Uitkoff Rusiya Prezidenti ilə danışıqları konstruktiv adlandırıb
22 Oktyabr 2026
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə danışıqları konstruktiv adlandırıb, həmçinin ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli formatda müzakirələri davam etdirmək planları barədə məlumat verib.
Bu barədə Uitkoff "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, o, Cared Kuşnerlə birlikdə Oslo və Sankt-Peterburqda ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsünün irəlilədilməsinə yönəlmiş Rusiya, Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə görüşlər keçirib.
"Osloda Prezident Zelenski ilə görüşdə əldə edilmiş irəliləyişi inkişaf etdirmək, sülh yolu ilə nizamlanmanın çərçivə prinsiplərini müzakirə etmək və ailəsinin yanına, evinə qayıda bilən Amerika vətəndaşı Stiven Habbardın azad edilməsinə görə təşəkkür etmək üçün Sankt-Peterburqda Prezident Putinlə görüşdük", - Uitkoff yazıb.
O vurğulayıb ki, danışıqlar konstruktiv xarakter daşıyıb və texniki səviyyədə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli formatda davam etdiriləcək.
"Qarşıda hələ görüləcək vacib işlərin olmasına baxmayaraq, Prezident Tramp bu müharibənin dayandırılmasına və gələcək nəsillər üçün təhlükəsizliyi və rifahı təmin edəcək hərtərəfli, davamlı sülhün əldə olunmasına əvvəlkitək sadiqdir", - xüsusi elçi əlavə edib.