"Təhlükəsizlik tələsi": İran əsilli amerikalı jurnalist artıq iki ildir həbsdədir
23 Sentyabr 2026
ABŞ və İran vətəndaşı, AzadlıqRadiosunun fars xidmətinin (Radio Fərda) keçmiş jurnalisti Rza Vəlizadənin İranda həbsdə saxlanmasının iki ili tamam olur.
Vəlizadə 2024-cü ilin dekabrında "düşmən hökumətlə əməkdaşlıq" ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. Onun tərəfdarları və mətbuat azadlığını müdafiə edən təşkilatlar bu ittihamı əsassız sayır. Vəlizadənin apellyasiya şikayəti də təmin olunmayıb.
O, "Radio Fərda"da 10 il çalışdıqdan sonra 2022-ci ilin noyabrında işdən ayrılıb. 2024-cü ilin əvvəlində ailəsinə baş çəkmək üçün İrana gedib, həmin il sentyabrın 22-də saxlanılıb və məhkəməyədək həbsdə saxlanılıb.
Məhsa Əmini 2022-ci ilin sentyabrında polis nəzarətində öləndən sonra İran hakimiyyəti istənilən narazılığa qarşı qəddar repressiyalara başlayıb. Əmini guya hicab qaydalarını pozmaqda ittiham olunaraq saxlandıqdan sonra vəfat etmişdi. Onun ölümündən sonra ölkədə "Qadın, Həyat, Azadlıq" hərəkatı başlanıb.
"Təhlükəsizlik tələsi"
Vəlizadə də İran hakimiyyətini 90 milyonluq əhalisi olan ölkəni müharibəyə sürükləməkdə ittiham edir, mübahisəli nüvə proqramını, insan hüquqlarının pozulmasını buna əsas gətirirdi.
ABŞ və İsrail fevralın sonlarında İranı bombalamağa başlayıb. Müharibə yüzlərlə iranlının ölümünə səbəb olub, ölkədəki iqtisadi böhran daha da ağırlaşıb, narazılara qarşı repressiyalar güclənib.
Vəlizadəyə yaxın mənbələrin iddiasına görə, o, "təhlükəsizlik tələsi"nə düşüb. Belə ki, İranın təhlükəsizlik rəsmiləri ölkəyə qayıdacağı halda, onun heç bir hüquqi problemlə üzləşməyəcəyi barədə qeyri-rəsmi təminat veriblərmiş.
ABŞ Dövlət Departamenti Vəlizadənin həbsini pisləyib, "ədalətsiz" və "beynəlxalq hüquq normalarına zidd" adlandırıb.
İkili vətəndaşlığı olanlar təzyiq alətinə çevrilir
"Sərhədsiz Reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi daxil, mətbuat azadlığını müdafiə edən qurumlar İran hakimiyyətini Vəlizadəni dərhal azadlığa buraxmağa çağırıblar.
İran ikili vətəndaşlığı olan şəxsləri və xarici ölkə vətəndaşlarını saxta ittihamlarla həbs edərək Qərb ölkələrinə qarşı təzyiq vasitəsinə çevirməkdə ittiham olunur. 2023-cü ilin sentyabrında məhbus mübadiləsi çərçivəsində Tehran beş amerikalını həbsdən buraxmışdı.
Bu ayın əvvəlində 71 yaşlı İran əsilli ABŞ vətəndaşı Kamran Hikməti Tehrandakı bədnam Evin həbsxanasından azad olunub. Ailəsinin dediyinə görə, ölkədən çıxışına qadağa qoyulduğu üçün o, İranı tərk edə bilmir.
İran mətbuat azadlığı baxımından da dünyanın ən repressiv ölkələrindən biridir. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində İran 180 ölkə arasında 177-ci yerdə qərarlaşıb. Siyahıda yalnız Çin, Şimali Koreya və Eritreya ondan daha aşağı pillələrdə yer alıb. RSF İranın jurnalistləri ən çox həbs edən ölkələrdən biri olduğunu vurğulayır.