Türkiyədə 2000 illik Olimpiya üzgüçülük hovuzu tapıldı: Hansı məqsədlər üçün istifadə olunurdu? - FOTO
17 İyul 2026
Türkiyənin Aydın vilayətində 2 000 illik tarixə malik Tralleis antik şəhərində aparılan qazıntılar zamanı dövrünün "Olimpiya" hovuzlarından biri hesab olunan üzgüçülük hovuzu aşkar edilib.
Bu barədə “Haber Global” xəbər verir.
Efeler rayonunda, şəhər mərkəzindən 3 kilometr məsafədə yerləşən qədim şəhərdəki qazıntılar Aydın Adnan Menderes Universitetinin Arxeologiya kafedrasının müəllimi, professor Murat Çekilmezin rəhbərliyi ilə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Gələcək üçün miras" layihəsi çərçivəsində aparılır. Qazıntı işləri 40 min kvadratmetrlik hamam kompleksində davam etdirilir.
"Apardığımız qazıntılar zamanı uzunluğu 37 metr, eni 12 metr olan soyuq su üzgüçülük hovuzu aşkar etdik. Antik dövrdə belə hovuzlar xüsusilə hamam komplekslərinin mərkəzi hissəsində yerləşirdi. Tralleisdəki nümunə təxminən 300 nəfərlik tutuma malikdir", - deyə professor bildirib.
Murat Çekilmezin sözlərinə görə, yay aylarında hamama gələnlər bu hovuzdan sərinləmək üçün istifadə ediblər. Tikilinin arxasında gimnaziya (çoxməqsədli təhsil kompleksi) olduğu üçün orada təhsil alanların da hovuzdan yararlandığı ehtimal edilir:
"Hamam-gimnaziya kompleksindən gündəlik 3-5 min nəfərin istifadə etdiyini düşünürük. Burada təhsil alan uşaqların peşəkar idmançı olmaları gözlənilirdi və üzgüçülük onlar üçün çox vacib idi. Bu hovuz antik dövr üçün "Olimpiya" hovuzu sayıla biləcək ölçüdədir. İdmançılar buradan yetişərək digər şəhərlərdəki yarışlara qatılırdılar. Antik dövrün standartlarına uyğun olaraq, hovuzun dərinliyi 1.5 metrdir".









