Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəhid anası fəryad edir, İcra Hakimiyyətindən isə "yalandır" deyirlər

Sosial şəbəkələrdə Füzuli rayonundan olan Vətən müharibəsi şəhidi İlham Abbasovun anası Qönçə Abbasovanın səs yazısı yayılıb.

Həmin səs yazısında sosial problemlərinin olduğunu deyən ana işə düzəlmək üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, oğlunun icra başçısı tərəfindən təhqir edildiyini iddia edib: “Bir ildən çoxdur oğlumu itirmişəm. Ailəmizdə işləyən bir oğlum idi. 7 nəfərlik ailə ancaq şəhidə görə verilən pulla dolanır. İcra başçısının yanına gedirəm, məni təhqir edir, deyir pandemiyadır, yaxın gəlmə. İcra başçısı Alı müəllim oğlumun arxasınca təpik atıb, stul atıb. Uşağımı işə götürmürlər, deyirlər iş yoxdur”.



Yayılmış səs yazısı ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən isə “Qafqazinfo”ya bildirilib ki, yayılan səs yazısındakı ifadələr həqiqətə uyğun deyil: “Füzuli RİH başçısı məzuniyyətdə olduğundan rayonda yoxdur. Şəhidin ailə üzüvlərini RİH başçısının müavinləri Vüqar Teymurov və Gülbahar Eyvazova qəbul edib. Şəhid anası Abbasova Qönçə Şiraslan qızı Füzuli rayonu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır. Hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Şəhid ailəsi kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb və müvafiq sənədlər aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. 11 000 manat birdəfəlik sığorta ödənişi, 3000 manat dəfn xərci, Heydər Əliyev Fondu tərəfindən 10 000 manat, “YAŞAT” Fondu tərəfindən isə 5842 manat maddi yardım olunub. Füzuli rayon “Qayıdış” 3 nömrəli tam orta məktəbdə sinfə Şəhid Abbasov İlham Əli oğlunun  adı verilib”.

İcra Hakimiyyətindən həmçinin bildirilib ki, şəhidin qardaşına iş təklif olunsa da, imtina edib: “Şəhidin qardaşı Abbasov Xaliq Əli oğlunun heç bir ali və orta ixtisas təhsili yoxdur. Ona 15.12.2020-ci ildə 17 Saylı Ərazi Məşğulluq mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş iribuynuzlu heyvan və 400 kq yem verilib. Əlavə olaraq, DOST iş mərkəzində işlə təmin olunmaq üçün sənədləri göndərilib, lakin özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanla təmin olunduğu üçün imtina gəlib. Füzuli Aqroparkda və Qaçqınların və Məcburi Köçkünlərin Mənzil İstismar Departamentinin Füzuli rayon şöbəsində iş təklif olunub, lakin imtina edib. Hər bir bölgədə olduğu kimi Füzuli rayonunda da şəhid ailələri, qazilər və müharibə iştirakiçıları daim diqqət məkəzindədir. Rayon rəhbərliyi tərəfindən və onun tapşırıqlarına əsasən onlar mütamadi olaraq ziyarət edilir, problemləri dinlənilir və  həlli istiqamətində müvafiq işlər görülür”. (Qafqazinfo)