Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Avropanı kənarda saxladı? – Əbu-Dabi görüşü üçtərəfli olacaq

Avropa İttifaqı (Aİ) Ukrayna, Rusiya və ABŞ arasında keçiriləcək növbəti sülh danışıqlarında iştirak etmək niyyətindədir.

Bu barədə “Euronews” məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüssel üçtərəfli danışıqlar formatının genişləndirilməsini və Avropa nümayəndələrinin də prosesə cəlb olunmasını istəyir.

Bildirilib ki, Aİ-nin əsas məqsədlərindən biri ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməkdir. Avropa rəsmiləri Vaşinqtonun siyasətindəki dəyişikliklərdən narahat olduqlarını bildirirlər.

Avropa Komissiyasının baş sözçüsünün müavini Ariana Podesta qeyd edib ki, növbəti danışıqların yüksəkvəzifəli nümayəndələrin iştirakı ilə çoxtərəfli formatda keçirilməsi gözlənilir.

“Biz hər zaman Ukraynanın güclü mövqedə olmasına çalışmışıq və ədalətli, davamlı sülhün əldə olunması üçün fəaliyyət göstərmişik”, – deyə Podesta bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı danışıqlarda həm Avropa Komissiyası, həm də Avropa İttifaqı Şurası səviyyəsində təmsil olunmalıdır.

Bununla belə, Avropa rəsmilərinin Rusiya nümayəndələri ilə birbaşa görüşüb-görüşməyəcəyi açıqlanmayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacağını deyib. Görüş noyabrın ilk yarısına planlaşdırıldığı bildirilsə də, dəqiq tarixi hələlik məlum deyil.

Peskov Rusiya prezidenti Vladimir Putinin danışıqların mövzusunu artıq müəyyənləşdirdiyini vurğulayıb: "Mövzu – sülh nizamlanmasına nail olunduqdan sonra hər iki ölkənin, yəni Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsidir".

Avropanın da bu prosesə qoşulma ehtimalı barədə suala cavab verən Kremlin sözçüsü bunları deyib: "Əvvəlcədən heç nəyi istisna etmək olmaz. Amma hazırda bəhs etdiyimiz bu danışıqlar məhz üçtərəfli formatda keçiriləcək".

Bundan əvvəl "The Telegraph" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Avropa liderləri Ukraynadakı müharibəyə son qoyulması məqsədilə Putinlə danışıqlar aparacaq vahid nümayəndə qismində beş namizədi nəzərdən keçirirlər. Bunlar İtaliyanın baş naziri Corca Meloni, Finlandiya prezidenti Aleksandr Stubb, Çexiya prezidenti Petr Pavel, Danimarkanın baş naziri Mette Frederiksen və Norveçin baş naziri Yonas Qar Störedir.

Üçtərəfli danışıqların bərpası məsələsi oktyabrın 21-də Sankt-Peterburqda Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüşdə müzakirə olunub.

Ukrayna prezidenti Volodimir Zelenski də rəsmi Kiyevin ABŞ tərəfindən irəli sürülən bu üçtərəfli danışıqlar təklifini dəstəklədiyini bəyan edib.