Keçmiş səfir: Tramp şərtləri rədd edə bilər, ancaq müharibə olmayacaq
12 May 2026
Vaşinqton və Tehran ağır təzyiq və çətinliklərə baxmayaraq, dolayı danışıqları davam etdirəcək. Bu fikri AzadlıqRadiosuna müsahibəsində ABŞ-nin keçmiş yüksəkvəzifəli diplomatı Qordon Qrey səsləndirib. O, prezident Corc Buş administrasiyası dövründə Dövlət Departamentində Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb.
Tehranın tələbləri və Trampın "qəbuledilməz" cavabı
Tehran Vaşinqtonun sülh planına cavab olaraq regionda hərbi əməliyyatların dayandırılmasını, sanksiyaların yüngülləşdirilməsini və dənizdə təhlükəsizliyə zəmanət verilməsini tələb edib. ABŞ prezidenti Donald Tramp mayın 10-da İranın mövqeyini rədd edərək onu "tamamilə qəbuledilməz" adlandırıb.
Q.Qrey İranın cavabını dönüş nöqtəsi hesab etmir. Onun fikrincə, bu, ABŞ vitse-prezidenti Cey Di Vensin İran parlamentinin sədri ilə İslamabadda görüşü ilə başlayan prosesin təbii davamıdır: "Həmin danışıqlar gözlənilən ciddi irəliləyişlə nəticələnməsə də, əsas məqam tərəflərin Pakistan, yaxın gələcəkdə isə Qətərin vasitəçiliyi ilə dolayı təmasları davam etdirməsidir. Qətərin baş naziri iki gün əvvəl Mayamidə olub və daxil olan məlumatlara görə, ABŞ elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb".
Hər iki tərəfin qırmızı xətləri
Tramp bundan əvvəl razılaşma ehtimalının böyük olduğunu demişdi. Bəs bu gün prosesdə əsas maneəni Vaşinqtonun tələbləri yaradır, yoxsa Tehranın qırmızı xətləri? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun bu sualına Qrey cavab verir: hər iki məsələ əngəl törədir – hər iki tərəfin öz tələbləri və qırmızı xətləri var.
Sanksiyaların təsiri və rejimin sərt reaksiyası
Qrey sanksiya və təcrid siyasətinin Tehran hakimiyyətinə böyük təzyiq göstərdiyini deyir: "İnfrastruktur dağıdılıb. İnflyasiya yüksəkdir. İran valyutası faktiki olaraq dəyərsizləşib. Böyük iqtisadi idarəetmə problemləri və geniş korrupsiya var. İnternetin kəsilməsi səbəbindən işsizlik artır, çünki bir çox şirkət işçilərini ixtisar edir. Yəni rejim həqiqətən ciddi təzyiq altındadır".
Bununla belə, Qrey xəbərdarlıq edir ki, rejim təzyiq qarşısında geri çəkilməyə hazır deyil: "Yanvarda insanlar etirazlara qalxanda rejim son dərəcə qəddarlıqla cavab verdi. Bu, demokratik ölkə deyil və hakimiyyətdə qalmaq üçün sərt repressiyalara hazır olduğunu göstərib".
Təhlilçi vurğulayır ki, təzyiq kampaniyası birbaşa effektli olmasa da, İranı danışıqlar masasına gətirən əsas amillərdən biridir: "Bu, daha çox İranı diplomatik həll axtarmağa sövq edən stimul yaradır. Əlbəttə, İran güzəştlər istəyir, amma fevralın 28-dən əvvəl də sanksiyaların yüngülləşdirilməsini istəyirdi".
Hörmüz boğazı: gərginlik mənbəyi olaraq qalacaq?
Bəzi təhlilçilər razılaşma əldə olunsa belə, Hörmüz boğazının yenidən gərginlik mənbəyinə çevrilə biləcəyini ehtimal edirlər. Qrey bu potensialı təsdiqləyir: "İran göstərib ki, Hörmüz boğazını bağlamaq üçün asimmetrik üsullarla hərəkət etmək imkanına malikdir. Məsələ təkcə boğazdan sərbəst enerji axını ilə bağlı deyil. Sığorta şirkətlərinin, gəmiçilik şirkətlərinin və orta-uzunmüddətli neft müqavilələri bağlayanların etimadı da vacibdir. İranın həmin etimadı sarsıtmaq üçün çox şey etməsi tələb olunmur".
Diplomatiya iflas etməyəcək
Əgər Tramp İranın şərtlərini rədd etsə, bu, diplomatiyanın iflasına və daha geniş müharibəyə yol aça bilərmi? Analitikin qənaətinə görə, diplomatiya iflas etməyəcək və tərəflər arasında müzakirələr hər bir halda davam edəcək: "Bu o demək deyil ki, tərəflərdən biri digərinə hərbi zərbələr endirməyəcək. Amma nəticədə hər iki tərəf mövcud vəziyyətdən çıxmaq üçün motivasiyaya malikdir. Çünki qarşı tərəf kifayət qədər ağrı və təzyiq yaradıb ki, bu da müəyyən həll yolunun tapılmasına stimul verir".