Logo
news content
User
Kateqoriyalar

Analitika

Kamil Zeynallı İrəvana təhvil veriləcəkmi?
Vəkilin dediyinə görə, onun barəsində həbs qətimkan tədbiri seçilə bilər

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Açıqlamada qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Kamil Zeynallının Ermənistan tərəfindən axtarışa verilməsi barədə indiyədək heç bir məlumat olmayıb. 

Hadisəni saytımıza şərh edən hüquqşünas Şamil Paşayev də deyir ki, Kamil Zeynallının hansı fakt üzərindən günahlandırıldığı məlum deyil. O, bildirir ki, Ermənistan tərəfindən onun may ayından bəri İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi inandırıcı gəlmir. Çünki İnterpol xətti ilə axtarış daha tutarlı səbəblərə görə aparıla bilər. “Başqa tərəfdən, ola bilər ki, bu, daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çərçivəsində qarşılıqlı hüquqi əməkdaşlıq müstəvisində Ermənistanın başladığı axtarışı ola bilər”. 

Şamil Paşayev qeyd edib ki, beynəlxalq hüququn təməl prinsipinə görə, şəxs getdiyi ölkədə işgəncəyə məruz qalacağı, hər hansı bir problemlə qarşılaşacağı təqdirdə, tələb edən ölkəyə verilməsi mümkün deyil. “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ də bağlanmayıb. Belə olan halda, Rusiya tərəfindən Azərbaycan Respublikasının vətəndaşının Ermənistana verilməsi inandırıcı deyil. Bundan əlavə, nəzərə almaq lazımdır ki, şəxsin Ermənistana ekstradisiya olunması üçün onun əməli həm Rusiyada, həm də Ermənistanda cinayət sayılmalıdır”

Müsahibimiz deyir ki, bundan sonra Ermənistan tərəfinin hansı açıqlamanı verməsindən asılı olmayaraq, Kamil Zeynallının nə Rusiya, nə də Ermənistanda hər hansı cinayət əməli törətməsi inandırıcı deyil. Bundan başqa, Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Respublikasının vətəndaşları heç bir halda başqa ölkəyə verilmir. Rusiya ilə Azərbaycan arasında, ümumiyyətlə, MDB ölkələri arasında ekstradisiyanı da ehtiva edən Kişinyov və Minsk Konvensiyaları var. 

Rusiya ilə Azərbaycan arasında olan tərəfdaşlıq müqaviləsi və adıçəkilən Konvensiyaların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı cinayət törətmiş olsa belə, Rusiya onu həmin üçüncü ölkəyə deyil, Azərbaycana təhvil verməlidir. 

Hüquqşünas sonda bir daha qeyd etdi ki, Kamil Zeynallının Ermənistana təhvil verilməsi məsələsi hüquqi baxımdan mümkün deyil.

Nəhayət, hadisə ilə bağlı yeni xəbər İrəvandan gəldi. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.

Qəribə səslənsə də, nazirlik Zeynallının qətldə ittiham edildiyini bildirib. Lakin əlavə məlumat verilməyib, söhbətin hansı hadisədən getdiyi açıqlanmayıb.

Kamil Zeynallının hüquqlarını müdafiə edən vəkil Ələkbər Qarayev “Report”un Moskva bürosuna açıqlamasında deyib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər: “2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, ötən gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”.

Vəkil qeyd edib ki, hadisə Azərbaycanın Rusiyadakı səfirliyinin və səfir Polad Bülbüloğlunun nəzarəti altındadır. 

Mədinə Useynova