Tramp Nobel sülh mükafatını Venesuela müxalifətinin liderinin əlindən aldı
16 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda Ağ Evdə nahar süfrəsi ətrafında görüşüblər.
Bu barədə "Reuters" xəbər yayıb.
İki siyasətçinin ilk görüşü təxminən bir saat davam edib. Ağ Evdən çıxdıqdan sonra Maçado görüşün əla keçdiyini bildirib. Maçado görüş zamanı ötən ilin oktyabrında ona verilən Nobel Sülh Mükafatını Trampa hədiyyə edib.
Tramp görüşdən sonra Maçado tərəfindən ona Nobel sülh mükafatının hədiyyə edilməsini hörmət əlaməti adlandırıb.
O, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp bildirib ki, çox şeydən keçmiş gözəl bir qadın adlandırdığı Maçado ilə görüşmək böyük şərəf idi. "Mariya mənə Nobel sülh mükafatını gördüyüm işə görə verdi. Qarşılıqlı hörmətin nə gözəl əlaməti. Təşəkkür edirəm, Mariya", - Ağ Ev rəhbəri yazıb.
Öz növbəsində, Nobel Komitəsi əvvəllər mükafatın verilməsi qərarının yekun olduğunu, yenidən baxıla bilməyəcəyini, mükafatın geri qaytarılmadığını, bölünə və ya başqa şəxslərə verilə bilməyəcəyini bildirib.
Tramp görüşün nəticəsi ilə bağlı əlavə şərh verməyib. Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat brifinqində məsələyə toxunub: "Bilirəm ki, Prezident bu görüşü səbirsizliklə gözləyirdi və xanım Maçado ilə yaxşı, konstruktiv söhbətə ümid edirdi - o, həqiqətən də bir çox venesuelalı üçün gözəl və cəsarətli bir səsdir.
O, qeyd edib ki, Tramp Maçadonun Venesuelaya rəhbərlik etmək üçün lazımi dəstəyin olmaması fikrini dəyişməyib. Levitt əlavə edib ki, ABŞ Prezidenti Venesuelada seçkilərin keçiriləcəyinə ümid edir, lakin konkret müddət göstərməyib.