Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya həbsxanasında uşaq qatili öldürülüb – məhbus əməlini etiraf edib

Noyabrın 24-də Britaniyada məhbus iki məktəbli qızın qatili İan Hantlini bu ilin əvvəlində ciddi rejimli həbsxanada döyərək öldürdüyünü etiraf edib.

Entoni Rassel bundan əvvəl Hantlini qəsdən öldürmədiyini demişdi. Amma Nyukasl Kral Məhkəməsində keçirilən prosesin ikinci günündə o, ifadəsini dəyişib.

Prokurorların sözlərinə görə, Rassel fevralda İngiltərənin şimalındakı Franklend həbsxanasında Hantlinin başına metal çubuqla dəfələrlə zərbə endirərək onu soyuqqanlılıqla öldürüb, sonra isə nəzarətçilərə "Ümid edirəm, ölüb" deyib.

Rassel barədə yeni hökm noyabrın 24-də günün ikinci yarısında oxunacaq. O, hazırda üç qətl və zorlama cinayətinə görə ömürlük həbs cəzası çəkir və vaxtından əvvəl azadlığa buraxılmaq hüququ yoxdur.

Hantli 2002-ci ildə 10 yaşlı Holli Uells və Cessika Çepmeni öldürməkdə təqsirli bilinib. 2003-cü ildə keçirilən məhkəmə prosesi dünya mediasında geniş işıqlandırılmışdı.

52 yaşlı Hantliyə ömürlük həbs cəzası kəsilmişdi. O, Rasselin hücumuna məruz qalandan sonra martda ölüb.

2025-ci ilin oktyabrında isə uşaqlara qarşı cinsi zorakılıq cinayətlərinə görə həbsdə olan İan Uotkins də həbsxanada öldürülüb. O, Uelsin "Lostprophets" rok qrupunun keçmiş solisti idi.