Kreml süfrəsinin sirləri: qəhrəman döyüşçünü susduran güllələnmə hökmü
“Yeliseyevski” qastronomunun rəhbəri kimləri şantaj etməyə çalışırdı?
11 May 2026
Yuri Sokolov — Moskvanın əfsanəvi “Yeliseyevski” qastronomunun direktoru idi. O, sovet partiya nomenklaturasını bahalı delikateslərlə təmin edir, Qalina Brejneva ilə yaxın münasibət saxlayır və qıtlıq dövründə böyük sərvət toplayırdı. Amma məhkəmədə Sokolov ölkə rəhbərliyindən kimlərin maxinasiyalara qarışdığını deməyə çalışanda, onu sözünü bitirməyə belə imkan vermədən güllələnməyə məhkum etdilər...
Moskva əfsanəsi
Moskvanın ən məşhur qastronomunun tarixi 1898-ci ildə başladı: Tver küçəsindəki binanı tacir Qriqori Yeliseyev satın aldı. Üç il sonra binanın birinci mərtəbəsində dəbdəbəli şəkildə bəzədilmiş mağaza açıldı və paytaxt sakinləri onu tezliklə sahibinin şərəfinə “Yeliseyevski” adlandırmağa başladılar.
Açıldığı ilk illərdən mağaza Moskvanın görməli yerlərindən birinə çevrildi. Ziyarətçilər “Yeliseyevski”nin büllur çilçıraqları və qızılı naxışlarla bəzədilmiş tavanı altında həvəslə gəzir, nadir hallarda alış-veriş etmədən oranı tərk edirdilər. Lakin sonra tacir Yeliseyevin uğurlu biznesinə inqilab qarışdı: o, Fransaya qaçmağa məcbur oldu, məşhur mağazanın lövhələri metal qırıntısına göndərildi, ticarət zalları isə Yeni İqtisadi Siyasət (NEP) dövrünün sonunadək boş qaldı.

XX əsrin 30-cu illərində “Yeliseyevski” artıq yeni ad altında — Qastronom №1 kimi fəaliyyətə başladı. Mağazanın yerləşdiyi küçənin adı da dəyişmişdi: 1932-ci ildə Tver küçəsi Qorki küçəsi adlandırıldı. Amma moskvalılar məşhur mağazanı yenə də Yeliseyevin adı ilə çağırırdılar. Onun elit statusu da qorunub saxlanılmışdı — burada ananas kimi qıt məhsullar satılırdı. Təbii ki, “Yeliseyevski”nin direktoru olmaq çox nüfuzlu vəzifə sayılırdı və bu posta yiyələnmək istəyənlər az deyildi. Onlardan biri də Yaroslavl əsilli Yuri Sokolov idi. O, əfsanəvi mağazanın bəlkə də ən məşhur direktoruna çevrildi, amma şöhrəti heç də fədakar əməyinə görə qazanmadı...
Sokolovun mənşəyi barədə az məlumat var: anası Ali Partiya Məktəbinin professoru, atası isə alim idi. Gənclik illərində Yuri həmyaşıdlarından seçilmirdi, lakin sovet-alman müharibəsi hər şeyi dəyişdi. 18 yaşlı Sokolov cəbhəyə düşdü, özünü əla döyüşçü kimi göstərdi və kiçik leytenant rütbəsində 2-ci Pribaltika cəbhəsində minaatan batareyasının taqım komandiri oldu.
Qəhrəmandan məhbusa
Silahdaşlarının sözlərinə görə, Sokolov qorxmazlığı ilə seçilir və tabeliyindəkilərdən də bunu tələb edirdi. Bu da nəticə verirdi — gənc komandirin taqımı düşmənin 100-dən çox əsgərini, bir neçə pulemyotunu və topunu məhv etmişdi. Çoxsaylı xidmətlərinə görə 1945-ci ildə Sokolov səkkiz təltif aldı; onların arasında ən nüfuzlusu “Qırmızı Ulduz” ordeni və “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı idi.
Amma cəbhə xidmətləri Sokolovun müharibədən sonrakı dövrdə karyera qurmasına kömək etmədi — o, 40-cı illərin sonunadək təsadüfi işlərlə dolanırdı. Belə həyatdan yorulan keçmiş cəbhəçi Moskvaya köçdü, paytaxt ali məktəblərindən birinə daxil olaraq “Ticarət işi” ixtisası üzrə təhsil almağa başladı və tezliklə taksi sürücüsü kimi iş tapdı.
Lakin sakit həyat uzun çəkmədi: 1950-ci ildə müştərilərdən biri taksi sürücüsü Sokolovu artıq pul almaqda şübhəli bildi. Milis sərnişinin şübhəsini təsdiqlədi — o, aldadılmışdı. Sokolov iki il azadlıqdan məhrum edildi və cəzasını son gününədək çəkdi.
“Yeliseyevski”nin kralı
Həbsdən çıxandan sonra keçmiş məhbus yenidən iş axtarmağa başladı, amma artıq taksi sürücüsü olmaq ona qadağan edilmişdi. Buna görə də Sokolov ticarət sahəsinə üz tutdu: Moskva mağazalarından birində satıcı işləməyə başladı və sürətlə tanış çevrəsi qazandı. Bütün bunlar 60-cı illərin əvvəllərində ona məşhur “Yeliseyevski”yə düşməyə kömək etdi. Maraqlıdır ki, onun qeyri-adi adı olan həyat yoldaşı Florida da az nüfuzlu olmayan yerdə — Qırmızı meydandakı Mərkəzi Universal Mağazada (QUM) işləyirdi.
Sokolov “Yeliseyevski”də sıravi satıcı kimi uzun müddət qalmadı və 1963-cü ildə mağaza rəhbərinin müavini oldu. Doqquz il sonra isə artıq rayon partiya komitəsinin büro üzvü ikən qastronoma rəhbərlik etməyə başladı. Yeni vəzifədə onun ilk qərarı avadanlıqların dəyişdirilməsi oldu: temperaturu normal saxlamayan soyuducular tullantıya göndərildi, onların yerinə isə Finlandiya istehsalı olan refrijeratorlar gətirildi.

Yeni texnika sayəsində əvvəllər bir neçə günə xarab olan məhsullar daha uzun müddət saxlanılırdı. Amma bu sənədlərdə əksini tapmırdı — mallar əvvəlki həcmdə silinir, qeydiyyata düşməyən satışlardan gələn pullar isə gizlicə Sokolovun cibinə gedirdi. Oraya həmçinin tabeliyindəki şəriklərin “haqları” da daxil olurdu — şöbə müdirləri və filial rəhbərlərindən direktor 150–300 rubl alırdı.
Lakin qanunsuz gəlirlər “Yeliseyevski”nin direktorunda çox qalmırdı — Sokolov bu pulları rüşvətə xərcləyirdi. O, xəsislik etmirdi və səxavətlə bölüşürdü, o cümlədən Moskva Şəhər İcraiyyə Komitəsinin Baş Ticarət İdarəsinin əməkdaşları ilə. Həmin idarəyə Nikolay Trequbov rəhbərlik edirdi. Deyilənə görə, məhz o, Sokolovun “Yeliseyevski”də işə düzəlməsinə kömək etmişdi.
Elita üçün delikateslər
Sokolovun böyük və heç də həmişə qanuni olmayan səyləri sayəsində onun mağazasına çoxlu keyfiyyətli və qıt məhsullar gətirilirdi. Amma mağazaya daxil olan malların yarısı belə sadə alıcılara çatmırdı — bunlar partiya elitasının, bohemanın və yüksək vəzifəli alimlərin süfrələrinə gedirdi. “Yeliseyevski”nin direktoru sayəsində onlar qara və qırmızı kürü, şokoladlar, kolbasa və pendirlər, balıq delikatesləri, qəhvə və keyfiyyətli spirtli içkilərdən korluq çəkmirdilər.

Sokolov istedadlı idarəçi idi: onun qastronoma rəhbərlik etdiyi dövrdə mağazanın illik gəliri üç dəfə — 30 milyon rubldan 90 milyon rubla qədər artmışdı. Təbii ki, yüksək vəzifəsi və bacarığı sayəsində o, ən yüksək partiya dairələrinə yol tapmışdı. Himayədarları arasında Nikolay Trequbovdan başqa Moskva Şəhər Partiya Komitəsinin ikinci katibi Raisa Dementyeva və SSRİ daxili işlər naziri Nikolay Şelokov da vardı. Amma onların arasında ən nüfuzlusu Moskva Şəhər Partiya Komitəsinin katibi Viktor Qrişin idi; bəzi məlumatlara görə, məhz onunla əlaqə sonradan Sokolovun taleyində həlledici rol oynadı.
Qrişinin bir düşməni vardı — KQB rəhbəri Yuri Andropov. SSRİ-nin baş çekisti nəinki Qrişini korrupsiyada şübhəli bilirdi, həm də anlayırdı ki, o, özü Andropovun göz dikdiyi Sov.İKP MK-nın Baş katibi postuna əsas namizədlərdən biridir. Rəqibi aradan götürmək lazım idi və bunun ən yaxşı yolu onun ətrafını nüfuzdan salmaq ola bilərdi. Buna görə də hüquq-mühafizə orqanları Sokolovun əleyhinə material toplamağa başladılar.
Yeri gəlmişkən, tale Qastronom №1-in direktoruna cinayət məsuliyyətindən yayınmaq üçün şans vermişdi. 1970-ci illərin sonlarında mərkəzi qəzetlərdən birinin jurnalisti öz araşdırmasını aparmış və “Yeliseyevski” satıcılarının alıcıları tez-tez hesabda və çəkidə aldatdıqlarını müəyyənləşdirmişdi. Məqalə artıq çapa hazırlanırdı ki, redaksiyaya “yuxarıdan” zəng gəldi və kompromatın dərc olunmaması təkidlə xahiş edildi. Material çapdan çıxarıldı. Halbuki o vaxt Sokolovu sadəcə işdən çıxara bilərdilər və böyük ehtimalla o, siyasi mübarizənin dəyirmanına düşməzdi. Amma hadisələr başqa cür inkişaf etdi.
Kolbasa şöbəsindən olan dönük
Hüquq-mühafizə orqanları “Yeliseyevski”nin direktoruna ağılla yaxınlaşdılar. Sokolovun xaricə getməsindən istifadə edən əməkdaşlar onun kabinetinə dinləmə qurğuları və gizli kameralar yerləşdirdilər. Bunun üçün əməliyyatçılar “Yeliseyevski” binasında qısaqapanma təşkil etdilər və təmirçi adıyla Sokolovun iş otağına daxil oldular. Ezamiyyətdən qayıdan direktor kabinetinin casus texnikasıyla doldurulduğundan xəbər tutmadı və əvvəlki sxem üzrə sakitcə işləməyə davam etdi.
Əməliyyatçılar artıq hər gün onun ticarətlə bağlı müxtəlif şəxslərdən rüşvət alıb-verməsinin şahidi olurdular. Elə bu vaxt milisin əlinə Sokolovun şəriklərindən biri — kolbasa şöbəsinin müdiri keçdi. O, xaricilərə valyutaya araq və kürü satmağa çalışarkən yaxalanmışdı. İlk dindirmədə qadın “sındı” və rəhbərini bütün detallarıyla satdı.
Sokolov 1982-ci il oktyabrın 30-da saxlanıldı. “Yeliseyevski”nin direktorunun kabinetinə girməzdən əvvəl KQB əməkdaşlarına operativ məlumat daxil olmuşdu: şübhəli şəxs indicə 300 rubl rüşvət alıb. Amma çekistlər bilirdilər ki, Sokolov sadə adam deyil: onun masasının altında mühafizəni çağırmaq üçün həyəcan düyməsi vardı və bu, saxlanmanı çətinləşdirə bilərdi. Buna görə əməliyyatçılardan biri kabinetə girən kimi ona əl uzadaraq salam verdi. Direktor reflekslə əlini sıxdı və həmin an onu qandalladılar, düyməyə çatmağa imkan vermədilər.
Sokolovla yanaşı müttəhimlər kürsüsündə onun müavini və qastronomun üç şöbə müdiri də əyləşdi. Əsas fiqurant ilk vaxtlar susur, ifadə vermirdi. Ancaq Leonid Brejnevin ölümündən və hakimiyyətə Andropovun gəlməsindən sonra “Lefortovo” istintaq təcridxanasında saxlanılan Sokolov xeyli danışqan oldu. Partiyanın rəhbərliyinə onun qüdrətli himayədarı Qrişinin deyil, ən təhlükəli düşməni Andropovun gəldiyini öyrənən Sokolov istintaqla əməkdaşlığa getməyə qərar verdi və müddətinin azaldılması vədi qarşılığında hər şeyi danışmağa başladı.
Qalina Brejnevanın qonşusu
Sokolovu RSFSR CM-nin iri məbləğdə rüşvət alma və vermə barədə 173 və 174-cü maddələriylə mühakimə etdilər. Onu rejimin qurbanı hesab edənlər isə bildirirdilər ki, Sokolov dəbdəbə içində yaşamır, asketik həyat sürür, ən adi çarpayıda yatırdı.
Amma “Yeliseyevski” direktorunun evi bu obrazla heç cür uzlaşmırdı: onun evi Qalina Brejnevanın əri ilə birlikdə yaşadığı bağ evinin qonşuluğunda yerləşirdi. Həmçinin içindən 67 min rubl dəyərində istiqrazlar çıxan süd bidonu da (əməliyyatçılar bunu Sokolovun evində axtarış zamanı tapmışdılar) təvazökar həyat tərzinə uyğun gəlmirdi.
Sokolov qastronoma rəhbərlik etdiyi dövrdə Qalina Brejneva ona xüsusi rəğbət bəsləyirdi, o da Brejnevaya delikates dolu səbətlər göndərirdi. Bəzən Brejneva özü də “Yeliseyevski”yə gəlirdi: şəxsi avtomobiliylə mağazaya baş çəkir, geri qayıdanda isə maşının baqajı bahalı ərzaqlarla dolu olurdu. Təbii ki, SSRİ rəhbərinin qızına bunların hamısı tamamilə pulsuz verilirdi.
Son sözün qurbanı
Məhkəmədə Sokolov sadəcə ticarət aləmində hökm sürən qaydalarla oynadığını sübut etməyə çalışırdı. Amma öz gizli sxemlərinin bütün sirlərini açdıqca əslində özünü daha da batırdığını anlamırdı. Bir məqamda Sokolov məhkəməyə bütün kölgə əməliyyatlarını və iştirakçılarını qeyd etdiyi gizli dəftəri təqdim etdi və qeydləri oxumağa başladı. Lakin məhkəmə gözlənilmədən onu dayandırdı və hökmü tələsik elan etdi. Deyilənlərə görə, buna səbəb dəftərdə SSRİ rəhbərliyinin yüksək vəzifəli şəxslərinin adlarının keçməsi idi — müttəhimin açıq danışması onlar üçün son dərəcə arzuolunmaz idi.
İstintaqın bütün vədlərinə baxmayaraq, əməkdaşlıq Sokolovu xilas etmədi — o, ölüm cəzasına məhkum edildi. 1983-cü il noyabrın 11-də çıxarılan güllələnmə hökmü zalda gözlənilmədən alqışlarla qarşılandı. Alqışlayanlar özlərini tamaşaçı kimi göstərən KQB əməkdaşları və prosesə dəvət olunmuş paytaxt mağazalarının direktorları idi. Onların bir çoxu maxinasiyalarda Sokolovu da geridə qoya bilərdi, amma bu nümayişkaranə reaksiya ilə hakimiyyətə sədaqətlərini göstərməyə çalışırdılar. “№1 qastronomun işi”nin digər fiqurantları isə 11 ildən 15 ilə qədər həbs cəzası aldılar.
Sokolov barədə ölüm hökmü 1984-cü il dekabrın 14-də icra edildi. Hərçənd, indiyədək belə bir versiya dolaşır: guya məhkum məhkəmədən sonra onu istintaq təcridxanasına aparan milis maşınında başından vurularaq öldürülüb. Çünki bir vaxtlar hamının sevimlisi olan “Yeliseyevski” direktorunun mövcudluğu belə, son sözündə adlarını çəkməyə macal tapmadığı şəxslər üçün artıq son dərəcə təhlükəli idi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada