Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Harvarda qarşı - Administrasiya uduzdu

ABŞ-də federal hakim Donald Tramp administrasiyasının Harvard Universitetinə qarşı irəli sürdüyü antisemitizm iddiasını rədd edib. Hakim universitetin yəhudi tələbələrə qarşı təhqir və təqiblərə göz yumduğu barədə iddiaların hüquqi baxımdan kifayət qədər əsaslandırılmadığı qənaətinə gəlib.

Massaçusets ştatında federal hakim Riçard G. Sterns Tramp administrasiyasının Harvard Universitetinin rəsmilərinə qarşı qaldırdığı iddia üzrə qərarını açıqlayıb.

Sterns administrasiyanın təqdim etdiyi hadisələri əsasən “təcrid olunmuş və müvəqqəti” hallar kimi qiymətləndirib. O, bu hadisələrin 1964-cü il Vətəndaş Hüquqları Qanununun pozulması üçün yetərli hüquqi əsas yaratmadığını bildirib və işin davam etdirilməsini dayandırıb.

Hakim Sterns qeyd edib ki, mart ayında qaldırılan iddia əsasən 2023-2024-cü tədris ilində baş verdiyi bildirilən hadisələrə, həmçinin 2025-ci ilin martında qeydə alınan bir neçə hadisəyə əsaslanır.

Onun qənaətinə görə, təqdim olunan faktlar Harvard Universitetində davamlı antisemitizm praktikasının mövcud olduğunu göstərmir.

ABŞ Ədliyyə Nazirliyinin Mülki Hüquqlar şöbəsinin rəhbəri Hermit Dillon qərarla razılaşmadıqlarını bildirib.

“Biz qərarla razı deyilik və növbəti addımlarımızı qiymətləndiririk”, - deyə Dillon bildirib.

Qeyd edək ki, Tramp administrasiyası iddia edirdi ki, 2023-cü ilin oktyabrından sonra Harvard Universitetində keçirilən etiraz aksiyaları zamanı universitet rəhbərliyi yəhudi tələbələri qorumaq üçün kifayət qədər tədbir görməyib.

İddiaya görə, bəzi yəhudi tələbələr tüpürülmə, fiziki hücum və təqiblərlə üzləşib.

Harvard isə Tramp administrasiyasının universitetə qarşı təzyiqlərini məhkəmədə mübahisələndirib.

Tramp administrasiyası daha əvvəl Harvard Universitetinə ayrılan federal maliyyənin 2,6 milyard dollar həcmində azaldılacağını açıqlamışdı. Bu qərar 3 sentyabr 2025-ci ildə ABŞ Rayon Hakimi Allison Burrouz tərəfindən bloklanmışdı.