Logo
news content
User
Kateqoriyalar

Xəbər

Memarlıq abidəsinin tarixi qapısını şüşə ilə əvəzləyiblər - FOTOLAR

Dünən Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.

Bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

“Şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil. Son bir il ərzində tariximizi şüşə ilə əvəz etmək üçün artıq ikinci cəhddir! Odur ki, birbaşa obyektin sahiblərinə müraciət edirəm: özünüzü biabır etməyin və tarixi qapını öz qanuni yerinə qaytarın!”, - o bildirib.

Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir.

“Xüsusi mülkiyyətdə olan həmin qeyri-yaşayış sahəsinin uzun illərdir istifadə olunan giriş qapısı istismara yararsız olduğundan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müvafiq razılıq sənədi əsasında təmir və restavrasiya olunması məqsədilə müvəqqəti olaraq dəyişdirilmişdir”, - deyə məlumatda vurğulanıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən memarlıq abidəsinə baxış keçirilib və qanunsuz müdaxilə aşkarlanıb: “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub. 

Hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.

Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin konstitusion borcudur”. (Qafqazinfo)