Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dolları keçib
07 Sentyabr 2026
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin ilk 8 ayında artıb.
AMB xəbər verir ki, avqustun 31-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15,3 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin sonunda bu göstərici 11,5 milyard dollar olub. Beləliklə, ilin əvvəlindən valyuta ehtiyatları 3,8 milyard dollar və ya 32,9% artıb.
2025-ci ilin avqustunun sonunda isə AMB-nin rəsmi valyuta ehtiyatları 11,2 milyard dollar təşkil edib. İllik müqayisədə ehtiyatlar 4,1 milyard dollar və ya 36% artıb.
Qeyd edək ki, iyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollar olub. Beləliklə, təkcə avqust ayında ehtiyatlar təxminən 1,5 milyard dollar və ya 11,1% artıb.
AMB valyuta ehtiyatlarının rekord səviyyəyə çatmasını tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklifin tələbi üstələməsi ilə əsaslandırıb.
Qeyd edilib ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir: “Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır”.