Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vətəndaşın nəqliyyatdan şikayəti: "Yayda istidən bişirik, qışda donuruq"

İyulun 1-dən avtobuslarda və metroda gediş haqqı 10 qəpik bahalaşaraq 50 qəpik olub. Bakı-Sumqayıt istiqamətində avtobusda gediş haqqı isə 60 qəpikdən 70 qəpiyə yüksəlib. Amma qiymət artımından sonra keyfiyyətdə heç bir dəyişikliyin olmadığı bildirilir. Şikayətlərə görə, periferiyada fəaliyyət göstərən avtobuslarda kondisionerlər işləmir, sıxlıq davam edir.

Bakıda yaşayan Bahar Əliyeva deyir ki, "Əhmədli qəsəbəsi - Sabunçu vağzalı" marşrutu üzrə işləyən 62 nömrəli avtobusların vəziyyəti heç də ürəkaçan deyil: "İllərdir köhnə avtobuslarla gedib-gəlirik. Nə kondisioneri var, nə də isitmə sistemi. Yayda istidən bişirik, qışda donuruq. Yol gedəndə də elə bilirsən, bu dəqiqə avtobus dağılacaq. Qiymət 10 qəpik qalxıb, amma nəyə görə qalxdığını bilmirik. Elə eyni vəziyyət qalıb".

Sosial şəbəkələrdə metro stansiyalarında da bəzi qatarlarda kondisionerin işləmədiyi, sıxlığın olması ilə bağlı şikayətlər eşidilir.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Turana bildirib ki, yayda sərnişinlərin sayı azalıb: "İş günlərində 760 min sərnişin daşıyan metropoliten, dünənki (16 iyul) statistikaya görə, 530 min sərnişin daşıyıb".

Amma qurumun sözçüsünün sözlərinə görə, yay dövründə metropoliten üçün ən vacib xüsusiyyəti azalmadan ibarət deyil: “Sərnişinlərin hərəkət axının, sıxlığın vaxtı ilə bağlı dəyişikliklər baş verə bilir. Bu da onunla əlaqəlidir ki, tədris mövsümü bitib, insanlar iyul-avqust aylarında daha çox istirahətə üz tuturlar və onların gündəlik planlamada dəyişikliklər baş verir deyə, sıxlığın vaxtı, axın istiqamətləri dəyişə bilir”.

B.Məmmədov qeyd edib ki, buna uyğun olaraq “Bakı Metropoliteni” yay hərəkət qrafikinə keçir: “Səhər saat 7-dən 10-a qədər və axşam saat 17:30-dan 21:30-a qədər “28 May” – Həzi Aslanov istiqamətində 2 dəqiqə 30 saniyəlik interval tətbiq olunur. Həmin intervalda sıxlığı tənzimləmək üçün metropoliten ehtiyat qatarlardan rahat istifadə edə bilir. Qışda bu interval 2 dəqiqədir. Günün qalan saatlarında heç nə dəyişmir”.

Onun sözlərinə görə, köhnə nəsil qatarlarda kondisioner sistemini tətbiq etmək texniki cəhətdən mümkün deyil: ““Bakı Metropoliteni” bununla bağlı araşdırmalar aparıb və istehsal müəssisənin müvafiq rəyini də almışıq. Bu, faktiki olaraq yeni vaqonun istehsal prosesinə bərabər olur. Bir vaqona soyutma sistemini quraşdırması üçün o, tamamilə sökülməli, havalandırma, elektrik xətləri dəyişməlidir. Bu da o deməkdir ki, vaqonun konstruksiyası dəyişir, bu isə qəti qadağandır”.

Yeni nəsil qatarlarda kondisioner məsələsinə gəlincə, qurumun sözçüsü bildirib ki, həmin qatarlarda ən optimal soyuducu sistemi var: “Bəzən xətlərimizdə həmin sistemlərlə də bağlı müəyyən problemlər yaşana bilir. Bu səbəbdən metropolitendə intensiv monitorinqlər aparılır. Problem yaranarsa, dərhal tədbir görülür”.

B.Məmmədov vurğulayıb ki, “Bakı Metropolitenin” 61 qatarı var, onlardan 23-ü yeni nəsil qatarlardır: “Yaxın 3 il ərzində 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i məhz yaxın 1 ildə xəttə buraxılacaq. Bu da o deməkdir ki, köhnə vaqonlarda kondisionerin olmaması problemi mərhələ ilə öz həllini tapacaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Turana bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə mobilliyin transformasiyası proqramı həyata keçirilir: “Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb”.

Qurumdan qeyd olunub ki, hazırda Bakıda 23 küçə və prospektdə uzunluğu 66,3 km olan xüsusi avtobus zolaqları təşkil edilib: “Bu il daha 30-a yaxın küçə və prospekti əhatə edən 40 kilometrdən çox uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək”.

AYNA-dan vurğulanıb ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır: “Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun AzadlıqRadiosuna deməsinə görə, ölkədə qiymət artımı olsa da, keyfiyyətdə dəyişiklik yoxdur: "Hazırda Bakıda 2 minə yaxın avtobusun olduğunu deyirlər. Bu, azdır. Həm də bunların 1 mini 15-20 ilin avtobuslarıdır. Normal ictimai nəqliyyatdan danışırıqsa, yeni avtobusların sayı 3 min olmalıdır. Sürücülər də dəqiq qrafiklə işləməlidir".

Metroya gəlincə, Ə.Hüseynov hesab edir ki, Bakı Metropoliteni mümkün olan bütün potensialı ilə işləyir: "Amma yenə də məlumatlar var ki, bəzi vaqonlarda kondisioner yoxdur, sadəcə havalandırma sistemi var, o da qızmar yayda dolu vaqonda sərinliyi təmin etmir. Vaqon parkının xeyli hissəsi köhnəlib və yenilənməyə ehtiyac var. Eyni zamanda, sıxlığın aradan qaldırılması üçün xətlər bir-birindən ayrılmalıdır".

Onun fikrincə, bütün bunlar böyük investisiya tələb edir: "Qiymətin 10 qəpik qaldırılması keyfiyyəti qaldıracaq gücündə deyil. Ona görə də bu sahənin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".