Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qanundan üstün: Gələcəyimizi təhdid edən gözəgörünməz təhlükə
Cinsiyyətə əsaslanan abortların artması gələcəkdə sosial problemlərin yaranmasına səbəb ola bilər

Adətən il başa çatanda, bir il ərzində gördüyümüz işlərə yekun vurur, nəyi etdiyimiz, nəyi etmədiyimiz və bundan sonra nələri etməli olduğumuzu nəzərdən keçiririk. Köhnə ili yola salanda gördüyümüz işlərdən biri də mütləq şəkildə statistik göstəricilərə nəzər salmaq olur. Bəzən bu göstəricilər bizi sevindirir, bəzən isə qanımızı qaraldır. 

Təəssüf ki, Dövlət Statistika Komitəsindən bir neçə gün öncə açıqladığı statistik göstərici heç də sevindirici deyil. Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86274 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub. 

Son illərdə bir çox ölkələrdə doğulan oğlan uşaqlarının sayının qız uşaqlarının sayından xeyli çox olması ciddi narahatlıq doğuran tendensiyaya çevrilib. Bu gender disbalansı, xüsusilə Cənubi Asiya, Şərqi Asiya və Qafqaz regionlarında, o cümlədən Azərbaycanda daha kəskin şəkildə müşahidə olunur. Məsələnin kökündə sosial, mədəni və iqtisadi faktorların dayanması problemi daha da mürəkkəbləşdirir.

Cəmiyyətlərdə oğlan övladına üstünlük verilməsi ənənəvi gender stereotipləri ilə əlaqələndirilir. Bir çox yerdə oğlan uşaqları ailənin davamçısı, iqtisadi təminatçısı və valideynlərə yaşlılıq dövründə dəstək kimi qəbul edilir. Buna qarşılıq, qız uşaqları bəzən iqtisadi yük və ya ailə dəyərlərinin qorunmasında daha az önəmli hesab edilir. Bu yanlış yanaşma, bəzi hallarda texnologiyanın – prenatal diaqnostika və selektiv abortların – köməyi ilə oğlan uşaqlarına üstünlük verilməsinə gətirib çıxarır.

Gender balansının pozulmasının nəticələri yalnız fərdi səviyyədə qalmır, eyni zamanda cəmiyyətin sosial və iqtisadi strukturunda da dərin izlər buraxır. Uzunmüddətli perspektivdə bu vəziyyət cəmiyyətdə evlilik yaşında olan kişilərin sayının qadınlardan xeyli çox olması, gender əsaslı zorakılığın artması və demoqrafik tarazlığın pozulması kimi problemlərə səbəb ola bilər.

Bu məsələnin həlli üçün yalnız hüquqi və inzibati tədbirlər deyil, həm də gender bərabərliyinin təbliği, maarifləndirmə kampaniyaları və iqtisadi təşviqlər tələb olunur. Gender balansının qorunması təkcə qadınların hüquqlarının təminatı deyil, həm də sağlam və dayanıqlı cəmiyyətin qurulması üçün vacibdir.

Etiraf etməliyik ki, problemin kəskin şəkil almasında texnologiyanın inkişaf etməsi ciddi rol oynayır. Hələ ultrasəs müayinələr yaranmazdan əvvəl məsələ başqa cür idi. Öncədən cinsiyyət bilinmədiyi üçün ailələr uşağı tələf etmir, “bəlkə oğlan olar” deyə, səbirlə 9 ay gözləyirdilər. Amma Qərb ölkələrinə hələ ötən əsrin ortalarından başlayaraq tətbiq olunan ultrasəs müayinələr 1993-1994-cü illərdə Azərbaycana da gəlib çatdı və... selektiv abort geniş vüsət aldı. Nəticədə, 20 ildən sonra yeni doğulan qızlarla oğlanlar arasında nisbət 100:116-ya qalxdı. 10 il sonra isə Azərbaycan hamiləliyi süni şəkildə dayandırmaqda çox böyük təcrübəyə malik Çini belə geridə qoyaraq, selektiv abortlar üzrə dünyada birinci yerə çıxdı. Bu proses o vaxtdan bu günə kimi sürətlə davam edir. Cinsiyyəti öyrənən kimi abort etdirmə tendensiyası yaranandan bəri ölkədə qızların sayı ciddi şəkildə azalmağa başlayıb. Əhali bu gün bunu hiss etməsə də, 20-30 il sonra fəsadlar çox aydın görünəcək. Bunun nə dərəcədə böyük demoqrafik problem olduğunu, gender balansının pozulduğunu görənlər isə təəssüf ki, çox azdır. 

Problem mediada dəfələrlə işıqlandırılsa da, bununla bağlı heç bir ciddi addım atılmayıb. Pressklub.az da ötən il məsələ ilə bağlı iki hissəli geniş araşdırma aparıb. Amma problemlə məşğul olmalı olan orqanlar onu görməməzdən gəlir. Demoqrafik böhran isə qapımızı döyür. 

Pressklub.az-a danışan sosioloq Lalə Mehralı da razılaşır ki, bu disbalans ciddi demoqrafik problemlərin əsasını qoyacaq. Ekspert deyir ki, Azərbaycanda artıq çoxuşaqlı ailələr yoxa çıxır. Bir və ya iki övladın doğulduğu ailələrdə isə insanlar nəslin davamçısı kimi oğlan uşaqlarına üstünlük verirlər. Hətta bunun üçün xüsusi hesablamalar aparır, qadınlar həkimlərin hazırladığı proqrama uyğun hamilə qalır. Qız olanda isə aborta gedirlər: 

 “Dünyada abortlara və boşanmalara görə liderik. Nəticədə, oğlan-qız sayında balans pozulub. İnsanlar uşağın dünyaya gəlməsində minimum sayla kifayətlənirlər. Yəni, “cırtdan ailə” modeli bu gün ölkədə hökm sürür. Və böyüklərin təkidi ilə cəmiyyətdə “bir uşaqla kifayətlənən ailənin uşağı mütləq oğlan olmalıdır”, deyə bir fikir formalaşıb. Nəslin davamçısı kimi xarakterizə olunduğuna görə hər ailədə mütləq oğul övladının olması tələbi olur. Bu tələb daha çox yaşlı nəsil tərəfindən irəli sürülür”. 

Müsahibimiz hesab edir ki, bu da öz növbəsində bir neçə digər problemə yol açır: “Oğlanların sayı çoxalır, qızların sayı azalırsa, sabah o oğlan uşaqlarını dünyaya gətirəcək qadın olmayacaq. Oğlan uşaqlarının tərəfdarıyıqsa, sabah həmin oğlan uşaqlarını kiminlə evləndirəcəyik? Sabah o oğlanları kim dünyaya gətirəcək?”

Mövzu ilə bağlı Pressklub.az-a danışan ginekoloq Təranə Həsənova deyib ki, bu problem bir neçə ildir özünü büruzə verib: “Mən bu problemə ilk dəfə 2012-2013-cü illərdə diqqət yetirdim. O vaxt qızımın sinfində oğlanların sayı qızların sayından kəskin şəkildə fərqlənirdi. 20 uşaqdan cəmi 6 nəfəri qız idi. Digər uşağımın da sinfində bunu müşahidə etdim. Yenə qızların sayı az idi. Ümumilikdə məktəbə diqqət etdikdə də açıq şəkildə oğlanların qızlardan çox olduğu görünürdü. O zaman müsahibələrimdən birində bunu qeyd etmişdim. Amma çoxları razılaşmadı, iddia etdilər ki, yalan deyirəm. Halbuki o fərq bu gün daha aydın hiss olunur. Təəssüf ki, zaman haqlı olduğumu isbatladı”. 

Müsahibimiz deyib ki, cəmiyyətimizdə oğlan uşağına qarşı qeyri-adi rəğbətin olduğu məlum məsələdir. Bu da təbii artımı pozur, oğlanların normadan çox olmasına gətirib çıxarır: “Özüm abort əməliyyatı etmirəm. Amma ətrafdan dəfələrlə rastlaşmışam ki, qadınlar qız uşaqlarını abort etdirməyə məcbur edilirlər. Oğlan uşağı doğulana qədər bu proses təkrarlanır. Amma bəzi qadınlar da var ki, heç bir təzyiqə uğramadan bu seçimi edir. Çünki uşaqlıqdan öz ailəsində oğlan uşağının önəmini, nəslin davamçısı olduğunu eşidərək böyüyüb. Onu da qeyd edim ki, cinsiyyəti bildikdən sonra aborta üz tutan qadınların 15-30%-də ginekoloji xəstəliklər inkişaf edir, qanaxma, abort zamanı infeksiya, metroendometrit (uşaqlıq divarının əzələ və selikli qişasının iltihabı red.), parametrit (uşaqlığı əhatə edən birləşdirici toxuma-parametriumun irinli-infiltrativ iltihabı - red.), çanaq peritonitləri kimi risklər artır”. 

Doktor məsələ ilə bağlı bir xatirəsini bölüşüb: “Hepatit xəstəsi olan, iki qızı olan bir pasientim var idi. Üçüncü uşağın hamiləliyində başqa həkim oğlu olacağını demişdi. Əməliyyat zamanı isə qız uşağı dünyaya gəldi. Problemli hamiləlik keçirməsinə və uşağının əslində qız olduğunu bilməsinə baxmayaraq, ona qıymayıb, dünyaya gətirməyi seçmişdi. Yoldaşına isə həqiqəti deməmişdi. Bəlkə, insafa gələr deyə. Qız uşağının olduğunu görən həyat yoldaşı da elə oradaca 3 qızını və yoldaşını tərk edib getmişdi. Oğlu olmadığına görə üsyan edirdi. Sanki hər şey qadının günahı imiş kimi. O qadının ağlaması hələ də gözümün önündən getmir”.

Müsahibimiz bildirib ki, problem həll olunmasa, həqiqətən fəlakətlə nəticələnəcək. Oğlanlar evlənmək üçün qız tapmayanda digər millətlərin qızları ilə evləncəklər. Problemdən çıxış yolu yalnız ailələrə dövlət dəstəyinin artırılmasıdır. “Uşaq pulu” bərpa edilməlidir. Bununla da ailələr uşağın xərclərindən çəkinməz, abortu da tək çıxış yolu görməzlər. Və “cırtdan ailə” modeli tendensiyası səngiyər.  

Qeyd edək ki, valideynlərə sosial dəstək və demoqrafik proseslərin idarə edilməsi məqsədilə dövlət tərəfindən hər bir uşağa görə verilən müavinət dünyanın bir çox ölkələrində tətbiq edilir. Hətta ailələrə birbaşa ödənişlərin verilməsi nəzərdə tutulmayan ölkələrdə, məsələn, ABŞ-da uşağı olan vətəndaşlar üçün vergi güzəştləri müəyyən edilib. 2022-ci ilin məlumatlarına görə, Avropada uşaq müavinəti ödənilməsi üzrə liderlər Lüksemburq (ayda 265 avro), Almaniya (265 avro), İsveçrə (201 avroya qədər) olub. Rusiyada yalnız ailə yaşayış minimumundan aşağı səviyyədə yaşadığı halda uşaqlara aylıq müavinət verilir. Ancaq orada bu sahədə əsas stimullaşdırıcı tədbir analıq kapitalıdır.

Qadınlara və uşaqlara yardım missiyası daşıyan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Pressklub.az-a açıqlamasında deyib ki, illərdir bu məsələ qaldırılsa da heç bir xeyri olmur. Statistika öz sözünü deyir: “Baxmayaraq ki, müxtəlif tədbirlər keçirilir, bərabərləşmənin mümkünlüyü vurğulanır, maarifləndirmə işləri görülür. Amma nəticə dəyişmir. Bu da onu göstərir ki, cəmiyyətdə oğlan uşağına meyllilik artan xətlə davam edir”. 

Müsahibimiz hesab edir ki, məsələnin kökü təhlükəsizliklə bağlıdır: “Məsələyə fərqli pəncərədən baxsaq, görərik ki, kökündə iqtisadi amil yox, təhlükəsizlik məsələsi dayanır. Valideyn əvvəlcədən öz “tədbirini” görür ki, sabah hansısa problemlərlə üzləşməsin, qızını kimsə yoldan çıxarmasın, zorakılıq etməsin. Cəmiyyətdə qızlarla bağlı mənfi rəy dəyişməyincə, onları stimullaşdırıcı, karyera yüksəlişinə nail olacaq hərəkətlər etməyincə, onların bərabərhüquqlu olmasına şərait yaratmayınca, hələ ki bu proses davam edəcək. Təəssüf, bu məsələdə stereotiplər qanunlardan üstündür. Molla Nəsrəddin öncədən uşağını döyür ki, sonra başı ağrımasın. Biz də o günə düşmüşük”. 

Müsahibimiz deyib ki, dünya irəliyə gedir, biz isə bu məsələlərdə geriyə gedirik. Oğlan uşağı fanatizmi, erkən nikahlar və s. kimi stereotiplər yox olmasa, hələ çox problemlər ortaya çıxacaq: “Üstəlik aldığım məlumatlara görə, evdə doğuşlar da bərpa olmaq üzrədir. Bunlar çox təhlükəli problemlərdir”.

Müsahiblərimiz problemin kökünü müxtəlif aspektlərdən dəyərləndirdi. Problem və onun doğurduğu fəsadlar çoxşaxəlidir. Həlli üçün xeyli zaman tələb edir. Çox gec olmadan, məsələ ilə bağlı həyəcan təbili çalınmalı, hər kəs üstünə düşən vəzifəni yerinə yetirməlidir. Yaxınlaşan fəlakəti vaxtında haqlamasaq, o bizi haqlayacaq. 

Günay Elşən