Logo
news content
User
Kateqoriyalar

Analitika

Aqrar sektor niyə sürətlə geriləyir?
Azərbaycan MDB ölkələrinə satdığı məhsuldan 3 dəfə çox mal alır...

Azərbaycanın qeyri-neft ixracında əsas yer tutan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı azalır. Bu tendensiyanı dövlət qurumlarınn 2024-cü ilin 10 ayı (yanvar-oktyabr) üzrə açıqladığı statistik məlumatlarda görmək mümkündür. Məsələn, Dövlət Gömrük Komitəsinin hesabatına baxdıqda məlum olur ki, ümumiyyətlə, cari ildə Azərbaycanın idxalı xeyli artıb, ixracı isə azalıb. Vəziyyəti daha yaxşı təsəvvür etmək üçün ölkənin MDB dövlətləri ilə apardığı 10 aylıq ticarət əməliyatlarının ötən ilin müvafiq dövrü ilə müqayisəsi köməyə gəlir. Çünki təxminən eyni imkanlara sahib olan postsovet ölkələri 30-35 ilə təxminən bərabər iqtisadi, maliyyə, texnoloji inkişaf yolu keçiblər. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla MDB ölkələri arasında 5 milyard 701 milyon 705 min dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 31,84%-ni təşkil edib.

Ticarət dövriyyəsinin ayrı-ayrı ölkələr üzrə statistikası isə belədir:

Rusiya ilə 3 milyard 942 milyon 426 min dollar (1 il əvvələ nisbətən 14,5% çox),

Ukrayna ilə 380 milyon 144 min dolları (33,3% çox),

Türkmənistanla 337 milyon 715 min dollar (52,5% az),

Belarusla 403 milyon 960 min dollar (47,7% çox),

Qazaxıstanla 393 milyon 831 min dollar (38,7% çox),

Özbəkistanla 196 milyon 122 min dollar (37,2% çox),

Qırğızıstanla 33 milyon 981 min dollar (27,7% az),

Moldova ilə 8 milyon 342 min dollar (37% az),

Tacikistanla 5 milyon 177 min dollar (0,1% az) olub.

On ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 5% artaraq, 1 milyard 405 milyon 330 min dollar təşkil edib.

Bu dövrdə Azərbaycandan Rusiyaya 972 milyon 509 min dollar (illik müqayisədə 1,2% çox), Ukraynaya 146 milyon 676 min dollar (54,7% çox), Türkmənistana 71 milyon 737 min dollar (1,2% az), Belarusa 39 milyon 994 min dollar (62,6% çox), Qazaxıstana 107 milyon 747 min dollar (23,2% çox), Özbəkistana 31 milyon 451 min dollar (19,9% az), Qırğızıstana 26 milyon 814 min dollar (39,3% az), Moldovaya 4 milyon 86 min dollar (57% az), Tacikistana 4 milyon 316 min dollar (6,2% az) dəyərində məhsul ixrac edilib.

Yanvar-oktyabrda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 11,1% artaraq 4 milyard 296 milyon 375 min dollar təşkil edib.

 

Rəqəmlərdən görünür ki, MDB ölkələri ilə ticarətin 4.3 milyard dolları idxaldır, cəmi 1.4 milyard dolları isə ixracdır. Məlum olur ki, hətta MDB ölkələri ilə ticarətdə də idxal ixracı 3 dəfə qabaqlayır. Məsələn, Rusiya ilə 3 milyard 942 milyon 426 min dollarlıq ticarətin cəmi 972.5 milyon dolları ixracdır, 3 milyard dollarlıq mal almışıq. Müharibənin dağıtdığı Ukraynaya gəldikdə,

380 milyon dollarlıq ticarətin cəmi 146 milyonu Azərbaycanın ixracıdır. Belarusla ticarətdə 404 milyon dollarlıq ticarətin cəmi 40 milyon dollara yaxını ixracdır, qalanı idxaldır.

Azərbaycanın MDB ölkələrinə 1.4 milyard dollarlıq ixracının 535 milyon 26.8 min ABŞ dolları meyvə tərəvəzdir. 10 ayda ölkədə istehsal olunan 515 min 707 ton meyvə-tərəvəz xarici ölkələrə satılıb. Dövlət Gömrük Komitəsi bilirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycan 544 milyon 433 min dollar dəyərində 537 min 761 ton meyvə-tərəvəz ixrac edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı” Bülletenində isə bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında ölkədə kartof, üzüm, yaşıl çay, yun, barama məhsullarının istehsalı azalıb.

Belə ki, bu ilin on ayında 914,5 min ton kartof istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 75 min ton azdır. Ötən il bu rəqəm 989,3 min ton təşkil edib.

Qeyd olunan dövr ərzində 200,6 min ton üzüm yığılıb. Bu ötən illə müqayisədə 17,5 min ton azdır.

Yaşıl çay yarpağının yığımı az olub. Bu ilin 10 ayında plantasiyalardan 1,041 ton çay yığılıb. Ötən il isə bu rəqəm 1,102,4 ton olub. Çay yığımı 100 ton azalıb.

Yun istehsalı 14,8 min ton, barama 239,4 ton olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton və 126 ton azdır.

Maraqlıdır, son illərdə aqrar sektora yüz milyonlarla manat subsidiya verildiyi halda ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı niyə azalıb?

Xatırladaq ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə büdcədən 484,5 mln. manat subsidiya verilməsi proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur. Hesablama Palatası bu qənaətə gəlib ki, aqrar sektora hər il ayrılan 100 milyonlarla vəsait bu sahədə inkişafa gətirib çıxarmayıb, əksinə, tənəzzül yaşanır. 

Palatanın gələn ilin dövlət büdcəsinə verdiyi rəydə bu məqamlar belə sıralanır:

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

Subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli Pressklub.az-a  bildirib ki, bir çox hallarda ayrılan subsidiyalar oliqarx məmurların təsərrüfatlarına xidmət edir: “Baxın, indi yeni bağların salınması ilə bağlı şərtlər müəyyən edilib. Şərtlərdən biri odur ki, müasir dövrün tələbinə uyğun suvarma sistemi qurulmalıdır. Bunu isə yalnız imkanlı adamlar edə bilər. Bu da kimlərdir? Əlbəttə ki, əsasən oliqarx məmurlar. Biz görürük ki, son bir neçə ildə ayrılan subsidiyaların həcmini artırıblar. İlk mərhələdə səhv etmirəmsə 70-80 milyon nəzərdə tutulurdusa, indi artıq bu rəqəm 400 milyon manatı keçib. Bu, onunla bağlıdır ki, son bir neçə ildə onlar böyük fermer təsərrüfatları yaradıblar. Ayrılan subsidiyanın çox hissəsi onların biznesini stimullaşdırır”.

Mütəxəssis deyir ki, subsidiya məsələsi bununla da bitmir: “Onlar bir tərəfdən həm subsidiya alırlar, həm də bu sahəyə dövlət büdcəsindən vəsait ayrılır. Məsələn, aqroparklar üçün 1,1 milyard manat ayrılıb. Aqroparkların yaradılması üçün də çoxsaylı güzəştlər var ki, həmin məmurlar bundan istifadə edə bilərlər. İndi deyirlər ki, aqroparklara ayrılan subsidiyalardan hər kəs bəhrələnir”.

Vahid Məhərrəmli vurğulayır ki, əslində bundan bəhrələnənlər əsasən oliqarx məmurlardır: “Keçən ilə kimi ayrılan subsidiyanın 75 faizi istehsal vasitəsinin əldə edilməsinə yönəlirdi - yəni, gübrələrin alınmasına. Onların satışını da o oliqarx məmurlara yaxın adamlar həyata keçirirdi. Oliqarx yaxınlarının gətirdikləri gübrələrin keyfiyyəti isə aşağı idi. Deməli, daha ucuz alıb, daha baha qiymətə kəndlilərə məcbur satırdılar. Çünki şərt belə idi ki, kəndli aldığı subsidiyanın 75 faizini gübrəyə verməli idi. Bu yolla subsidiya kimi ayrılan vəsaitin bir hissəsi birbaşa onların cibinə gedirdi. Bu kimi fəndlərlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

 

Turqut