Logo
news content
User
Kateqoriyalar

Xəbər

İpoteka və Kredit Zəmanət Fondunun sədri işdən azad edilib, yeni sədr təyin olunub

Prezident İlham Əliyev Fəxri Xanhüseyn oğlu Kazımovu İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edib.

Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Onun digər sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev yeni sədr təyin olunub.

F.Kazımov 2017-ci il dekabrın 25-dən bu vəzifədə çalışırdı.

O.Xaliyev 1985-ci ildə Sumqayıtda anadan olub, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr, 2010-cu ildə isə "İdarəetmənin informasiya texnologiyası" üzrə magistratura pilləsini bitirib, 2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 2010-cu ildə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb, 2011-2012-ci illərdə Azərbaycan Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib, 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC" şirkətində məsləhətçi vəzifəsində çalışıb, 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahəsindəki şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib, 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci il iyunun 1-dən isə sədr müavini təyin edilib, 2022-ci il noyabrın 15-dən Fondun İdarə Heyətinin sədri olub.