Logo
news content
User
Kateqoriyalar

Analitika

O niyə tələsir və nəyə ümid edir?
“Paşinyan Ermənistan cəmiyyətini “yemləməklə” məşğuldur”

Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.

2024-ün bitməsinə bir ay qalır, Paşinyanın sülh müqaviləsini imzalamaq üçün ümidi və nümayiş etdirdiyi optimizm isə azalmır. Noyabrın 11-ə qədər verdiyi açıqlamalar da COP29-un başlamasına qədərki vaxtı hədəf götürsə də, ortada heç bir nəticə yoxdur.

Onu da xatırladaq ki, COP29-a Ermənistan tərəfi dəvət olunsa da, onlar bu tədbirdə iştirak etmədi. Bəlkə də sülh müqaviləsinin, hətta çərçivə müqaviləsinin imzalanması üçün zəmin elə həmin iştirakda yarana bilərdi. 

Müşahidəçilər isə düşünürlər ki, Paşinyanın budəfəki həyəcanı başqa səbəblə əlaqəli ola bilər. ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldi, Ermənistanın maraqlarının müdafiəçisi kimi tanınan demokratlar hakimiyyəti  təhvil verməyə hazırlaşırlar. Belə mülahizələr var ki, məqsəd, Trampın andiçməsinə qədər, Baydenin prezidentliyi dövründə həmin müqaviləni imzalamaq və daha sərfəli şərtləri qarantiya altına almaqdır.

Bəs, əslində necədir? Paşinyanın tələskənliyinə əsas səbəb budurmu? Yoxsa başqa hansısa planlarmı var? Ümumiyyətlə Azərbaycan hökumətinin hazırlığı Paşinyanın dediklərinə və planlarına adekvatdırmı?

Mövzu ilə bağlı Pressklub.az- açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, il ərzində ancaq sülh müqaviləsi ilə bağlı söhbətlər gedir, hətta keçən il də müqavilənin ilin axrınadək bağlanılması ilə bağlı iddialar da yayılmışdı: “Amma ABŞ ilə Avropa ölkələrinin Qarabağ erməniləri məsələsində Ermənistana dəstək göstərməsi, sərhəd boyunca Aİ nəzarətçilərinin yerləşdirilməsi, Fransanın silah satmağa başlaması Paşinyana ümid verdi ki, o, vaxt udmalıdır, gec-tez Azərbaycan da xarici təzyiq altında öz mövqeyini nə vaxtsa yumşaldacaq. Ermənistanın bu mövqeyi noyabra, yəni ABŞ-dəki seçkilərə qədər davam edirdi. Doğurdan da, Demokratlar partiyası bu məsələdə ermənilərin tərəfində dayana bilərdi”. 

A.İsazadə deyir ki, bir neçə il öncə Bayden Demokratiya Sammiti adı altında ölkə başçılarını görüşə dəvət eləmişdi. Ölkə başçılarının arasında Paşinyan da var idi. Amma Bayden “demokrat” olmadığını düşünən ölkə rəhbərlərini oraya dəvət etməmişdi. Paşinyan da özünü Cənubi Qafqazda demokratiya uğrunda mübarizə aparan şəxs kimi göstərirdi: “Demokratlar partiyasi uduzdu. Ən yaxşı halda, Tramp Cənubi Qafqazda gedən məsələlərə fikir verməyəcək. Belə olduqda isə Ermənistan Azərbaycanla təkbətək qalacaq. Yox, Tramp hansısa layihələrə görə Cənubi Qafqazı diqqət mərkəzində saxlasa, Azərbaycan ABŞ üçün daha əlverişli partnyora çevriləcək. Hətta Azərbaycana hansısa formada siyasi dəstək də verə bilər”.

Müsahibimizin fikrincə, Tramp Azərbaycanla bağlı bədnam “907-ci düzəliş”i yenə dondura, ya da hansısa fərqli addımlar ata bilər. Paşinyan bunu başa düşür, ona görə də çalışacaq ki, Tramp hakimiyyətə gələnə qədər müqaviləni hansısa formada imzalatsın. Çünki bilir ki, bu ilin sonuna qədər müqavilə bağlanmasa, gələn il daha çətin olacaq və şərtlər daha da ağırlaşacaq. 

“Nikol Paşinyan Ermənistanın baş naziridir və hökumətin başçısı kimi dövlətin qarşısında duran problemlərlə bağlı zaman-zaman cəmiyyətə müəyyən mesajlar, fikirlər verməyə məhkumdur. Belə demək olar ki, siyasi liderlər cəmiyyəti müəyyən ümid və gözləntilərlə “yemləməyə” məhkumdurlar”. 

Bu sözləri isə politoloq Xaqani Cəfərli saytımıza açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bunun əksi siyasi liderin siyasi sonu olar. Paşinyan da bunu bilir və erməni cəmiyyətini “yemləməklə” məşğuldur: “Ancaq özü yaxşı da bilir ki, sülh müqaviləsinin imzalanması üçün əlverişli geosiyasi vəziyyət olmalıdır. Hələlik isə belə əlverişli geosiyasi vəziyyət yoxdur. Donald Trampın prezident seçilməsi sülh müqaviləsinin imzalanması üçün əlverişli geosiyasi vəziyyətin yaranmasını sürətləndirə bilər. Unutmamalıyıq ki, böyük dövlətlərin, beynəlxalq təşkilatların gündəmində Azərbaycan Ermənistan münaqişəsindən daha önəmli məsələlər var. Şərqi Avropadakı müharibə və Yaxın Şərqdəki münaqişə bütün münaqişələri kölgədə qoyub”. 

Politoloq deyir ki, Azərbaycan hökumətinin vəzifəsi proseslərin istənilən inkişafına hazır olmaqdır. Buna da böyük ölçüdə hazırlıq var. Amma bəzən dünyada baş verən bir hadisə tamamilə yeni vəziyyət yaradır. Yeni yaranmış vəziyyət isə risklər və imkanlara yola açır. “Dövlətin vəzifəsi riskləri aradan qaldırmaq üçün sürətli cavab tədbirləri hazırlamaq, yaranmış imkanlardan maksimum faydalanmaqdır” – politoloq qeyd edib.

Burla