Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həyat yoldaşı: "Azər Qasımlının kamerası dördnəfərlikdir, altı nəfər saxlanılır"

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının cəza çəkdiyi Umbakı Penitensiar Kompleksində məhbusların qanunvericiliyə uyğun saxlanma şəraitinin pozulduğu iddia edilir. Bu barədə onun xanımı Samirə Qasımlı sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının kamerası dörd nəfər üçün nəzərdə tutulduğu halda, orada altı nəfər saxlanılır. Onlardan birinin isə xəstə olduğu deyilir.

"Bu da azmış kimi, kameranın içindəki gəzinti yeri günboyu qapalı saxlanılır, yalnız bir neçə saatlıq açılıb bağlanılır. Sual olunur: əgər bu kiçik təmiz hava udma yeri kameranın içindədirsə, onu bağlı saxlamağın məntiqi nədir?", – o sual edir.

Xanımı əlavə edib ki, həbsxana rəhbərliyi A.Qasımlıya kiçik qazan formalı mikrodalğalı qızdırıcının verilməsi ilə razılaşmır. Halbuki bu cihaz qadağan olunmuş əşyaların siyahısında yoxdur: "İki aydır ki, Azər Umbakıya köçürülüb. Amma bu iki ayda o, isti yeməkdən məhrum edilib. Kamerada yemək qızdırıcısı olmadığından evdən aparılan yeməkləri soyuq şəkildə yeməyə məcbur qalıb".

Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Bununla belə, qurum rəsmiləri, bir qayda olaraq, Azərbaycandakı cəzaçəkmə müəssisələrində şəraitin beynəlxalq standartlara tam cavab verdiyini bildirirlər.

Xatırlatma

Azər Qasımlı bu il martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

A.Qasımlı ittihamı rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir. 51 yaşlı A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir.