Qızlar atalarını Qiyamət günü Cəhənnəmdən qorumayanda...
Azərbaycanın özünə qazdığı bir “demoqrafik quyu” barədə
16 Oktyabr 2023
Beləliklə, Azərbaycanda XXI əsrin böyük “qadın sirri”nə həsr olunmuş iki hissədən ibarət bu araşdırmada cəmiyyətimizi gözləyən təhlükədən və ondan yan keçməyin yollarından bəhs edəcəyik.
I hissə
Amansız hökm
Səbinə iki, ya üç uşaq anası olmaq arzusunda idi – oğlan ya qız, fərq etməz, təki sağlam doğulsunlar. Amma həyatda hər şey başqa cür alındı.
Birinci qız uşağı dünyaya gələndən sonra Səbinənin əri hökmünü verdi: növbəti oğlan olmalıdır! Lakin ultrasəs müayinəsi zamanı qadının bətnində daha bir qız uşağının böyüdüyü aşkar edildi. Bu, təkcə onun həyat yoldaşını deyil, gənc ailə ilə bir dam altında yaşayan qayınanasını da qəzəbləndirdi. Hər ikisinin qərarı qəti və amansız oldu: “Abort!”
Məzlum qadının yalvarışları fayda vermədi. Səbinə ərinin sözündən çıxıb, ondan aralanıb uşaqlarını tək böyütməyə cəsarət etmədi: işi yox, getməyə yeri yox... Kənddə qalan qohumlarının da ona arxa durmayacaqlarını bilirdi.
Abortdan sonra növbəti hamiləlik üçün çox gözləmək lazım gəldi. Həkimlər, falçılar, əsəb işində keçən illər, ətək-ətək xərclənən pullar - nəhayət, arzu olunan oğlan dünyaya göz açdı! Ancaq ailənin sevinci uzun sürmədi: körpə patoloji xəstəliklə doğulmuşdu və bir neçə gündən sonra xəstəxanadaca keçindi.
Səbinənin üçüncü hamiləliyi heç cür alınmır. İllər ötür və onlarla birgə qadının ümidləri də əriyir, ərinin isə səbri tükənir. Səbinə daim stress içində yaşayır, qorxur ki, sonda onu sadəcə daha sağlam və ərinə oğul doğa biləcək başqa bir qadınla əvəz edəcəklər.
Ətrafınıza baxın, tanışlarınızdan soruşun: o zaman görəcəksiniz ki, nə qədər oxşar hekayələr, onların arxasında yüzlərlə sınmış talelər var. Ayrı-ayrı insanların belə taleləri təkrarlana-təkrarlana bir xalqın gələcəyini müəyyən edə bilərlər. Gəlin, bizim XXI əsrdəki sivil ölkəmizdə nələrin baş verdiyini və növbəti əsrdə bunun hansı nəticələrə gətirib çıxara biləcəyini araşdıraq. Bəlkə də, söhbət heç gələn əsrdən deyil, bir neçə onillik sonradan gedir.
Qadınlar hara yoxa çıxırlar?
Statistikaya görə, bu gün bizdə hər şey qaydasındadır: ölkədə kişilərlə qadınların nisbəti, demək olar, bərabərdir: 49,8% kişilər, 50,2% qadınlar. Normal bir cəmiyyət üçün kifayət qədər məqbul göstəricidir. Ancaq özümüzü arxayınlaşdırmayaq: hətta gerçək rəqəmlər də bəzən həyatın yanlış mənzərəsini yaradır. Biz yaxın gələcəyimizin mənzərəsini nəzərdə tuturuq.
Ora boylanmağa çalışaq. İnsanın icad etdiyi ən yaxşı zamana səyahət maşını isə məktəb partasıdır. Görək, məktəblərimizdə nə baş verir.
Birinci sinif şagirdlərinin gender tərkibi vəziyyətin davamlı olaraq pisə doğru necə dəyişdiyini aydın göstərir.
Azərbaycan XXI əsrə qədəm qoyanda məktəblərin birinci siniflərində 165,5 min uşaq təhsil alırdı. Hər 100 qıza 103 oğlan düşürdü. Nisbət ideal deyildi, lakin ona kifayət qədər yaxın idi. Məsələ ondadır ki, təbiətin əsrlər boyu dəyişməz qalan bir “gender düsturu” var: doğuşda hər 100 qıza 104-106 oğlan! “Gözəgörünməz qüvvə” bu qaydanı müəyyənləşdirərkən bütün riyazi hesablamalarını aparıb: uşaqlıqda və erkən gənclikdə oğlanların ölüm faizi daha yüksək olur, buna görə illər keçdikcə, nəsil yetkinlik yaşına yaxınlaşdıqca, onlarla qızlar arasında nisbət bərabərləşir - demək olar ki, yüzün yüzə.
Fərq sizə əhəmiyyətsiz görünə bilər: arada beş-on nəfər fərqin yaranması nəyi dəyişir ki, bizi belə qorxudursunuz? Bəs desək ki, elə həmin 2020-ci ildə bütövlükdə Azərbaycanın məktəblərində qızların sayı oğlanlardan 96 min 498 nəfər az olub, buna necə baxırsınız? 2023-cü ildə fərq, sözsüz ki, yüz mini də keçib. Bu isə o deməkdir ki, yaşadığımız 20-ci illərin sonuna qədər ölkədə doğuşa qadir qadınların sayı indikindən minimum yüz min nəfər az olacaq! Və onlar da qızlardan daha artıq oğlan uşaqları dünyaya gətirəcəklər. Söhbət sadəcə riyazi deyil, həndəsi artımdan gedəcək. Bəs belə vəziyyət tezliklə nəyə gətirib çıxaracaq?
Ona gətirib çıxaracaq ki, azərbaycanlı bəylər məcbur olub özlərinə kənarda gəlin axtaracaqlar. Əhali azalmağa, buna müvafiq olaraq millət qocalmağa başlayacaq. Biz hələ dövlət üçün ağır fəsadlar törədəcək gender və qeyri-gender xarakterli sosial-iqtisadi nəticələrdən, bəzi peşələr üzrə əmək ehtiyatlarının tükənməsi, kriminal vəziyyətin gərginləşməsi kimi mümkün problemlərdən danışmırıq.
Qırılma xətti
Dediklərimizin doğruluğuna əmin olmaq üçün heç 20-ci illərin sonunu gözləmək də lazım deyil. Dövlət Statistika Komitəsinin indiki hesabatlarına diqqət yetirmək kifayətdir. Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin ölkə üzrə şöbələri 64.627 yeni doğulmuş körpə qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər min nəfərinə düşən doğuş 12,2-dən 11-ə qədər azalıb. Yəni, bir il ərzində düz on faiz! Yeni doğulanlar arasında isə oğlanlar - 53,2%, qızlar - 46,8% təşkil edib.
Bizim xoşbəxt atalarımız yanları göy lentlə, arxa şüşəsi “Xoş gəlmisən, oğlum!” sözləri ilə bəzədilmiş avtomobillərdə şəhərin küçələrini dolaşdığı bir vaxtda, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) həyəcan təbili çalır: “Azərbaycanda doğulan uşaqlar arasında ciddi gender disbalansı davam edəcəyi təqdirdə, 2050-ci ilə qədər ölkədə hər il doğulan oğlan uşaqlarının sayı qızlardan 12-15 min çox olacaq. Bu isə göz yuma bilməyəcəyimiz ciddi demoqrafik problemdir”.
Bəs hələ tam dərk etmədiyimiz bu “ciddi demoqrafik problem”in kökləri haradadır? Bundan sonra nə edəcəyimizə qərar verməzdən əvvəl, onları tapmalıyıq
Biz məktəblilərin gender tərkibi barədə söhbətimizə təsadüfən 1999/2000-ci dərs ilinin birinci sinif şagirdləri ilə başlamadıq. O zaman onların 6-7 yaşları olub. Yəni, doğuş zamanı oğlanların sayının artmasına ən çox təsir edən hansı amil varsa, özünü məhz bu qədər əvvəl göstərib.
Axı 1993-1994-cü illərdə ölkədə xüsusi nə baş verib?
O baş verib ki, ultrasəs müayinədən istifadə etməklə hamiləliyin nisbətən erkən mərhələsində dölün cinsiyyətinin müəyyən edilməsi təcrübəsi Azərbaycana da gəlib çatıb və geniş tətbiq olunmağa başlayıb. Ultrasəs müayinədən bizdə əvvəllər də istifadə edilib, amma mövcud texnologiya ana bətnində kiçik dölün cinsini təyin etməyə o vaxtadək imkan vermirdi.
Bundan sonra selektiv abortların sayında görünməmiş sıçrayış baş verdi. Nəticədə, 20 ildən sonra yeni doğulan qızlarla oğlanlar arasında nisbət 100:116-ya qalxdı. Daha 10 il sonra isə Azərbaycan hətta hamiləliyi süni şəkildə dayandırmadqa çox böyük təcrübəyə malik Çini də geridə qoyaraq, selektiv abortlar üzrə dünyada birinci yerə çıxdı. Və BMT-nin Əhali Fondu bərkgedən Azərbaycanın bu yeni rekordunu rəsmən elan etdi!</span >
Özünü mütləq və mütləq dünyaya oğlan gətirməyə proqramlaşdırmış valideynlərin davranışı tipikdir. Onlar, bir qayda olaraq, ilk doğuş zamanı təbiətlə mübahisə etmirlər: “leylək” kimi gətirirsə, ona da qəbul edirlər. Amma birinci övlad qızdırsa, o zaman abortlardan istifadə etməklə, növbəti uşağın cinsini özləri seçməyə başlayırlar. Və qadının sağlamlığı imkan verirsə, səylərini “qələbə” çalana qədər davam etdirirlər. Söylədiklərimizin həqiqiliyini göstərən diaqram aşağıdadır:
,Diaqram 2013-cü ilə aid olsa da, sonrakı bütün illər üçün xarakterikdir. 2013-cü ildə Azərbaycanda yeni doğulan qızların oğlanlara nisbəti 100-ün 116-ya təşkil edib. Amma maraqlı məqam var: detallı şəkildə araşdırdıqda görürük ki, qadınların ilk doğuşu zamanı hər şey normaya yaxın olub: 100 qıza 108 oğlan. Sonra insanlar müdaxilə etməyə başlayır: ikinci uşaq doğulanda hər 100 qıza 112, üçüncüdə 151, dördüncüdə isə 166 oğlan düşür.
Yox, təbiət heç bir zaman selektivliyin belə bir qəddar formasını icad edə bilməzdi!
Qızlar onlar üçün Cəhənnəmdən pərdə olmayacaqlar
Elə hallar var ki, abortlar da köməyə yetmir. Məsələn, həkimlər icazə vermir, ya da ailənin əməliyyata pulu çatmır. Bax o zaman ağlını itirmiş bəzi valideynlər həyata keçməyən arzularına görə sözün əsl mənasında qızlarından qisas alırlar.
Bu hadisə iki il əvvəl Bakıda baş verib: kişi arvadını və üç azyaşlı qızını küçəyə qovub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları sığınacağa gətiriblər. Məlum olub ki, ər həmişə oğul istəyirmiş, arvad isə qız doğurmuş. Bu səbəbdən ailədə daim münaqişə yaranırmış. Axırda ər arvadına deyib ki, qızlarından ancaq birini evdə saxlasın, o biri ikisini aparıb uşaq evinə versin. Qadın razılaşmayıb və növbəti qalmaqaldan sonra kişi onu 3 qızla birlikdə küçəyə qovub. Bir neçə gün sonra qadının qardaşı gəlib, bacısını və qızlarını özü saxlayacağını deyərək, onları sığınacaqdan götürüb
İslam hədislərində Peyğəmbərin qız uşaqları haqqında deyilmiş sözləri dəfələrlə misal gətirilir. Onlardan birində deyilir: “Üç qızı olan kimsə qızlarına qarşı səbirli olarsa, onları imkanı daxilində yedirdib-içirdər və geyindirərsə, Qiyamət günü qızları Cəhənnəmlə onun arasında pərdə olarlar.”
Qızlarını küçəyə atan valideynlər kimi, onları ana bətnində məhv edənlərin də Yaradanın bu mərhəmətindən payı olmayacaq.
Anaları tərəfindən atılan körpələrlə bağlı mediada gedən xəbərlərə baxsaq, çox vaxt ya uşağın cinsi göstərilmir, ya da onun qız olduğu deyilir. Ötən yay ölkə ictimaiyyətini heyrətə salmış hadisəni xatırlayaq: bir qadın cəmi iki həftəlik qızını zibil çəninə tullamışdı. Körpəni vaxtında tapmış, xilas edə bilmişdilər. Amma Sumqayıtda zibil çənindən tapılmış başqa bir qız uşağının bəxti gətirməmişdi. O, ölü çıxmışdı. Oxşar hallar Bakı, Gəncə, Ucarda da baş vermişdi...
Qadınlara və uşaqlara yardım missiyası daşıyan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, qadını belə addım atmağa nəyin vadar etdiyi heç də həmişə məlum olmur
“Bəlkə, o, nikahdankənar uşaq dünyaya gətirib və qınanmaqdan qorxur. Başqa səbəb də ola bilər. Bəlkə bu, uşağın cinsi ilə əlaqədardır. Xoşbəxtlikdən, belə dəhşətli hekayələr azdır, amma problem mövcuddur və onunla ciddi məşğul olmaq lazımdır. Özü də dövlət miqyasında”.
Sabit tendensiya
Mütəxəssislər problemin ciddiliyini azı on il əvvəl başa düşüblər, həm hökuməti, həm də cəmiyyəti yaxınlaşan təhlükə barədə xəbərdar etməyə başlayıblar. Sosioloq Umay Axundzadə gender araşdırmaları və ailə problemlərinin öyrənilməsi ilə məşğul olur. O, hesab edir ki, cinsiyyətə görə abort ölkəmizdə sabit tendensiya şəkli alıb. Bu faktı son 30 ilin statistik məlumatlarını təhlili təsdiq edir.
“Yanlış” cinsə görə hamiləliyin dayandırılması tibbin inkişafı nəticəsində mümkün oldu: insanlar hamiləliyin kifayət qədər erkən dövründə oğlan və ya qızın doğulacağını müəyyən etməyi öyrəndilər. Bu belədir, lakin məsələnin yalnız bir tərəfidir. Problemin tez-tez diqqətdən yayınan başqa tərəfi də var. Ailədə uşaq çox olanda, selektiv abortlar o qədər də nəzərə çarpmır. Amma ailələrdə uşaqların sayının azalması tendensiyası fonunda problem çox həssas xarakter almağa başlayır. Son bir neçə onillikdə Azərbaycanda çoxuşaqlı ailələr tədricən keçmişə çevrilir. Bu baxımdan, daha çox valideyn hesab edir ki, onların uşaqların cinsini ilk doğuşdan planlaşdırmaq üçün bütün əsasları var. Artıq çoxları elə ilk doğuşda oğlanlara üstünlük verirlər”, - sosioloq qeyd edir.
Bir daha əsas suala qayıtmaq zərurəti yaranır: qadınların sayının davamlı olaraq azalması, gender balansının kişilərin əhəmiyyətli artımına doğru əyilməsi hansı nəticələrə səbəb ola bilər?
Umay Axundzadə ona diqqət yetirir ki, bəzi nəticələr artıq indidən görünür:
“1990-cı illərdən bəri selektiv abortların daha geniş yayıldığı regionlarda oğlanların sayı qızların sayını təhlükəli dərəcədə üstələyir. Nəticədə, gənclərin ailə həyatı qurmaqda problemləri yaranır. Digər nəticə isə gender əsaslı zorakılığın artmasıdır. Şəxsi həyatlarını qura bilməyən kişilərin sayı nə qədər çoxdursa, qadınlara qarşı aqressiya halları da bir o qədər çox olur. Burada başqa bir fundamental problem ortaya çıxır: qadınların cəmiyyətdə payının azalması və doğuş səviyyəsinin aşağı düşməsi milləti demoqrafik qocalma mərhələsinə yaxınlaşdırır. Statistika bunu göstərir. Qəribədir ki, cəmiyyətin bəzi sosial-mədəni təbəqələrində selektiv abortlar qətiyyən pislənilmir, əksinə, bir növ normaya çevrilir. Sanki söhbət qız övladların yaşamaq hüququndan - başlıca insan hüququndan məhrum edilməsindən deyil, bazardan özünə istədiyin şeyi almaqdan gedir.”
Yaranmış vəziyyəti dərindən təhlil edəndə belə dərin mənəvi qatlara qədər gəlib çatırıq. Uzun illərin mübarizəsindən sonra müstəqilliyini əldə etmiş, gələcək nəsillərin daha yaxşı yaşamasını təmin etmək üçün bir əli ilə onu xarici hücumlardan qoruyan xalq, digər əli ilə daxildə özü bu nəsillərə quyu qazır. Onları xoşbəxt gələcəkdən məhrum edir.
Bir sözlə, problem var, ciddidir, çoxşaxəlidir və bu yazı da məhz ona görə yazılıb ki, insanlar mümkün nəticələrin gerçək miqyasını başa düşsünlər.
Yaxınlaşan təhlükənin qarşısını almaq mümkündürmü? Əlbəttə. Bunu vaxtilə bizim indiki vəziyyətimizə düşmüş digər ölkələrin təcrübəsi də göstərir. Bəs necə? İndi nə etmək lazımdır, dövlətimiz və cəmiyyətimiz hansı tədbirləri görməlidir?
Bu suallara növbəti yazımızda cavab verməyə çalışacağıq.
Eldar Əliyev Nailə Vasifqızı Elya Belskaya