Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp İrana qarşı hərbi əməliyyatı genişləndirmək niyyətindədir

Ağ Evin rəhbəri Donald Tramp aparıcı müşavirləri ilə məsləhətləşmələrdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə getdikcə daha çox meyllənir.

Bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumatlı mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının nəzərdən keçirdiyi variantlar arasında İranın ərazisinə endirilən hava zərbələrinin intensivləşdirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara nəzarəti təmin etmək üçün quru qoşunlarının göndərilməsi, eləcə də İranın enerji infrastrukturuna zərbələrin endirilməsi yer alır.

Bununla yanaşı, ABŞ rəhbərliyindəki bir sıra nümayəndələr WSJ-yə bildiriblər ki, Tramp İranda quru qoşunları kontingentinin yerləşdirilməsindən yayınmağa üstünlük verir.

Qəzet xatırladıb ki, Tramp artıq dəfələrlə Xark adasına və İranın neft sənayesinə nəzarəti ələ keçirmək niyyətində olması ilə bağlı bəyanatlarından geri çəkilib.

WSJ xəbərdarlıq edir ki, əgər prezident buna baxmayaraq belə tədbirlərin həyata keçirilməsinə razılıq versə, ABŞ üçün qarşıdurmanın ən təhlükəli mərhələsi başlayacaq.

Nəşr qeyd edir ki, hadisələrin bu cür inkişafı Vaşinqtonun Yaxın Şərqdəki qarşıdurmaya daha dərindən cəlb olunmasına gətirib çıxaracaq. Bu isə yanacağın qiymətinin artmasına və noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə Respublikaçılar Partiyasının seçki perspektivlərinin pisləşməsinə səbəb ola bilər.