Logo
news content
User
Kateqoriyalar

Xəbər

Senatorlar Vəlizadəyə görə Rubioya müraciət etdilər

ABŞ Konqresinin dörd senatoru dövlət katibi Marko Rubioya məktub yazaraq AzadlıqRadiosunun keçmiş jurnalisti Rza Vəlizadənin azadlığa buraxılmasını təcili prioritet hesab etməyə çağırıb. R.Vəlizadə 2024-cü ilin sentyabrından bəri İranda həbsdə saxlanılır.

Məktubu senatorlar Brayan Şats (Demokrat), Ceki Rozen (Demokrat), Marşa Blekbern (Respublikaçı) və Devid Makkormik (Respublikaçı) imzalayıblar.

"İran rəsmiləri ilə əlaqə qurmaq üçün bütün mümkün kanallardan istifadə olunmasını, onun tezliklə buraxılması və sağ-salamat qalmasının ən vacib işə çevrilməsini xahiş edirik", – senatorlar sentyabrın 22-də yayımlanan məktubda yazıblar.

Bu məktub dərc olunan vaxt dünya liderləri, o cümlədən İran prezidenti Məsud Pezeşkian BMT-nin iclası üçün Nyu-Yorka toplaşıblar. Donald Tramp bundan əvvəl Pezeşkianla görüşməyə hazır olduğunu bildirmişdi.

Senatorların sözlərinə görə, Tehrandakı Evin həbsxanasında saxlanılan Vəlizadənin səhhəti xeyli pisləşib, ona tibbi yardım göstərilmir, hətta astma xəstəliyi üçün lazım olan dərmanı (inhalyatoru) belə vermirlər.

"Həbsdə qaldığı hər gün cənab Vəlizadənin həyatı təhlükə altındadır", – onlar xəbərdarlıq ediblər.