Tramp neftin qiymətini kəskin artırdı
14 İyul 2026
ABŞ Prezidenti Donald Trampın İranın dəniz blokadasının bərpa edilməsi barədə bəyanatından sonra dünyada neftin qiyməti kəskin artıb.
Bazar ertəsi – iyulun 13-də Asiya birjalarında səhmlər ucuzlaşıb. Buna Fars körfəzində döyüşlərin şiddətlənməsi, İranın strateji əhəmiyyətli Hörmüz boğazını bağladığını bəyan etməsi səbəb olub. Neft kəskin bahalanıb, dünyada inflyasiya riskləri yenidən artıb.
Brent markalı neftin qiyməti 9 faizdən çox artıb və bir barel üçün 83 dolları keçib.
ABŞ rəsmiləri bildiriblər ki, son 24 saat ərzində təxminən 20 gəmi Hörmüz boğazından hərbi müşayiətlə keçirilib. Amma gəmi izləmə sistemlərinin məlumatları boğazda hərəkətin hələ də çox zəif olduğunu göstərir.
“Reuters” yazır ki, səhm investorları əsas diqqəti maliyyə hesabatları mövsümünə yönəldib. Xüsusilə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdən rekord mənfəət gözlənilir. Böyük banklar sabahdan – iyulun 14-dən hesabat açıqlamağa başlayacaq. Həftə ərzində Netflix və General Electric də maliyyə hesabatlarını dərc edəcək.
ABŞ-ın S&P 500 indeksinin fyuçersləri 0,6 faiz, Nasdaq fyuçersləri isə 1,3 faiz ucuzlaşıb.
Avropada EURO STOXX 50 fyuçersləri 0,9 faiz, Almaniyanın DAX fyuçersləri 1 faiz, Böyük Britaniyanın FTSE fyuçersləri isə 0,3 faiz geriləyib.
Yaponiyanın Nikkei indeksi 2,2 faiz enib. İndeks ötən həftə də 1,7 faiz itirmişdi.
MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunu əhatələyən əsas indeksi isə 1,8 faiz düşüb.
Qiymət artımı Trampın "Truth Social"da blokadanın bərpa olunduğunu elan etdiyi paylaşımından sonra baş verib. Onun sözlərinə görə, məhdudiyyətlər yalnız İran gəmilərinə və onların müştərilərinə şamil ediləcək, digər ölkələr üçün isə Hörmüz boğazı açıq qalacaq.