Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ukraynanın müdafiə naziri postuna Yevgeni Xmaranın namizədliyini irəli sürəcək

Ukrayna Prezidenti Volodimir Zelenski zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra ölkənin müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyinin dəstəklənməsi üçün parlamentarilərə müraciət edəcək.

Bu barədə Zelenski sosial şəbəkədə bildirib.

"Yevgeni Xmaraya nazir vəzifəsini icra etməyi, müdafiə sahəsində islahatları davam etdirməyi və Ukraynaya haqqında danışdığımız bütün o nəticələri təmin etməyi tapşırdım. Zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra mən Yevgeni Xmaranın Ukraynanın müdafiə naziri vəzifəsinə namizədliyinin dəstəklənməsi üçün parlamentarilərə müraciət edəcəyəm", - Zelenski qeyd edib.

O həmçinin bildirib ki, Yevgeni Xmara ilə görüş keçirib və bu görüş zamanı Rusiyaya qarşı uzaqmənzilli əməliyyatların keçirilməsi və Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələri bölmələrinin zəruri vasitələrlə təmin edilməsi müzakirə olunub.

"Ukraynanın öz müstəqilliyini qorumaq və Rusiyanı diplomatiyaya məcbur etmək üzrə gələcək fəaliyyətinə dair strateji baxışın olması vacibdir. Yevgeni Xmara texnoloji zərbə əməliyyatlarının həyata keçirilməsində böyük təcrübə qazanıb. Bu müharibədə müdafiəmiz məhz bunun üzərində cəmləşməlidir", - Zelenski yazıb.

O bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin inkişafı və gücləndirilməsinə yönəlmiş bütün mövcud proqramların icrasını davam etdirəcək. Bu proqramlara döyüş briqadalarının birbaşa maliyyələşdirilməsi, şəxsi heyətin ədalətli bölüşdürülməsi, bölmələrin yerüstü robotlaşdırılmış komplekslər (YRK) və bütün növ dronlarla maksimum təmin edilməsi, eləcə də tərəfdaşlarla əldə olunmuş razılaşmaların operativ icrası daxildir.