Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya əsəbiləşir, Ermənistan qarışır...
Ekspert: “Rusiya ətrafındakı dövlətlərin birliyə ehtiyacı var”

Ermənistan müxalifəti var qüvvəsi ilə mövcud hakimiyyəti xalqın gözündən salmağa, onu bir növ “bəşəri satqın” kimi təqdim etməyə çalışır.

Hazırda ölkədə davam edən mitinqlərə rəhbərliyi üzərinə götürən parlament müxalifəti bəyanat layihəsi hazırlayıb. Bəyanatda deyilir: “Ermənistan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tam həyata keçirilməsinə kömək edəcək, Dağlıq Qarabağ Respublikasının beynəlxalq aləmdə tanınmasına nail olacaq (qeyd edək ki, rəsmi İrəvanın özü hələ də “DQR”in dövlət suverenliyini tanımağa cürət etməyib – red.).

Ermənistan üçün Qarabağ münaqişəsinin Artsaxın Azərbaycanın tərkibində olması ilə nəticələnəcək hər hansı yekun həll variantı qəbuledilməzdir”.

Mətndə həmçinin Ermənistanla Dağlıq Qarabağ arasında tanınmamış “respublikanın” anklav mövqeyini istisna edən etibarlı quru əlaqəsinin təmin edilməsinin zəruriliyindən bəhs edilir.  

“Ermənistan Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin və bundan sonrakı bütün komponentləri ilə birgə öz müqəddəratını təyinetməsinin təminatçısı kimi çıxış edir” – “müqavimət hərəkatının” liderlərindən biri, parlamentin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan sənədin bəndlərindən birini təqdim edib.

Bəyanatda bu ilin əvvəlindən başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunulub. Qeyd olunur ki, Ermənistan Türkiyə ilə 1915-1922-ci illərdə Osmanlı İmperiyasında ermənilərin “soyqırımı”nı şübhə altına alan istənilən razılaşmanı rədd edir.

Saqatelyanın sözlərinə görə, hakimiyyət həqiqətən də Türkiyə və Azərbaycanla əlbir deyilsə, onda bu bəyanatın altına imza atmalıdır.

Amma o əmindir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bəyanatı imzalamayacaq.

İyunun 3-də müxalifət fraksiyalarının tələbi ilə Ermənistan Milli Məclisinin növbədənkənar iclas keçiriləcək. İclasın gündəliyinə bu bəyanatın müzakirəsi və qəbulu daxil edilib.

“Ya onlar iyunun 3-də gəlib bəyanatı imzalayacaqlar, ya da Artsaxın niyə Azərbaycana keçməli olduğunu əsaslandırmalı olacaqlar. Əminəm ki, onlar bəyanatı imzalamayacaqlar və bu, onların sonunun başlanğıcı olacaq”, - Saqatelyan bildirib.

Beynəlxalq ictimaiyyət açıq şəkildə deyir ki, Ermənistan Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olması təhlükəlidir. Məlum olduğu kimi, bunu bir müddət öncə baş nazir Nikol Paşinyan da Ermənistan parlamentinin tribunasından çıxışı zamanı bildirib. Onun sözlərinə görə, beynəlxalq müttəfiqləri İrəvanın bu cür mövqeyinin təkcə Dağlıq Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər.

Müxalifət isə bu fonda iqtidarı yenidən təxribata çəkir, onları “xəyanət”ə imza atmağa məcbur etməyə çalışır. Maraqlıdır, müxalifətin bu fəaliyyəti nəyə gətirib çıxaracaq? Və onların bu addımları nəticəsində davam edən mitinqlər indikindən daha kütləvi olacaqmı?

old.pressklub.az-ın suallarını tanınmış ekspertlər cavablandırıb.

Mixail Neyjmakov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki (Moskva):

- Çətin ki, İrəvanın Bakı və Ankara ilə danışıqlar mövzusu, ən azı bu prosesin indiki mərhələsində, Ermənistan müxalifətinin aksiyalarının kütləvi xarakter almasına səbəb olsun. Müxalifət tərəfdarlarını rəsmi İrəvanın danışıqlar prosesi çərçivəsində çox iri miqyaslı və əvvəllər elan olunmamış güzəştləri, ya da çox ciddi daxili siyasi insidentlər səfərbər edə bilər. Məsələn, asayiş keşikçiləri ilə toqquşmadan sonra etirazçılardan birinin (xüsusilə gənc və ya üstəlik, yeniyetmə olsa) ölümü. Amma İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurma, məsələn, 2008-ci ilin fevral ayının sonu - martın əvvəli ilə müqayisədə daha az sərt formatda gedir. Bu da belə hadisələrin baş vermə ehtimalını azaldır. Həmçinin, müxalifət liderlərindən birinin şübhəli ölümü etirazçılar üçün səfərbərlik faktoruna çevrilə bilər.

Müxalifətin hazırladığı bəyanat layihəsinə və iqtidar tərəfdarlarının mümkün reaksiyasına gəlincə, bu cür informasiya xarakterli məqamlar, bir qayda olaraq, daha geniş auditoriya üçün deyil, etirazçıların ən fəal nüvəsi üçün əhəmiyyətli faktordur. Etiraz kampaniyasının ən pik vəziyyətdə olduğu məqam istisna sayıla bilər - o zaman iqtidarın başqa vaxt heç diqqət edilməyən istənilən ən əhəmiyyətsiz addımı (o cümlədən müxalifətin hər hansı təşəbbüsünü dəstəkləməkdən imtina) narazılığın əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Amma hələlik Ermənistanda etiraz kampaniyası başqa ssenari üzrə inkişaf edir.

Eqor Kuroptev, politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru (Tbilisi):

- Düzünü desəm, Ermənistandakı müxalifətin bəyanatlarına o qədər də diqqət yetirməyə dəyməz. Seçkilər oldu və Ermənistan xalqının əksəriyyəti hazırkı müxalifətin əleyhinə səs verdi. Onların bir hissəsi Paşinyanın tərəfdarıdır, əksəriyyət isə müxalifətin əleyhinədir. Ermənistan hakimiyyətinin, sözün əsl mənasında, ölkəni sülhə, inkişafa, inteqrasiya layihələrinə və müstəqilliyə doğru aparacaq xalq mandatı var.

Biz Brüsseldə çox fəal və müsbət proseslərin getdiyini görürük. Ümid var ki, region yavaş-yavaş da olsa, davamlı sülhə doğru irəliləyir. İndi Putin Rusiyasının təcrid olunduğu və Ukraynadakı məğlubiyyətdən əsəbiləşdiyi bir vaxtda, Rusiya ətrafındakı dövlətlərin hüquqi və ya faktiki işğala məruz qalmaması üçün birliyə ehtiyacı var. Əsas olan budur.

Rauf Orucov