Ukrayna uğrunda həlledici döyüş başladı
Rusiya var qüvvəsi ilə hücuma keçib, bütün şəhərlər bombalanır
19 Aprel 2022
Rusiya Donbasda hücuma başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusunun sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir. Hazırda Xarkov, Dnepr, Nikolayev şəhərləri, Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqanskdakı mövqeləri aramsız və ağır raket atəşinə tutulur.
Ukrayna Prezidenti Volodimir Zelenski təcili xalqa müraciət edərək, Rusiyanın artıq bir müddətdir gözlənilən hücum əməliyyatına başladığını bildirib: “Rusiya çoxdan hazırlaşdığı Donbas əməliyyatına başladı. Rusiyanın çox ciddi qüvvələri həmin ərazidə cəmləşib. Amma oraya nə qədər qüvvə cəmləsələr də, biz müdafiə olunmaqda davam edəcəyik. Mübarizə aparacağıq. Ukraynanın olan heç nəyi onlara verməyəcəyik”.
Rusiya Federasiyasının əsas səyləri Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarətin yaradılmasına və əvvəllər işğal olunmuş ərazilərin əldə saxlanmasına yönəlib.
Məlumata görə, Donetsk və Tauride istiqamətlərində Rusiya hərbçiləri əsas səylərini Liman, Kremennaya, Popasnaya və Rubijnoye yaşayış məntəqələrinin ələ keçirilməsinə yönəldib.
Bununla yanaşı, hazırda Mariupol uğrunda döyüşlər davam edir. Rusiya tərəfi dəniz limanı ərazisində hücum əməliyyatları aparır. Paralel olaraq, Xerson vilayətinin ərazisi üzərində tam nəzarəti bərqərar etmək cəhdləri dayanmaq bilmir.
Eyni zamanda Qara və Azov dənizlərinin akvatoriyasında olan düşmən gəmi qrupları Ukraynanın dəniz sahillərini təcrid etməyə çalışır.