Baş tutmayan sui-qəsd: intiharlar, edamlar və kütləvi həbslər... - II YAZI
Başına tir düşmüşdü, saçları közərirdi...
23 İyul 2026
Əvvəli: Burada
İki “Valkiriya”
1944-cü il yazın sonlarına doğru Hitlerin hakimiyyətdən uzaqlaşdırılması və həbs edilməsi, nasist rejiminin devrilməsi, Qərb cəbhəsində atəşkəs elan olunması və müharibənin Şərq cəbhəsində davam etdirilməsi məsələlərini müzakirə edən yüksək rütbəli hərbçilərdən ibarət çevrə formalaşdı. Qəsdçilər bu planları Qərb müttəfiqlərinin nümayəndələri, o cümlədən ABŞ-ın Strateji Xidmətlər İdarəsinin rəhbərlərindən biri Allen Dalleslə də vasitəçilər üzərindən müzakirə edirdilər. Dallesin öz sözlərinə görə, o, qəsdçilərə bildirmişdi ki, Qərblə separat sülh sazişi mümkün deyil. Lakin qəsdçilər üçün bu, əsas strateji məqsədlərdən biri olaraq qalırdı və planlaşdırılan çevrilişin taktiki məsələləri fonunda arxa plana keçirdi.
1944-cü il yayının əvvəlində fon Ştauffenberq və digər qəsdçilər əməliyyatın ümumi planını razılaşdırdılar. Plana “Valkiriya” adı verildi. Təsadüf idi, yoxsa yox, admiral Kanaris vəzifədən uzaqlaşdırılmasından cəmi bir neçə gün əvvəl Hitlerə Berlin zavodlarında məcburi əməyə cəlb edilmiş xarici fəhlələrin mümkün üsyanı halında Rezerv Ordusunun fəaliyyət planını təqdim etmişdi. Bu plan da “Valkiriya” adlanırdı. Bir neçə ay ərzində həmin ad yazılmış qovluqlar və teleqramlar qərargah dəhlizlərində dövriyyədə qaldı və bu da sui-qəsdçilər üçün əla əməliyyat örtüyü yaratdı.
Onların planına görə, əməliyyat Hitlerin qərargahında öldürülməsi ilə başlamalı idi. Bundan sonra qərargah bir neçə saat rabitədən təcrid ediləcək, həmin müddətdə Rezerv ordusunun hissələri Berlinin ən mühüm obyektlərini ələ keçirəcək, SS-in mümkün müqavimətini zərərsizləşdirəcək, nasist hökumətini devirəcək, Qərb cəbhəsindəki komandanlıq isə atəşkəs və danışıqlar üçün addımlar atacaqdı.
Ştauffenberq müttəfiqlərin 1944-cü ilin sonuna qədər Normandiyaya desant çıxaracağını düşünmürdü. Lakin iyunun 6-da bu hadisə baş verdi. Beləliklə, Almaniya üçün təhlükəli olan Şərq cəbhəsi və İtaliya cəbhəsinə sürətlə hərəkət edən Fransa cəbhəsi də əlavə olundu. Bu hadisə Hitleri və ona sadiq generalları həm ruhdan saldı, həm də səfərbər etdi. Fürer iyunun 17-də Suasson yaxınlığındakı bunkerdə müşavirə keçirdi.
.jpg)
Müşavirə iştirakçılarından biri sonradan yazırdı: “Yuxusuzluqdan rəngi ağarmış, əlində eynəyini və barmaqları arasında fırlatdığı müxtəlif rəngli karandaşları əsəbi halda oynadaraq büzüşmüş vəziyyətdə oturmuşdu, feldmarşallar isə ayaq üstə dayanmışdılar. Onun hipnotik təsir gücü sanki yox olmuşdu. Soyuq və quru şəkildə salam verdi, sonra isə müttəfiqlərin uğurlu desantına görə komandanları yüksək səslə və acıqla günahlandırmağa başladı”.
Hitler geri çəkilmək barədə danışmaq belə istəmirdi. O, qışqıraraq bildirirdi ki, müharibənin gedişini “qisas silahı” – uçuş məsafəsi 250–400 kilometr olan “V-1” reaktiv qanadlı raketi dəyişəcək. Bu silah məhz həmin dövrdə geniş şəkildə tətbiq edilməyə başlamışdı.
Generallar, o cümlədən Rommel, döyüş əməliyyatlarının dayandırılmasının vacibliyini israrla müdafiə edirdilər. Hitler isə onların bütün təkliflərini qəzəblə rədd etdi. Elə həmin axşam kursdan yayınmış bir “V-1” bunkerin üzərinə düşdü. Beton sığınacaq zərbəyə tab gətirdi, heç kim xəsarət almadı. Bununla belə, fürer dərhal Alp iqamətgahına qayıtmağa üstünlük verdi.
Həmin vaxt alman ordusunun işləri lap pis gedirdi. İyunun 20-də sovet qoşunları genişmiqyaslı hücuma başladılar. “Mərkəz” Ordu Qrupu faktiki olaraq darmadağın edildi. İyulun 4-də sovet hissələri 1939-cu il sərhədinə çataraq Şərqi Prussiyaya daxil oldular və Rastenburqdakı qərargaha cəmi bir neçə on kilometrlik məsafəyə qədər yaxınlaşdılar. “
Son şans
Hitlerin orduda apardığı yeni kadr dəyişiklikləri sui-qəsdçilərin planlarını daha da qəlizləşdirdi. İyunun 29-da Rundştedt və Rommel füreri müharibəni dayandırmağa razı salmaq üçün sonuncu dəfə cəhd etdilər. Rundştedt bunun əvəzini Qərb cəbhəsinin komandanı vəzifəsindən uzaqlaşdırılması ilə ödədi. Onun yerinə fon Klyuge təyin olundu. Rommel isə vəzifəsində qaldı və iyulun 15-də teletayp vasitəsilə yenidən Hitlerə müraciət etdi. “Ona son şansı verdim. İstifadə etməsə, hərəkətə keçəcəyik”, – Rommel bunu özünün qərargah rəisi, general-leytenant Hans Şpaydelə söylədi. “Son şans” barədə qəsdçilər də danışırdılar. Onlar hesab edirdilər ki, Almaniyanın qaçılmaz məğlubiyyəti ərəfəsində dünya nasist Almaniyasında da müqavimət hərəkatının mövcud olduğunu görməlidir. Lakin Rommelə hərəkətə keçmək nəsib olmadı. İyulun 17-də Normandiyada onun avtomobili müttəfiq aviasiyası tərəfindən atəşə tutuldu. O, ağır yaralandı və bir neçə gün ölüm ayağında oldu.
Rommelin əvəzinə fon Ştauffenberq hərəkətə keçdi. İyulun 1-də ona polkovnik rütbəsi verildi və Rezerv ordusunun qərargah rəisi təyin edildi. Bu orduya general-polkovnik Fridrix Fromm (20 iyul işi üzrə edam ediləcək) komandanlıq edirdi. İyulun 6-da və 11-də Ştauffenberq şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı məruzə etmək üçün Hitlerin Alp iqamətgahına getdi. Hər iki dəfə onun yanında bomba var idi. İyulun 6-da general Ştiff onu sui-qəsddən çəkindirdi. İyulun 11-də isə qəsdçilər qərara gəldilər ki, müşavirədə Hitler, Görinq və Himmler eyni vaxtda iştirak etsələr, bombadan istifadə olunsun. Lakin Himmler müşavirəyə gəlmədi.
Ştauffenberq Berlinə zəng vurdu və tərəfdarları ilə məsləhətləşdikdən sonra üç rəhbərin birlikdə iştirak edəcəyi növbəti fürsəti gözləməyə razılaşdı. Bunun siyasi səbəbi də vardı. Görinq rəsmi varis sayılırdı və Hitlerin öldürüləcəyi halda hakimiyyəti ələ ala bilərdi. Himmler isə SS sisteminin rəhbəri idi. Bununla belə, Ştauffenberq əldən verilmiş fürsətdən dərin məyus oldu və bildirdi ki, növbəti dəfə bu üç nəfərin birlikdə olmasını gözləməyəcək.
Şənbə günü, iyulun 15-də Ştauffenberq “Canavar yuvası”nda keçiriləcək müşavirəyə gəldi. Polkovnikin portfelində yenə bomba var idi. Müşavirə saat 11:00-a təyin edilmişdi, lakin iki saat gec başladı. Berlində bu dəyişiklikdən xəbərsiz idilər. Səhər saat 11-də Rezerv ordusunun Bendlerştrassedə yerləşən qərargahında Frommun tabeliyində çalışan general Fridrix Olbrixt piyada hissələrinə və Krampitsdəki tank məktəbinin bölmələrinə Berlinə doğru hərəkətə başlayaraq hökumət məhəlləsini mühasirəyə almaq əmri verdi.
Saat 13:00 radələrində Ştauffenberq müşavirə zalına daxil oldu. Ehtiyat qüvvələr barədə məruzəsini etdikdən sonra guya telefonla danışmaq bəhanəsi ilə çölə çıxdı və Berlinə, Olbrixta zəng edərək partlayış üçün hər şeyin hazır olduğunu bildirdi. Olbrixt cavab verdi ki, Rezerv ordusunun hissələri artıq Berlinə daxil olur. Ştauffenberq alışdırıcını işə salmaq üçün yenidən zala qayıtdı. Lakin məlum oldu ki, Hitler artıq oranı tərk edib. Bir qədər gözləyən və fürerin geri qayıtmayacağına əmin olan Ştauffenberq yenidən Olbrixta zəng vurdu. Qəzəbli general göndərilmiş hissələrə mümkün qədər tez və gözə dəymədən əvvəlki mövqelərinə qayıtmaq əmri verdi. Olbrixt böyük çətinliklə əvvəlcə Frommu, sonra isə Baş Qərargah rəisi Keyteli inandıra bildi ki, qoşunlar sadəcə təlim həyəcanı ilə qaldırılmışdı.
“Biz gecikirik!”
Bundan sonra hadisələr burulğanı xatırlatdı. İyulun 15-i axşamı qəsdçilər general Aleksandr fon Falkenhauzenin (1966-cı ilə qədər yaşayıb) Belçikanın hərbi qubernatoru vəzifəsindən uzaqlaşdırıldığını öyrəndilər. O, Qərb cəbhəsində döyüş əməliyyatlarının dayandırılmasına cavabdeh olacaq şəxslərdən biri hesab olunurdu. Buna görə də qəsdçilər planlarının qismən ifşa olunduğunu və ya bunun an məsələsi olduğunu düşündülər. İyulun 17-də isə Rommel ağır yaralandı.
İyulun 19-da Ştauffenberq yenidən Rastenburq yaxınlığındakı “Canavar yuvası”na çağırıldı. O, iyulun 20-də saat 13:00-da keçiriləcək müşavirədə məlumat verməli idi. Həmin gün günorta saatlarında Ştauffenberq istefada olan feldmarşal Vitsleben, generallar Bek və Hepnerlə sabahla bağlı planı müzakirə etdi. Axşam saat səkkiz radələrində o, Rezerv ordusunun qərargahını tərk edərək Vannzeedəki evinə yollandı. Yolüstü Dalemdəki kilsənin yanında qısa müddət dayandı. Evdə o, portfelini hazırladı. Məruzə sənədləri ilə birlikdə içinə on dəqiqəlik alışdırıcısı olan bombanı da yerləşdirdi.
İyulun 20-də səhər saat 07:00-da Ştauffenberq və onun köməkçisi, leytenant Verner fon Haften (ertəsi gün güllələlənəcək) Rangsdorf aerodromundan havaya qalxdılar və təxminən saat 10:00-da Rastenburqa endilər.
Hitler Ştauffenberqin məruzə üçün çağırılmasını şəxsən əmr etmişdi. Ola bilsin ki, elə buna görə də zabitlər Hitlerin mühafizə rəisi, SS qruppenfüreri Hans Rattenhuber tərəfindən yoxlanılmadılar.
Qarnizon rəisinin adyutantı ilə səhər yeməyindən sonra Ştauffenberq rabitə xidmətinin rəisi general Felgibellə qısa söhbət etdi və daha sonra Keytelin qəbul otağına yollandı. Orada bildi ki, saat 14:30-da qərargaha artıq İtaliyada hakimiyyətdən uzaqlaşdırılmış, yalnız Lombardiyanın qaulyayteri kimi qalan Benito Mussolini gələcək. Bu səfərə görə Hitlerin müşavirəsi saat 13:00-da deyil, 12:30-da başlayacaqdı. Saat 12:30-a bir neçə dəqiqə qalmış Keytel, Ştauffenberq və Haften müşavirə zalına tərəf yollandılar.
Lakin Ştauffenberq alışdırıcını işə salmalı idi. O, zahiri görkəmini qaydaya salmalı olduğunu bəhanə edərək geri qayıtdı və Keytelin adyutantının boş otağına daxil oldu.
Burada o, iki alışdırıcıdan yalnız birini işə sala bildi. İkinci alışdırıcı ya Haftendə qalmışdı, ya da növbətçi zabitin otağa daxil olması səbəbindən Ştauffenberq onu aktivləşdirməyə macal tapmamışdı. Bir şikəst əllə həm alışdırıcını, həm də portfellə bacarmaq Ştauffenberq üçün çox çətin idi. O, əsəbiləşmiş Keytelə çatanda general hirslə dedi: “Biz gecikirik!”
Dəhlizdə Ştauffenberq katibəyə bildirdi ki, Berlindən zəng gözləyir və məruzəsi üçün yeni məlumatlar almalıdır. Bu bəhanə sonradan ona müşavirə zalını tərk etmək imkanı verəcəkdi.
“Dəhşətli bir hadisə baş verdi”
Onlar zala daxil olanda general-leytenant Adolf Hoyzinger Şərq cəbhəsindəki vəziyyət barədə məruzə edirdi (Hoyzinger hərbi karyerasını AFR-də davam edəcək və 1982-ci ildə öləcək) Ştauffenberq də daxil olmaqla zalda 25 nəfər var idi. İsti olduğundan pəncərələr açıq idi. Hitler uzunluğu 5,4 metr, eni isə 1,5 metr olan düzbucaqlı palıd masanın ortasında əyləşmişdi. Masa iki iri dayağın üzərində dayanırdı.
Keytel Hitlerin sol tərəfində durmuşdu. Onun arxasında Vermaxt Ali Komandanlığının Operativ Rəhbərlik Qərargahının rəisi, general-polkovnik Alfred Yodl (Nürnberq məhkəməsinin hökmü ilə edam ediləcək) dayanırdı. Hitlerin sağ tərəfində məruzə edən Hoyzinger, ondan bir qədər sağda Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-polkovnik Günter Korten, daha sağda isə Quru Qoşunları qərargahının polkovniki Haynts Brandt dayanmışdı. Bu, 1943-cü ilin martında fon Şlabrendorfdan konyak şüşələri kimi maskalanmış bombanı qəbul edən həmin Brandt idi.
Ştauffenberq Kortenlə Brandtın arasında dayanaraq portfeli masanın altına qoydu. Beləliklə, portfellə Hitlerin arasında masanın qalın dayaqlarından biri yerləşirdi. O, ayağı ilə portfeli dayağın iç tərəfinə doğru itələdi. Lakin ehtimal edilir ki, Brandt portfel ayağına mane olduğu üçün onu yenidən dayağın o biri tərəfinə çəkib. Əks halda, partlayış nöqtəsindən iki metrdən də az məsafədə olan Hitlerin necə sağ qalmasını izah etmək çətin olardı.
Bu vaxt detonatorun içindəki kimyəvi maddə zərbə mexanizminin yayını saxlayan məftili tədricən əridirdi. Hitler isə əlində xəritələrdəki xırda yazıları oxumaq üçün istifadə etdiyi böyüdücü şüşəni fırladırdı.
Saat 12:37-də Ştauffenberq qəbul otağına çıxdı, telefonun dəstəyini qaldırdı, lakin dərhal asaraq otaqdan çıxdı. O, furajkasını masanın üstündə qoymuşdu ki, guya bir anlıq harasa çıxdığını göstərsin. Sonra adyutant otağına keçdi. Orada onu leytenant Haften və general Felgibel gözləyirdi.
Bu vaxt Keytel müşahidə etdi ki, Hoyzingerdən sonra çıxış etməli olan Ştauffenberq zalda yoxdur. O, qəbul otağına baxdı, lakin polkovniki tapa bilmədi. Keytel yenidən zala qayıtdı. Hoyzinger hələ də Dauqavpilsin cənub-qərbində sovet hücumu və fəlakətin qarşısını almaq üçün alman hissələrinin Çud gölü ətrafından geri çəkilməsinin zərurəti barədə danışırdı. Stenoqram məhz bu sözlərdə kəsilir: saat 12:42-də zalı güclü partlayış səsi bürüdü.
Ştauffenberq, Haften və Felgibel müşavirə zalının yerləşdiyi binadan təxminən 200 metr aralıda avtomobilin yanında dayanmışdılar. Partlayışın zərbəsindən yer titrədi. Ştauffenberqə elə gəldi ki, müşavirə zalına 155 millimetrlik artilleriya mərmisi düşüb və bina havaya uçub. Binadan qalın tüstü qalxırdı və içəridəkilərdən kiminsə sağ qalmasına inanmaq çətin idi.
Əməliyyatın rəhbəri kimi Ştauffenberq Felgibelə uğur barədə Berlinə məlumat verməyi tapşırdı, özü isə Haftenlə birlikdə avtomobilə minib həyəcan siqnalı verilmiş “Canavar yuvası”nın ərazisini möcüzə nəticəsində tərk edə bildi. Saat 13:15-də onların təyyarəsi Berlin istiqamətində havaya qalxdı.
Partlayış nəticəsində zalda dörd nəfər həlak oldu. Onlardan üçü bombanın bilavasitə yanında idi: Hitlerin adyutantı general Şmundt, Görinqin qərargah rəisi general Korten və polkovnik Brandt. Dördüncü qurban Berqer soyadlı stenoqraf idi. O, bombadan masa ilə ayrılmışdı, lakin aldığı yaralar həyatla uzlaşmırdı.
Hitler tavandan qopan tirin üstünə düşməsi nəticəsində kürəyindən və sağ əlindən güclü zədələr aldı. Onun qulaq pərdəsi cırılmış, qulağından qan axırdı. Sahidlərin dediyinə görə, şalvarı tamamilə cırılmışdı. Keytel onu binadan çıxararkən Hitlerin sifəti his içində idi, saçları isə hələ də közərirdi.
Həmin dəqiqə qəsdçilərin sonunun başlanğıcı oldu. Felgibel zədələnmiş binadan çıxan Hitleri gördü və Berlindəki silahdaşlarına qəsdən ikimənalı bir məlumat göndərdi: “Dəhşətli bir şey baş verdi, fürer sağdır”. Bundan sonra o, qərargahın rabitə xətlərini kəsdi, lakin SS-in ehtiyat rabitə xəttinə toxunmadı. Elə bunun sayəsində Gebbels Berlində sui-qəsdin uğursuzluğa düçar olduğunu artıq saat 13:00-da – Ştauffenberqin təyyarəsinin havaya qalxmasından on beş dəqiqə əvvəl öyrəndi.
Tərəf seçmək vaxtı
Berlində çaşqınlıq hökm sürürdü. İyulun 15-dəki uğursuz cəhd general Olbrixtin əl-qolunu bağlamışdı. O, Hitlerin öldüyünə dair dəqiq təsdiq almadan qoşunlara əmr vermək istəmirdi. Saat 15:45-də Ştauffenberqin təyyarəsi Rangsdorfa endi. Polkovnik qəsdçilərə bir-bir zəng edərək onları hərəkətə keçməyə məcbur etməyə çalışır, Hitlerin meyitinin müşavirə zalının dağıntıları altından çıxarıldığını öz gözləri ilə gördüyünü deyirdi.
Lakin bu vaxta qədər qərargahla rabitə artıq bərpa olunmuşdu. Rezerv ordusunun komandanı Fromm Keytelə zəng vurdu. Keytel Hitlerin sağ olduğunu bildirdi və eyni zamanda Frommdan Ştauffenberqin harada olduğunu soruşdu. Saat 16:30-da Ştauffenberq və Haften Rezerv ordusunun qərargahına gəldilər. Ştauffenberq bir daha bəyan etdi ki, fürerin sağ qalması mümkün deyil.
Ştauffenberq, Olbrixt və polkovnik fon Kvirnhaym general Frommun yanına gələrək onu həbs edəcəklərini bildirdilər. Qəsdçilər hərbi dairələrə əmrlər göndərməyə başladılar. Lakin həmin əmrlərdən biri səhvən Hitlerin qərargahına da göndərildi. Hitler həmin vaxt Mussolini ilə görüşürdü. Berlində qiyam baş verməsi və Qərb cəbhəsində əmrlərə tabe olmamaq ehtimalı barədə xəbər qərargaha çatanda əsl qalmaqal yaşandı. Hitlerin ətrafındakılar onun yanında bir-birlərini açıq şəkildə təhqir edir, qarşılıqlı ittihamlar səsləndirirdilər.
Hitler bir müddət susaraq hamını dinlədi, sonra isə çevriliş təşkilatçılarını uzun və hədələyici çıxışla lənətlədi. Ardınca Himmlerə dərhal Berlinə uçmağı, qiyamı yatırmağı və şübhəli görünən hər kəsi yerindəcə güllələməyi əmr etdi. Bu vaxt Ştauffenberqin rolu artıq Hitlerə məlum idi.
Rezerv ordusunun qərargahındakı və Berlin komendantlığındakı qəsdçilər hələ də paytaxt qarnizonunu ayağa qaldırmağa və hərbi məktəblərin kursantlarını hərəkətə gətirməyə çalışırdılar. “Böyük Almaniya” mühafizə batalyonunun komandiri mayor Otto-Ernst Remer qəsdçilərdən təbliğat naziri Yozef Gebbelsi həbs etmək əmri aldı. Mayor iyirmi əsgərlə birlikdə Təbliğat Nazirliyinə gəldi və əlində tapança Gebbelsin kabinetinə daxil oldu. Gebbels Berlində qalan yeganə yüksək vəzifəli nasist rəhbər idi və Hitlerə sadiqliyini qoruyurdu. O, Remerə hərbi andını xatırlatdı. Remer cavab verdi ki, Hitler artıq həyatda deyil. Bunun üzərinə Gebbels telefonun dəstəyini götürərək onu birbaşa fürerlə birləşdirməyi tələb etdi. Bir neçə dəqiqə sonra mayor telefonun o biri başında Hitlerin səsini eşitdi. Fürer onu dərhal telefon vasitəsilə polkovnik rütbəsinə yüksəltdi və qəsdçilərin həbs edilməsini əmr etdi. Yeni polkovnik Gebbelsin köməyi ilə öz əməliyyat qərargahını yaratdı, ordu və SS-in Hitlerə sadiq hissələri ilə əlaqə saxladı və onları döyüş hazırlığı vəziyyətinə gətirdi. Remer müharibədən sağ çıxdı. O, 1950-ci illərdə Ştauffenberqi dövlət xaini adlandırırdı. Az sonra AFR-i tərk etdi, Misirdə hərbi müşavir kimi çalışdı və 1997-ci ildə İspaniyanın Marbelya şəhərində vəfat etdi.
Saat 17:00-da Gebbels radio ilə çıxış edərək fürerə qarşı sui-qəsdin uğursuzluğa düçar olduğunu elan etdi. Saat 17:30-da o, SS oberfüreri Humbert Pifraderi qəsdçilərin qərargahına göndərdi. Pifrader Ştauffenberqdən qərargahı niyə qəfil tərk etdiyini soruşmalı idi (Pifrader 1945-ci ilin aprelində bombardman zamanı həlak olacaq). Lakin Ştauffenberq Pifraderi həbs etdirdi: o, qələbəyə hələ inanırdı. Saat 18:00 radələrində qəsdçilərə sadiq əsgərlər Radio Evini ələ keçirdilər. Ancaq radio yayımı dayandırılmadığından bu uğurun heç bir praktiki əhəmiyyəti olmadı.
Saat 19:30-da Bendlerştrassedə yerləşən qərargaha ali baş komandan təyin edilməsi nəzərdə tutulan feldmarşal Vitsleben gəldi. O, təxminən bir saat general Beklə söhbət etdikdən sonra binanı tərk etdi. Görünür, artıq sui-qəsdin məğlubiyyətə məhkum olduğuna əmin olmuşdu. Vitsleben gedəndən dərhal sonra Remerin əsgərləri Bendlerştrassedəki qərargah binasını mühasirəyə aldılar.
Təxminən bir saat yarım sonra – saat 22:30-da – Rezerv ordusunun Hitlerə sadiq zabitləri ilə qəsdçilər arasında atışma baş verdi. Bu atışmada Ştauffenberq yeganə əlindən yaralandı. Bundan sonra vəziyyət tamamilə dəyişdi. General Fromm həbsdən azad olundu və bu dəfə özü binadakı sui-qəsdçiləri – Ştauffenberqi, Hafteni, generallar Bek və Olbrixti, həmçinin polkovnik Kvirnhaymı həbs etdi. Bek Frommun icazəsi ilə iki dəfə özünü güllələməyə cəhd göstərdi, lakin buna nail ola bilmədi. Nəticədə feldfebel tərəfindən güllələndi. Sui-qəsddən xəbərdar olan Fromm üçün əsas məqsəd şahidlərdən mümkün qədər tez qurtulmaq idi. Buna görə də o, tələsik hərbi tribunal yaratdı. Tribunal Ştauffenberqi, Hafteni, Beki, Olbrixti və Kvirnhaymı güllələnməyə məhkum etdi. Saat 00:30-a qədər hökm qərargahın həyətində icra olundu.
.jpg)
Ştauffenberq divar önündə dayanarkən son dəfə ucadan qışqırdı: “Yaşasın müqəddəs Almaniya!”
Həmin gün hadisələrin az-çox plana uyğun getdiyi yeganə yer Paris idi. İyulun 20-də günorta saatlarında Fransadakı alman qoşunlarının komandanı general Karl-Haynrix fon Ştülpnagel Parisin hərbi komendantına SS və SD-nin 1200 zabitinin həbs olunmasını əmr etdi. Bu göstəriş saat 22:30-a qədər tam yerinə yetirildi. Bundan sonra Ştülpnagel Qərb cəbhəsinin komandanı feldmarşal fon Klyugenin qərargahına getdi. Fon Klyuge ümumilikdə sui-qəsdçilərə rəğbət bəsləsə də, həmin axşam onların tərəfinə keçməkdən imtina etdi.
Az sonra Parisdə də sui-qəsdin uğursuz olduğu məlum oldu. Həbs edilmiş SS və SD zabitləri tələsik azad edildilər. Baş verənlər onlara guya hərbi təlimlərlə əlaqədar görülən tədbirlər kimi izah edildi. Ertəsi gün Ştülpnagel Berlinə çağırıldı. Verden döyüşünün memorial sahəsinin yanından keçərkən o, sürücüyə maşını saxlamağı əmr etdi, bir qədər kənara çəkilərək özünü güllələməyə cəhd etdi. Lakin intihar cəhdi uğursuz alındı. Güllə onun bir gözünü çıxardı, digərini isə ağır zədələdi. Ştülpnagel hospitala yerləşdirildi, daha sonra isə xəstəxana xərəyində birbaşa məhkəməyə gətirilərək edam edildi. Fon Klyuge vəzifəsindən uzaqlaşdırıldı və 1944-cü ilin avqustunda intihar etdi.
“Tələsin, yoxsa sizi bizdən əvvəl asacaqlar”
Deyilənə görə, Gebbels sui-qəsdçilər haqqında belə demişdi: “Təsəvvür edin, bu inqilabçılar heç telefon xətlərini kəsməyi də ağıl etməyiblər. Mənim balaca qızım belə bunu fikirləşərdi”. Lakin çevriliş cəhdindən sonrakı həftələrdə, hətta aylarda Almaniyada heç kimin zarafata güləcəyi yox idi. İyulun 20-dən 21-nə keçən gecə Hitler radio ilə çıxış edərək sui-qəsdçiləri “şöhrətpərəst, məsuliyyətsiz, eyni zamanda axmaq və qəddar zabitlərdən ibarət cüzi bir dəstə” adlandırdı və “cinayətkar ünsürlər dəstəsini amansızcasına məhv edəcəyinə” söz verdi.
Fürer göstəriş verdi ki, sui-qəsd iştirakçılarını qondarma Xalq Məhkəməsi mühakimə etsin. O, məhkəmənin sədri Roland Freysleri “bizim Vışinski” adlandırırdı (Freysler əvvəllər kommunist partiyasının üzvü olmuşdu - Press klub).
Freyslerin ölüm hökmü çıxardığı şəxslərin əksəriyyəti royal simləri ilə “qəssabxanadakı heyvanlar kimi” asıldı. İlk edam olunanlar feldmarşal fon Vitsleben, Berlin komendantı Paul fon Haze, general Helmut Ştiff, general Erix Hepner, qraf Peter fon Vartenburq və daha üç zabit oldu. İyulun 21-də fon Treskov Belostok yaxınlığında qumbara ilə özünü partlatdı.
Frans Halder sui-qəsddə birbaşa iştirak etməsə də, ona rəğbət bəslədiyinə görə iyulun 23-də həbs edildi və müharibənin sonunu həbs düşərgəsində qarşıladı. Taleyüklü gündə Hitlerin qərargahını rabitədən təcrid edə bilməyən general Felgibel sui-qəsddən cəmi bir neçə saat sonra həbs olundu. Hakim Freysler ona ölüm hökmü oxuyarkən Felgibel cəsarətlə belə cavab verdi: “Məni asmağa tələsin, yoxsa sizi bizdən əvvəl asacaqlar”.
Hakim Freysler 1945-ci il fevralın 3-də Berlinin bombardmanı zamanı, məhz qəsdçi Fabian fon Şlabrendorfun məhkəməsi gedərkən həlak oldu. Şlabrendorf bombardmandan salamat çıxdı. Ölüm cəzasına məhkum olunsa da, həbs düşərgəsinə göndərildi, sonradan Nürnberq tribunalının məsləhətçisi kimi çalışdı, daha sonra hüquqşünas və 1967-1975-ci illərdə AFR Konstitusiya məhkəməsinin hakimi oldu, 1980-ci ildə 73 yaşında vəfat etdi.
Felgibel 1944-cü il sentyabrın 4-də edam edildi. Sui-qəsdin siyasi rəhbəri Karl Gerdeler gizlənməyə çalışdı, lakin bir restoranın metrdoteli tərəfindən satıldı və 1945-ci il fevralın 2-də edam olundu. Ervin Rommel isə 1944-cü il oktyabrın 14-də zəhər qəbul etməyə məcbur edildi. Ümumilikdə təxminən 200 nəfər ya edam edildi, ya da intihara məcbur edildi.
Bəzi hesablamalara görə, 20 iyul sui-qəsdi və dövlət çevrilişi cəhdi ilə bağlı təxminən 7 min nəfər həbs olunmuşdu. Lakin tarixçilərin bir hissəsi bu rəqəmi xeyli şişirdilmiş hesab edir.
Həbs olunanların sonuncuları arasında Fridrix Fromm və Vilhelm Kanaris də var idi. Kanarisin qeydlərində sui-qəsdlə əlaqəsini təsdiqləyən materiallar aşkar edildi. Bu iş üzrə son məhkəmə prosesi 1945-ci il aprelin 8-də – Hitlerin ölümündən cəmi 22 gün, Almaniyanın qeyd-şərtsiz təslim olmasından 30 gün və Nürnberq tribunalının fəaliyyətə başlamasından 7 ay əvvəl keçirildi.
Bu gün Ştauffenberqin və onun dörd silahdaşının güllələndiyi yerdə, Rezerv ordusunun keçmiş qərargahının həyətində xatirə lövhəsi qoyulub. Bendlerştrasse küçəsi isə Ştauffenberqin şərəfinə adlandırılıb. Ştauffenberqin və onun silahdaşlarının antinasist müqavimət hərəkatının qəhrəmanları sayılıb-sayıla bilməyəcəyi barədə mübahisələr müxtəlif dövrlərdə siyasi amillərin təsiri ilə fərqli istiqamətlər alsa da, müzakirələr bu gün də davam edir.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada