Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəkidə icra hakimiyyətinin keçmiş şöbə müdirinə 9 il həbs cəzası kəsilib

Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin keçmiş müdiri Tural Məmmədov azadlıqdan məhrum edilib. O, Şəkidə şəhid ailələri və müharibə iştirakçıları üçün tikilən binalardan mənzil və avtomobil verilməsi, habelə pensiya təminatı, iş yerinin tapılması və müharibə veteranı adının alınması kimi vədlərlə insanlardan pul almaqda ittiham olunurdu.

T.Məmmədov 2021-2025-ci illərdə bu vəzifədə işləyib. O, 2025-ci ildə Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin şikayətləri əsasında həbs olunub.

Cinayət işi üzrə ümumilikdə 27 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Zərərçəkənlərin bəziləri bankdan kredit götürərək, bəziləri isə mal-qarasını sataraq əldə etdiyi pulu T.Məmmədova verdiyini deyib. Onlar məhkəmədə mülki iddia qaldıraraq pullarının qaytarılmasını tələb ediblər. Keçmiş şöbə müdirinə qarşı ümumilikdə 95 min 700 manatlıq mülki iddia irəli sürülsə də, o, bu məbləğin cəmi 5 min 800 manatını geri qaytarıb.

"Niyə tək ittiham olunuram?"

Həm dələduzluq, həm də rüşvət almaqda ittiham olunan T.Məmmədov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O, dələduzluq ittihamı ilə razılaşsa da, rüşvət aldığını rədd edib. Keçmiş müdir bildirib ki, ilk məhkəmə iclasında bir neçə nəfərin adını çəkəndən sonra ona qarşı təzyiq və hədə-qorxular başlanıb: "Mənzil komissiyası ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Sərəncam sənədlərində imzam varmı? Yoxdur. Mən niyə tək ittiham olunuram? Mən mənzil verənəm?!".

Keçmiş şöbə müdiri məhkəmədə zərərçəkmişlərin bir neçəsindən pul aldığını etiraf edib. Amma onun sözlərinə görə, elə adamlar var ki, onlarla indiyədək nə telefonla danışıb, nə görüşüb, nə də pul alıb. O, həmin şəxslərin yalan danışdığını və öyrədilərək bu işə qoşulduğunu bildirib.

T.Məmmədov zərərçəkənlərin bəzilərinin ifadələrindəki məbləğlərin şişirdildiyini deyir: "Əgər pullarla bağlı sübutları varsa, məhkəməyə təqdim etməlidirlər".

Keçmiş şöbə müdirinin arqumentlərinə baxmayaraq, Şəki Ağır Cinayətlər Məhkəməsi onu həm dələduzluq, həm də rüşvət alma ittihamları ilə təqsirli hesab edib. Onun barəsində bir ilə yaxın davam edən məhkəmə araşdırmaları oktyabrın 16-da yekunlaşıb və məhkəmənin hökmü ilə T.Məmmədova 9 il həbs cəzası kəsilib. Həmçinin onun üzərinə zərərçəkmişlərə dəymiş ümumilikdə 94 min 900 manatlıq ziyanı ödəmək öhdəliyi qoyulub.