Logo
news content
User
Kateqoriyalar

Analitika

Qızqayıt, Qızbəs... Bəlkə, xalqlar elə bu cür yox olublar?
Fəlakətin qarşısını almaq mümkündür, amma...

Azərbaycanda XXI əsrin böyük “qadın sirri”nə həsr olunmuş iki hissədən ibarət bu araşdırmada cəmiyyətimizi gözləyən təhlükədən və ondan yan keçməyin yollarından bəhs edirik.

II hissə

Azərbaycanda o qədər də nadir olmayan Qızqayıt, Qızbəs, Yetər, Bəsti kimi qadın adları “qız övladı kifayətdir” mənasını verir. Yeri gəlmişkən, Kifayər özü də heç az rast gəlinən qız adı deyil.  

Qədim zamanlardan belə qəbul olunub ki, kişi həyatı boyu üç işi çatdırıb görməlidir: ev tikməli, ağac əkməli, oğul böyütməlidir.

Diqqət edin, övlad yox, məhz oğul! Bu inanc beləcə əsrdən əsrə keçib. O, bizim XXI yüzillikdə də yaşayır - hətta bəzi ölkələrdə hökmranlıq edir. Beynəlxalq təşkilatların məlumatına görə, Azərbaycan bu yaxınlara qədər həmin ölkələrin siyahısının başında dayanıb. Ərazisi və əhalisinin sayı baxımından Yer kürəsindəki dövlətlərin, demək olar, yarısından geridə qalan ölkəmiz hansı göstəricisi ilə dünya liderliyinə yüksələ bilib? Selektiv abortlara görə. Onun geniş tətbiqi nəticəsində bu gün Azərbaycanda doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur. Statistika bu fərqin getdikcə artğını göstərir. Bəs qızlar? Ən yaxşı halda, bir çox ailələrdə onlara ikinci dərəcəli rol ayrılır. Bəzi hallarda isə onların yaşamaq hüququ əllərindən alınır!

Azərbaycanda gender balansının kəskin pozulması barədə bundan əvvəlki məqaləmizdə bəhs etdiyimiz demoqrafik fəlakətin qarşısını almaq mümkündürmü? Bəli, mümkündür! Lakin problemə yanaşma ciddi və əhatəli olmalıdır!

Çoxsaylı risklər

Əgər qadınları və onları aborta sövq edənləri problemin etik tərəfi narahat etmirsə, onda, heç olmasa, məsələnin tibbi tərəfi barədə düşünməyə dəyər. Həkim, mama-ginekoloq Nuridə Zeynalova deyir ki, Azərbaycan 2023-cü ildə selektiv abortların sayına görə dünya üzrə birinci yeri tərk etsə də, TOP 10-da qalmaqda davam edir. O özü pasiyentlərin şəxsi istəyi ilə abort əməliyyatları həyata keçirmir və belə xahişlə müraciət edənlərə yenidən, çox ciddi düşünməyi məsləhət görür.

- Abort etmək istəyən qadınların ən çox göstərdiyi səbəblər - müəyyən sayda uşağının olması və daha övlad istəməməsi, həmçinin nikahdankənar hamiləlikdir. Müşahidələrimə görə, qadınlar dölün cinsinə görə aborta daha az müraciət etməyə başlayıblar və bu sevindiricidir. Selektiv abortlar hamiləliyin daha gec mərhələsində -  uşağın cinsiyyətini ultrasəs müayinəsi ilə təyin etmək və ya Y xromosomunu aşkar etmək üçün genetik testdən keçmək mümkün olanda həyata keçirilir, hamiləliyin bu mərhələdə dayandırılmasının nəticələri isə erkən aborta nisbətən daha ağır olur. Qadınların 15-30%-də ginekoloji xəstəliklər inkişaf edir, qanaxma, abort zamanı infeksiya, metroendometrit, parametrit, çanaq peritonitləri kimi risklər artır.

Arayış: Bəzi ölkələrdə, o cümlədən ABŞ-ın bir sıra ştatlarında gender əsasında abort edən həkim lisenziyasını itirə və ya başqa sanksiyalarla üzləşə bilər. Yalnız kişi və ya yalnız qadın xətti ilə ötürülən genetik  xəstəliklər istisnadır.

- Əksər hallarda qadınlar 20-30 yaşlarında abort üçün həkimlərə müraciət edirlər. 20 yaşa qədər və 35 yaşdan yuxarı qadınlarda hamiləliyin dayandırılması halları 2-2,5 dəfə azdır. Qanuna görə, qadınlar hamiləliyin 12 həftəsinə qədər öz istəkləri ilə abort etdirə bilərlər. Bunu nəzərə alaraq, Azərbaycanda ultrasəs müayinəsi aparan mütəxəssislərə tapşırılıb ki, valideynləri aborta təhrik etməmək üçün ana bətnində olan uşağın cinsiyyəti barədə onlara məlumat verməsinlər. Belə məhdudiyyət selektiv abortların sayını əhəmiyyətli dərəcədə azalda bilər və artıq öz təsirini göstərməkdədir, - həkim deyir.

Nuridə Zeynalova əmindir ki, oxşar problemlə üzləşən qadınlarla klinik psixoloqlar işləməlidir. Mama-ginekoloq abortun zərərləri və nəticələri barədə ətraflı danışmalıdır ki, qadın hansı risklərə getdiyini başa düşsün.

Mütəxəssislərin diqqət etməyə çağırdıqları daha bir məqam da var: ailə planlaşdırılmasının müasir üsullarını təbliğ etmək, cəmiyyətdə maarifləndirmə səviyyəsini artırmaq lazımdır. Bu halda selektiv abortların sayı azalacaq.

Ailələrin həyat səviyyəsini yaxşılaşdırmaq

Selektiv abortla mübarizənin müxtəlif mexanizmləri var. Bir çox ekspertlər hesab edirlər ki, qız uşaqlarının doğulması maddi üsullarla təşviq edilməlidir. Bir neçə il əvvəl məlumat yayıldı ki, dövlət ikinci qız övladı dünyaya gələn hər bir ailəyə iri məbləğdə vəsait - 10 min dollar ödəyəcək. Cəmiyyətdə həyəcan yaşandı - bəziləri sevindi, bəziləri qəzəbləndi, indi də bunun oğlanlara qarşı ayrı-seçkilik olduğunu söylədi. Sonda məlumat təsdiqini tapmadı.

Bir cinsdən olan uşağın doğulmasını maddi cəhətdən təşviq etmək digər cinsə qarşı ayrı-seçkilik kimi qəbul edilə bilər. Ona görə də optimal həll yolu ümumilikdə uşaqların dəstəklənməsidir. Bu, yoxsulluğun azaldılması və ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mühüm vasitələrdən biridir. İndiyə qədər aparılan bütün tədqiqatlar və sorğular bir şeyi göstərir: əgər ailələrin bir neçə uşağı saxlamaq imkanı olsaydı, selektiv abortların sayı xeyli azalardı. Lakin bu məsələnin cəmiyyətdə geniş müzakirə olunmasına baxmayaraq, Azərbaycanda “uşaq pulu” deyilən aylıq müavinət verilmir. Onun tətbiqinə qarşı çıxanların bir arqumenti var: ölkədə demoqrafik problem yoxdur. Əvvəlki yazıda belə problemin mövcudluğunu sübuta yetirmişdik: yerli mütəxəssislər artıq uzun müddətdir ki, yeni doğulan uşaqlar arasında gender balansının ciddi şəkildə pozulmasından, doğuşların ümumi sayının azalmasının isə problemi daha da kəskinləşdirməsindən  narahatlıqlarını bildirirdilər. İndi isə artıq beynəlxalq təşkilatlar da prosesin ölkə üçün yaratdığı təhlükədən danışmağa başlayıblar. Hakimiyyət belə bir problemin mövcudluğunu inkar edəndə, sadəcə, özünü bilməməzliyə vurur. Son illərdə qəbul edilən qərarlar da göstərir ki, rəsmi orqanlar ölkədə gender balansı ilə bağlı baş verənlərdən xəbərdardırlar, hətta neqativ proseslərə təsir göstərməyə çalışırlar. Lakin buna minimum xərclərlə, doğuşa nəzarəti gücləndirməklə, belə demək mümkünsə, adi inzibati tədbirlərlə, "yuxarıdan" göstərişlərlə nail olmaq istəyirlər.

Arayış: Uşaq müavinətləri - valideynlərə sosial dəstək və demoqrafik proseslərin idarə edilməsi məqsədilə dövlət tərəfindən hər bir uşağa görə verilən müavinət - dünyanın bir çox ölkələrində tətbiq edilir. Hətta ailələrə birbaşa ödənişlərin verilməsi nəzərdə tutulmayan ölkələrdə, məsələn, ABŞ-da uşağı olan vətəndaşlar üçün vergi güzəştləri müəyyən edilib. 2022-ci ilin məlumatlarına görə, Avropada uşaq müavinəti ödənilməsi üzrə liderlər Lüksemburq (ayda 265 avro), Almaniya (265 avro), İsveçrə (201 avroya qədər) olub. Rusiyada yalnız ailə yaşayış minimumundan aşağı səviyyədə yaşadığı halda uşaqlara aylıq müavinət verilir. Ancaq orada bu sahədə əsas stimullaşdırıcı tədbir analıq kapitalıdır.

Əsas diqqət maarifləndirmə və nəzarətədir

Azərbaycanda gender ayrı-seçkiliyi, o cümlədən selektiv abortlarla mübarizəyə yönəlmiş bir çox sənədlər qəbul olunub. Hələ 1995-ci ildə parlament “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanı ratifikasiya etmişdi. 2020-ci ilin mart ayının əvvəlində isə hökumət beş il müddətinə nəzərdə tutulmuş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair Tədbirlər Planı”nı təsdiqlədi. Plan vətəndaşların maarifləndirilməsini, bu problemin miqyasının araşdırılmasını, selektiv abortlara nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Gender bərabərsizliyi ilə mübarizəni nəzərdə tutan sənədlərdən danışarkən, başıbəlalı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini qeyd etməmək olmaz. Onu çoxdan hazırlayıblar, vaxtaşırı müzakirəyə çıxarırlar, lakin qəbul edə bilmirlər. Əvvəlcə bir şey düz deyil, sonra başqa şey... 

Deputat Musa Quliyev deyir ki, qanun layihəsi bütövlükdə mütərəqqi xarakter daşıyır, lakin zamanında onunla bağlı bir sıra mübahisəli məqamlar yaranıb. Selektiv abortla bağlı müddəalarda heç bir problem olmayıb, lakin din xadimləri ekstrakorporal mayalanmaya qarşı çıxıblar. Musa Quliyevin qeyd etdiyi kimi, sənəddə ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin müəyyənləşdirilməsinə qadağa qoyulması nəzərdə tutulur. Amma deputatın fikrincə, ən mühüm mübarizə vasitəsi maarifləndirmədir: insanlar özləri başa düşməlidirlər ki, istənilən cinsdən olan övlad Allahdan bəxşişdir. Təbii ki, bu, bir günün və ya bir ilin işi deyil. Deputat əmindir ki, insanların şüurunu dəyişmək üçün vaxt lazımdır.

Və o, parlamentin tezliklə qanun layihəsinin müzakirəsinə qayıdacağına da əmindir.

Arayış: Bəzi ölkələrdə həkimlərə doğuşdan əvvəl uşağın cinsiyyətini valideynlərə söyləmək qadağandır. Belə qadağa selektiv abortların daha böyük vüsət aldığı Hindistan və Çində mövcuddur. Ancaq orada qanundan kənar ultrasəs müayinələri və gizli abort problemi ilə üzləşiblər. Cənubi Koreyanın təcrübəsi daha uğurlu hesab edilir. Koreyalılar görülən tədbirlərlə vəziyyəti yaxşılaşdıra biliblər. Orada maarifləndirmə ilə yanaşı, urbanizasiya amili, eləcə də stimullaşdırma böyük rol oynayıb. Cənubi Koreya əldə edilən nailiyyətlərdən ilhamlanaraq, 2023-cü ildən ölkədə “valideyn maaşı” tətbiq edib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı bir neçə il əvvəl bildirmişdi ki, ÜST standartlarına görə, valideynlərə uşağın cinsini söyləmək icazəlidir. Amma cinsi bildikdən sonra hamiləliyin dayandırılması qəbuledilməzdir.

Qızların həyatı önəmlidir

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, selektiv abortların sadəcə olaraq məhdudlaşdırılması istənilən nəticəni verməyəcək.

- Ölkəmiz abort məsələlərində ən liberal ölkələrdən biridir. Müəyyən bir müddətə qədər hamiləlik sərbəst şəkildə, sonra isə tibbi və bir sıra sosial səbəblərə görə kəsilə bilər. Lakin qoyulan məhdudiyyətlərlə bağlı hələ də çoxlu istisnalar var. Selektiv abortlara qarşı mübarizə qanunvericilik qaydasında sərtləşdirilsə də, belə bir addım atmağa qərar verən qadınlar hamiləliyi niyə dayandırmaq istədiklərini başqa səbəblərlə izah edəcəklər. Onda sual yaranır: ölkədə ümumilikdə bütün abortları ciddi şəkildə məhdudlaşdırmaq lazımdırmı? Yəni, məsələ qlobaldır. Ekspertlər və hüquq sistemi bu məsələdə diametral əks mövqe nümayiş etdirirlər. Bəziləri deyirlər ki, qadın öz bədəni ilə istədiyi hər şeyi edə bilər, bu onun şəxsi işidir. Digərləri abortun qətl olduğunu düşünürlər və mən də bu fikiri bölüşürəm. Döl artıq canlıdır. Mən abortlara yalnız tibbi və həqiqətən əhəmiyyətli sosial səbəblərə görə icazə verilməsinin tərəfdarıyam. Məsələn, kifayət qədər pulun olmaması belə səbəb deyil, zorlanma isə səbəbdir. Ümumiyyətlə, abortları məhdudlaşdırsanız, selektiv abortlar da azalacaq.

Əkrəm Həsənov ölkəmizin selektiv abortlar üzrə liderlər sırasında olmasının daha geniş izahını verir.

- Gender bərabərliyi barədə çox şey deyilir, - o davam edir. - Nə qədər qəribə olsa da, Azərbaycanda bu məsələdə qadınların hüquqları daha çox elə qadınların özləri tərəfindən pozulur. Adətən, atalar qızlarını daha çox sevirlər, amma qayınanalar, xalalar və rəfiqələr anaya deyirlər: “Eh, yenə qızın olub? Oğlan doğa bilmirsən?” Baxmayaraq ki, uşağın cinsiyyətinin atadan asılı olduğu çoxdan məlumdur. Bizim cəmiyyətdə oğlan uşağı daha çox dəyərləndirilir, amma şərq mentalitetinin, dinin buna heç bir aidiyyatı yoxdur. Əksinə, Quranda Allahın belə bir seçimi pislədiyini bildirən ayə var. Dinə görə, insan cahillik dövründəki kimi davranmamalıdır: “Onlardan birinə qız haqqında xəbər veriləndə, onun üzü qaralır, qəzəbini güclə saxlayır. Pis xəbərə görə insanlardan gizlənir, uşağı sağ saxlayaraq utanmaq, yoxsa torpağa basdırmaq üzərində düşünür. Bu yanaşma necə də dəhşətlidir! [Belə bir qərar vermək necə də günahdır!] Həqiqətən, onların qərarı murdardır!” Bu, “Arı” surəsindəndir. Allah qızların öldürülməsini qadağan edib. Allah Məhəmmədə bu vəhyi göndərənə qədər ərəblər arasında körpə qız uşaqlarını diri-diri basdırmaq halları tez-tez baş verirmiş. Yeri gəlmişkən, əsaslı tibbi səbəb olmadan aborta gedənlər, uşaqlarını taleyin ümidinə atanlar da keçmişdə “dəfn et, rədd elə və yaddan çıxart” düşüncəsi ilə yaşayan cahillər qədər Allah qarşısında günahkardırlar və qeyri-insanidirlər.

Bizim ailələrdə qız uşaqlarına arzuolunmaz münasubət həm də “kişi çörək gətirəndir, qadın isə yükdür” stereotipindən irəli gəlir. Amma qadınların azalması çox böyük problemlərə gətirib çıxaracaq. Bəylər başqa ölkələrdə gəlin axtarmalı olacaqlar. Multikultural dünyamızda bu elə də görünməmiş iş deyil, lakin nəzərə almalıyıq ki, miqyas genişləndikcə dəyişikliklər millətin kökünə, adət-ənənələrinə və s. toxunacaq. Əgər aborta qadağa qoymuruqsa, o zaman başqa tədbirlər görülməlidir. Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. Biri dini müstəvidə, ikincisi dini qəbul etməyənlər və ya sözdə qəbul edənlər arasında. Yeri gəlmişkən, əksər hallarda sonuncular cəmiyyətdə çoxluq təşkil edirlər. Müəyyən strategiya qurulmalıdır. Həyatda hər cür olur, amma valideynlər unutmamalıdırlar ki, qocalanda onlara daha çox əl yetirınlər də elə qızlardır.

Deyəsən, irəliləyişlər də var

Hüquq üzrə fəlsəfə doktoru, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü Elgün Səfərov bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər nazirlikləri, yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar selektiv abortlarla mübarizə məsələsinə diqqət yetirirlər, təbliğat siyasəti yürüdürlər. Qanunvericilik səviyyəsində qabaqlayıcı tədbirlər görülür, xüsusi araşdırmalar aparılır.

- Müsbət nəticələr var: selektiv abortların sayı azalmağa başlayıb. Bir neçə il əvvəl doğuşda hər 100 qıza 115-116 oğlan düşürdüsə, indi 112 oğlan düşür. Ölkədə selektiv abortlara qarşı mübarizə davam edir, çünki onun cəmiyyətin və dövlətin inkişafına nə dərəcədə mənfi təsir göstərdiyi anlaşılır. Hazırda “Reproduktiv sağlamlıq haqqında” qanunun müddəaları sınaqdan keçirilir ki, bu da yeni normaların tətbiqinə gətirib çıxarmalıdır. Bu sahədə beynəlxalq qanunvericilik aktları öyrənilir, BMT-nin və problemin həllində uğur qazanmış dövlətlərin təcrübəsindən istifadə edilir. Yeni rəqəmsal platformalar yaradılır ki, bu da selektiv abortlarla mübarizəyə kömək edəcək. Eyni zamanda, qadınların cəmiyyətdəki mövqeyinə mənfi təsir göstərən məhdudiyyətlər aradan qaldırılır. Məsələn, qadın əməyinin müxtəlif məşğulluq sahələrində istifadəsinə qoyulan məhdudiyyətlər götürülüb. İndi onlar istənilən əmək bazarında bərabər şərtlərlə təmsil oluna bilərlər. Fəal sektorlarda qadınların sayı artır. Azərbaycanda hazırda 250 mindən çox qadın sahibkar var, hansı ki, on il əvvəl bu rəqəm 3,5 dəfə az idi. Bütün bunlar stereotiplərlə mübarizəyə yönəlmiş siyasətdir və selektiv abortla mübarizənin vacib hissəsidir.

Beləliklə, ekspertlərimizin bir qismi həllini tələb edən problemləri sadalayır, digərləri bu istiqamətdə işlərin getdiyini və artıq müəyyən nəticələrin olduğunu bildirir. Məhz həmin işlərin sürətləndirilməsi, Azərbaycanın qız uşaqlarının hələ ana bətnində məhv edildiyi ölkələrin bədnam siyahısını tərk etməsi, xalqın dayanıqlı inkişaf imkanı əldə edə bilməsi, valideynlərin uşaqlarının xoşbəxt gələcəyində daha inamlı olması üçün biz də bu jurnalist araşdırmızı apardıq. Təhqiqatımızı isə, təəssüf ki, həyəcan üçün daha bir əsas verən məlumatla yekunlaşdıraq:

Arayış: 1990-cı ildə Azərbaycanda vəfat edən hər 10 qadına 13 yeni doğulmuş qız uşağı düşürdü. 2001-2011-ci illərdə bu rəqəm orta hesabla 9 qıza, sonrakı onillikdə (2011-2021) 8 qıza düşüb. Mütəxəssislər xəbərdarlıq edirlər: bu tendensiya və yaş qrupları arasında ölüm nisbəti sabit qalarsa, o zaman dünyasını dəyişmiş 10 ananı əvəz edən bugünkü 8 qız uşağı, özündən sonra nəsil artımını davam etdirmək üçün cəmi 5-6 qız qoyub gedəcək. Bəlkə, xalqlar tarix səhnəsindən elə bu cür siliniblər?..

Eldar Əliyev

Nailə Vasifqızı

Elya Belskaya