust 2026
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda “süqut edən” rejim etirazçıları “hətta etiraz etməyəndə də” görünməmiş miqyasda öldürür.
Tramp avqustun 25-də “Truth Social”da yazıb:
“İranın süqut edən İslam Respublikası ordusunun böyük hissəsinə maaş vermir, eyni zamanda etirazçıları, hətta onlar etiraz etməyəndə də görünməmiş miqyasda öldürür. Bu, nəhəng humanitar böhrandır, İNDİ dayandırılmalıdır”.
Tramp iddiası ilə bağlı əlavə detal və ya sübut təqdim etməyib. Prezidentin ilin əvvəlindəki etirazlarda öldürülənləri, yoxsa indiyədək haqqında məlumat verilməmiş yeni qətlləri nəzərdə tutduğu aydın deyil.
Etirazlar 2025-ci il dekabrın 28-də başlayıb, yanvarda davam edib. Güc strukturları aksiyaları zorakılıqla yatırıb, xeyli insan həlak olub.
İran o vaxtdan etirazlarla bağlı ölüm hökmləri icra edib. BMT-nin insan hüquqları üzrə ali komissarı bu ayın əvvəlində bildirib ki, İran martın 19-dan bəri milli təhlükəsizlik ittihamları ilə azı 56 nəfəri edam edib. Onlardan 27-si sözügedən etirazlarla əlaqəli olub.
Son məlumatlara görə, İran bu il ümumilikdə 494 nəfəri edam edib.